4 Fevral 2019 15:54
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev cavablandırıb. Müsahibəni təqdim edirik:

– Aydın müəllim, bildiyiniz kimi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilən iclasında KİV layihələrinin maliyyələşməsi ilə bağlı müsabiqəsinin şərtlərində dəyişiklik olunub. Sizin bu dəyişikliklə bağlı fikirlərinizi bilmək istərdik...

– Bəli, yeni mərhələdə müsabiqə üçün şərtlər elan olunub. Yeni şərtlərin müəyyənləşdirilməsi KİV DF-nin yaradıldığı 2009-cu ildən başlayaraq şərtlər, kriteriyalar məsələsində dinamik inkişaf yolunda olmasının göstəricisidir. Yəni, hər iki-üç ildən bir şərtlər yenilənir. Bu da KİV-lərə ayrılan maliyyə dəstəyinin məntiqindən əmələ gəlir. Bununla KİV-lərin maliyyə dəstəyi müqabilində inkişaf edib-etmədiyi müəyyən edilmiş olur. KİV-lərin inkişafının göstəricisi kimi müsabiqə şərtləri iki-üç ildən bir yenilənir. Məsələn, 2011-ci ildə gündəlik satışın 750, tirajın 2000 olması müəyyən edilmişdi. 2014-cü ildə satışın 1000, tirajın 2500 olmasına dair qərar verildi. Yanvarın 31-də müəyyənləşdirilən yeni şərtlərə görə isə satışın ən azı 2000, tirajın isə 5000 nüsxədən az olmaması müəyyən edilib. Yəni, bu tələbə cavab verən qəzetlər maliyyə yardımı müsabiqəsində iştirak edə bilərlər.

Mən düşünürəm ki, bu dəyişiklik dövlətin daha inkişaf etməyə meyilli və daha inkişaf etmək potensialı olan media orqanlarına dəstək vermək niyyətindən irəli gəlir. Biz də “Bakı Xəbər” qəzeti olaraq növbəti mərhələ üçün həmin kriteriyalara uyğunlaşmağa çalışırıq. İndidən işimizi bu istiqamətdə qururuq. Həm qəzetin yayımı, həm abunələrin təşkili, həm də ümumiyyətlə, qəzetə əlavə resursların cəlb olunması üçün imkanlarımız daxilində olan bütün vasitələrdən istifadə etməyə, bütün potensialları hərəkətə gətirməyə çalışırıq. Demək olar ki, bütün əməkdaşlarımızla hər gün bu məsələni müzakirə edirik və mənim fikrimcə biz bu kriteriyalara uyğunlaşa, onun tələblərinə cavab verə biləcəyik. Bir daha qeyd edim ki, işimizi bu istiqamətdə qururuq.

– Fəaliyyətinizi hansı istiqamətdə quracağınızla bağlı artıq qərar vermisiniz, yoxsa hələ müzakirələr davam edir?

– Biz yeni mərhələnin şərtlərinə uyğunlaşmaq üçün əlimizdə olan bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Çalışırıq ki, yeni mərhələdə də fəaliyyətimizi davam etdirək. Doğrudur, çətindir. Amma nə qədər çətin olsa da KİV DF-nin yeni kriteriyalarına uyğunlaşmaq bizim əsas hədəfimizdir. Mən inanıram ki, biz bunun öhdəsindən gələ biləcəyik.

– Müsabiqə şərtlərində edilən dəyişikliyi çap mediasının tarixində yeni mərhələnin başlanğıcı hesab etmək olarmı?

– Bəli, ola bilər. Bu, yəqin ki, yeni bir mərhələ olacaq. Fikrimcə, çap mediasının yəqin ki, heç də hamısı yeni şərtlərlə ayaqlaşa bilməyəcək. Bu, çətin olacaq. Hansı sayda çap mediasının yeni qaydalarla ayaqlaşa biləcəyini zaman göstərəcək. Amma sizə deyim ki, kimlər ayaqlaşa bilməyəcəklərsə, yalnız onlayn variantda fəaliyyət göstərməli olacaqlarsa, bu da inkişafda yeni bir mərhələdir. Fikrimcə, onsuz da ən uzağı bir neçə ildən sonra bütün çap media orqanları üçün daha çox elektron versiyanı gücləndirmək və əsas diqqəti ona yönəltmək perspektivi var. Yəni, perspektiv bu istiqamətdədir.

– Son vaxtlar qəzet çapı üçün tələb olunan kağızın, daşınma xərclərinin qiyməti artmışdı. İndi isə tirajın artırılması tələbi qoyulub ki, bu da öz növbəsində xərclərin artımını şərtləndirir. Bu barədə nə düşünürsüz?

– Sözsüz ki, tiraj artırılırsa bu, ən azı iki istiqamətdə dəyişiklik deməkdir. Bunlardan birincisi çap xərclərinin artırılmasıdır. İkincisi daha məzmunlu yazıların çap olunması üçün jurnalistlərin əməyinin ödənilməsinin yeni tarifə keçirilməsini, yəni əmək haqqının artırılmasını zəruri edir. Əlbəttə, bizlər – media orqanları özlərindən asılı olan hər şeyi etməyə çalışmalıdırlar və çalışırlar. Amma yəqin ki, yeni mərhələdə fəaliyyət göstərən media orqanlarının maliyyə tələbatının, xərclərinin artması da nəzərə alınacaq. Onun hansısa hissəsinin dövlət tərəfindən qarşılanması da mümkün ola bilər. Yaxud yeni mərhələdə qalıb fəaliyyət göstərən media orqanlarının qapıları reklama açıla bilər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər