Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, S.Mehdiyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən bəhs edib. Bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük orqanlarının da roluna toxunan Komitə sədri bildirib ki, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına töhfəsini verəcək.
S.Mehdiyev vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. İki ölkə arasında bütün sahələrdə səmərəli, işgüzar əlaqələrin qurulduğu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyi bildirilib.
Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını söyləyən S.Mehdiyev, xüsusilə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
E.Özoral son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.