“Google” ilə yanaşı, “Alphabet” şirkətinin tərkibinə daxil olan “Wing” şirkəti Finlandiyada sürücüsüz idarə olunan təyyarələrin köməyi ilə məhsulların çatdırılması xidmətini istifadəyə verib. Yeni xidmət sınaq rejimində 2019-cu ilin yazında Helsinkinin bəzi rayonlarında əlçatan olacaq.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, mobil proqram vasitəsilə robot kuryeri çağırmaq mümkün olacaq. “Wing” şirkətinin müştəriləri çəkisi 1,5 kq-dək bağlamanı 10 kilometrədək məsafəyə göndərə biləcəklər. Dron insanı yaralamamaq üçün təhlükəsizlik baxımından yerə enmir: sifariş tilov ipi vasitəsilə qaldırılır və endirilir.
Finlandiya “Wing” şirkəti üçün Avropada ilk bazar olub. Bundan əvvəl şirkət yalnız Avstraliyada sınaqlar keçirib: orada robot kuryerlər dərman, yemək, qəhvə və lazımi predmetləri çatdırmaqla təxminən 55 min dəfə uçuş həyata keçirib.