“Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarında Azərbaycanın “Qarabağ” futbol komandasının Hollandiyanın “Tvente” klubu ilə mübarizəsinin nəticəsi bütün Azərbaycana böyük bir sevinc yaşatdı. Muarem Muaremin 51-ci dəqiqədə hesabı bərabərləşdirməsi və hesabın sonadək hesabın dəyişməməsi (1:1) hamımızın sevincinə səbəb oldu. Bununla da “Qarabağ” öz tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı”. Teleqraf.com-un məlumatına görə, bunu “Feysbuk”da Milli Məclisin deputatı Aydın Mirzəzadə yazıb.
Deputat qeyd edib ki, qələbənin özgə meydançasında və tanınmış bir komanda ilə gərgin mübarizədə qazanılmasının özü də diqqət çəkən bir məqamdır: “Artıq Azərbaycan futbol komandaları Avropanın meydançalarında öz sözlərini deyə bilirlər. Hesabı öz xeyrimizə dəyişə bilirik. Bir neçə komandamız var ki, onlarla oyuna xarici futbol komandaları böyük məsuliyyətlə hazırlaşırlar. “Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran” klublarının timsalında Azərbaycan futbolunun inkişafı göz önündədir. Digər klublarımızın da uğurları vaxtaşırı azarkeşləri sevindirməkdədir. Ölkəmizdə futbolun inkişafına göstərilən qayğı öz nəticəsini verməkdədir. Klubların maddi-texniki bazaları möhkəmləndirilir, uşaq futboluna diqqət artırılır, xarici futbol mütəxəssislərinin təcrübəsindən maksimum yararlanırlar. Bütün bunalrın hamısı isə ümumilikdə Azərbaycanın bir dövlət kimi güclənməsi nəticəsində baş verir. Düzgün siyasət güclü dövlət, güclü iqtisadiyyat yaranmasına, ölkənin üzünə inamının artmasına və bir çox sahələrdə böyük uğurlara gətirib çıxarır. “Qarabağ”ın uğuru göstərdi ki, biz bacarırıq və biz bacaracağıq”.
Səxavət