Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəriman Əliyev bildirib.
O qeyd edib ki, belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən etibarən bütün dünya üzrə ümimi daxili məhsul istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb:
“Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın sosial-iqtisadi inkişafını, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrini olduqca yüksək qiymətləndirirlər. Bu yaxınlarda nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər”.
N.Əliyev qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq miqyasda həm demokratik dövlət, həm özünəməxsus inkişaf modelinə malik olan ölkə, həm də etibarlı tərəfdaş kimi tanınır:
“Şübhəsiz ki, bu, uğurlu, müasir çağırışlara cavab verən daxili və xarici siyasət sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu – inkişaf siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan ötən müddət ərzində çox mühüm nailiyyətlər əldə edilib, bütün sahələrin tərəqqisinə nail olmağı bacarıb. Heç şübhəsiz, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır.
İnkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açıb. Azərbaycan bu gün sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə etibarlı sabitlik mühiti hökm sürür. Şübhəsiz ki, bu, davamlı iqtisadi inkişafa təkan verir və yeni uğurların əldə edilməsini şərtləndirir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı davamlı və dinamik xarakter daşıyır”.
Deputat əlavə edib ki, ötən 15 il ərzində ərzində qazanılmış nailiyyətlərin fonunda Azərbaycanın beynəlxalq nüfuzu da kifayət qədər artıb:
“Ölkəmiz beynəlxalq miqyasda müsbət imicə malikdir. Nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, tolerant Azərbaycan həm də multikulturalizm ideyalarını uğurla təbliğ və təşviq edir, sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bir sözlə, həyata keçirilən uğurlu daxili və xarici siyasətin real nəticəsi kimi, müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir”.
Qeyd edək ki, oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 15 ili tamam olur. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Seçicilərin 76 faizi İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də Prezident İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilib. 2008, 2013 və 2018-ci illərdə İlham Əliyev yenidən prezident seçilib.