Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan bir sıra indikatorlar üzrə mövqeyini möhkəmləndirib və irəliyə çıxıb. Yeni metodologiya əsasında müəyyənləşdirilən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib:
“Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir. Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Hazırda yeni metodologiyaya əsasən bunların nəzərə alınmamasına baxmayaraq, ölkəmiz yenə də ön sıralarda qərarlaşıb. Bütövlükdə, hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bura infrastruktur, səhiyyə, informasiya-kommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adlarını qeyd etdiyimiz indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq qeyd olunur və hətta bəzi göstəricilərdə ölkəmiz birinci yerdə qərarlaşıb.
Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla ilk pilləyə yüksəlib. Bu isə mühüm göstəricidir”.
Deputat əlavə edib ki, sözügedən hesabatda ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib:
“Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir”.
Bundan başqa, Azərbaycanın dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşdığını vurğulayan H.Babaoğlu qeyd edib ki, bu reytinq Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı yaradılmış mühüm iqtisadi islahatlarla əlaqədardır:
“Bütün bunlar Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımların strateji baxımdan doğru olduğunu, ölkə iqtisadiyyatının bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametrlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcəyini göstərir”.
Səxavət Həmid