Yaradıcılıq hüdudsuzdur... Xəyallar aləmində yaşatdıqları onlar üçün artıq reallığa çevrilib. Burda özlərini cəmiyyətin bir parçası kimi daha yaxşı hiss edir, ən əsası həyat əzmləri ilə bir çoxlarını heyran qoyurlar.
Söhbət Bakının Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindəki gənclərdən gedir.
Bir gün onların görüşünə yollandıq.
Mərkəzdə bizi direktor Rəhilə Həsrətova qarşıladı, söhbətə mərkəzin fəaliyyəti haqında məlumat verməklə başladı. 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial fondunun müəssisəsidir: “Peşə reabilitasiyası yeni bir fəaliyyət növü olaraq müəyyənləşdirilib və prezidentin tapşırığına əsasən müəssisəmiz yenidən qurulub. Bura sovet dövründə əlil şəxslər üçün internat müəssisə idi. O zaman funksiyasını normal yerinə yetirə bilmirdi.
Sonra əlilliyi olan insanlara evlər verildi, yaxud onları başqa internat evlərinə köçürdülər. İnternatın bazasında isə yeni fəaliyyət növü müəyyənləşdirildi və dövlət proqramına salındı. Beləliklə, 2013-cü ildə mərkəz gənclərin ixtiyarına verildi.
Nəticə göz qabağındadır. Bizim ABAD-la işləyən, özlərini sənətkar kimi cəmiyyətə təqdim edən gənclərimiz var. Onlar hətta öz məhsullarının satışını da həyata keçirir, sərgilərə qatılırlar.
Bu gənclərin digər ölkələrin əlilliyi olan şəxsləri ilə beynəlxalq təcrübə mübadiləsini təşkil etmək də bizim fəaliyyət sferamıza aiddir. “Erasmus” proqramı ilə biz Türkiyədə 2017-ci ildə 30 nəfəri təcrübə mübadiləsinə cəlb elədik. Bu il də iki aylıq təcrübə mübadiləsi olub. İki nəfər isə bir illik könüllülük mübadiləsindədirlər. Onlar bildiklərini xaricdən gəlmiş gənclərə öyrədir, özləri də əcnəbilərdən nələrsə götürürlər”.
Direktor deyir ki, mərkəzə qəbul 200 nəfərlikdir, indiyə qədər isə 1650-dən çox əlilliyi olan gənc qəbul edilib: “Hər hansı gənc sosial reabilitasiya keçmək səviyyəsindədirsə, yalnız sosial reabilitasiyadan yararlanır, amma dərnək şəklində bütün kurslarla tanış olurlar. Seçim onlarındır, burda olduqları müddətdə psixoloq və metodistlər tərəfindən fəaliyyətləri izlənilir. Ola bilər ki, onu başqa bir peşəyə də yönəldirik. Çünki fiziki durumları sonra fəsad verə bilər”.
Bəs fiziki məhdudiyyətli hər hansı gənc müəyyən peşəyə yiyələnmək üçün mərkəzə necə müraciət etməlidir?
Mərkəz direktoru deyir ki, həmin gənc ilk öncə Dövlət Sosial Müdafiə Fondlarının sosial xidmət şöbəsinə müraciət edir, əlilliyi təsdiq edən sənəd, şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, infeksion, ruhi əsəb xəstəliyinin olmaması barədə arayış təqdim edilər: “Biz onları mərkəzə göndərişlə götürürük. Bütün xərclər dövlət tərəfindən qarşılanır. Əlilliyi olan şəxslər mərkəzdə sərbəst həyat tərzi sürürlər, qızlar və oğlan üçün ayrıcı korpuslar var. Fizioterapiya üçün başqa yerə getmirlər, hətta lazım gəlsə müayinələrə də göndəririk.
Valideynlər çəkinməsin, övladlarına bir şəxsiyyət kimi yanaşsınlar. Belələri valideynin parçası olduğu kimi, cəmiyyətin də bir parçasıdırlar. Onlara mütləq sosial mühit lazımdır. Ailədə ata-ana, bacı-qardaş cəmiyyət deyil, yaxın baxışdır”.
Bu gənclərin cəmiyyətə inteqrasiya olunması və özlərini daha yaxşı ifadə edə bilməsi üçün psixoloq baxışı önəmlidir. Bu səbəbdən mərkəzin psixoloqu Arzu Məmmədova ilə söhbətləşirik.
Biz otağa daxil olanda psixoloq idmançılarla söhbət edirdi. Deyir, onlar yarışa hazırlaşdıqları üçün məsləhət alırlar, çünki yarışda psixoloji vəziyyət əsasdır: “Əvvəlcə onlarla qrup şəklində danışıram, sonra ayrı-ayrılıqda məsləhət verirəm. Bura təzə gələn uşaqların intellektual səviyyələrini yoxlayıram, çünki onlar peşə məktəbinə gəlirlər. Hansı kursda olsa daha effekt verərsə, ora yönəldirəm. Burda başqaları ilə münasibətlərdə problem yaşamasınlar deyə onlarla söhbətlər edirəm”.
Mərkəzin dəhlizlərində tam sakitlik hökm sürürdü. Çünki hər kəs kursda məşğuldur. Bizə təyin olunan bələdçi ilə kursları gəzir, gənclərin fəaliyyəti ilə yaxından tanış oluruq.
Otaqlardan birində rəsm müəlliməsi Kifayət Məmmədova dərs keçir. Deyir ki, gənclər rəsm kursuna təzə gələndə tanışlıq olur, karandaş tutmaq öyrədilir: “Hər şey sıfırdan başlanır. Bu gənclərdə qavrama daha güclüdür. Təzə-təzə uşaqları seçirik, qabiliyyətləri varsa, davam edirik. 6 aylıq kursun sonunda rəsm haqqında tam məlumatları olur. Hətta kursu qurtarıb Rəssamlıq Akademiyasına qəbul olunan gənclərimiz də var”.
Müəllimə deyir, sıfırdan başlayıb onu təəccübləndirən gənclər çox olub, onlardan biri də hazırda kursa davam edən, sadəcə nitqi qüsurlu Xanım Vəliyevadır: “Çox yaxşı əl qabiliyyəti var, olduqca istedadlıdır. İşləri sərgiyə də gedib, bəyənilib. Şüşə üzərində də gözəl işləri var”.
Qorxmaz Mustafayev bura Qəbələ rayonundan gəlib, 3 aydır burdadır. Deyir, burda rəsm çəkməyi öyrənib Rəssamlıq Akademiyasına girməyi düşünür: “Əvvəldən rəsmə marağım var, Qəbələdə bir çox yarışlarda birinci yer tutmuşam. Ən çox yağlı boyada işləyirəm”.
Ağac üzərində oyma kursunun müəllimi Azər Əsədov 1982-ci ildən bu sənətlə məşğul olduğunu deyir: “4 ildir mərkəzdə işləyirəm. Kurs 6 aylıqdır deyə birbaşa istehsalatı öyrədirəm. Sağlamlığı məhdud şəxslər sənətə daha çox meyllidir. Orta məktəbdə də işləmişəm, amma burda gənclər bu sənəti daha tez qavrayırlar”.
Bir gənci göstərib deyir ki, həm bərbərdir, həm də əlavə sənət öyrənir: “Bizdə heç kəsə şərt qoyulmur ki, yalnız bir peşəni öyrənməlisən”.
Sənət həm də insanlara mənəvi rahatlıq gətirir, bunun bariz nümunəsini mərkəzdə görmək olar. Müəllimlərin dediklərinə görə, bəzən elə gənclər gəlir, onlar öncə aqressiv olurlar, burdan çıxıb getməyə bəhanə axtarırlar. Sonralar isə kursun bitməsini istəmirlər. Hətta dəyişiklik onların valideynlərinə də təəccüblü gəlir.
Mərkəzdəki kurslardan biri də tikiş üzrədir. 52 ildir bu sənətlə məşğul olan Pəri Hacıyeva dərziliyi gənclərə həvəslə öyrədir. Deyir ki, mərkəz yaranandan burdadır: ”Sağlamlıq imkanları məhdud uşaqlar olduğuna görə onlara qabiliyyətlərinə uyğun sənət öyrədirik. Əvvəlcə əl işləri ilə başlayırıq ki, barmaqları açılsın. Sonra kökləməni öyrədirik, yaxşı qavrayırsa, kökləməyə aid bəzək işləri veririk. Sonra maşında oturaraq işləyirlər.
Uşaq var ki, ayağını pedala qoya bilmir, onda dirsəkləri ilə maşında işləməyi öyrədirik. Sonra onlara paltar hissələr veririk. Uşaq qabiliyyətlidirsə, biçimlə başlayırıq, dəftərə baxıb biçir və bu qayda ilə tam öyrənirlər”.
Pəri müəllimənin dərziliyi öyrətdiyi gənclərdən biri də Cəlilabaddan gəlmiş Adəm Əliyevdir. Artıq 5 aydır kursa gəlir. Deyir ki, dərzilik haqqında əvvəllər heç bir məlumatı olmayıb: “İndi həm şalvar biçimini, həm də tikişini bacarıram. Burdan gedəndən sonra rayonda da sənəti davam etdirəcəyəm”.
Burda maraqlı kurslardan biri də xalçaçılıqdır. Xalçaçı Namə Orucova istəyir ki, xalq sənətimizi uşaqlarımız yaşatsın, öyrənib təbliğ eləsinlər: “Burda hər kəsə fərdi yanaşırıq. Təkrar gələn uşaqlarımız da var. Misal üçün, Səfa artıq sərbəst toxuyur, onu sənət aşıqi eləmişəm. Biz ən mürəkkəb janrlara belə müraciət eləmişik. Burda sıfırdan başlayırıq, ilmə vurmağı öyrənənə qədər uzun proses gedir”.
Müəlliməsinin təriflədiyi Səfa bura gələndə heç nə bilmədiyini deyir. Qarşısındakı xalçanı özü toxuyub, fərəhlə bizə göstərir.
Aygün Səfərovanın da həvəslə işlədiyini görürük. Əl işlərindən danışanda deyir ki, yaşı az olmasına baxmayaraq öyrənmək üçün çox çalışıb: “Mən peşəni gec qavrayıram, ona görə də normal qaydada ilmə atmağı 3 günə öyrənmək olursa, mən bunu 15 günə öyrənirəm. Burda insanlarla rəftarı, ünsiyyət qurmağı, cəmiyyətə uyğunlaşmağı öyrəndim. Bu sənət əsəb gərginliyini də aradan götürür”.
Toxuculuq kursunda bir neçə qızla bərabər Müqəddəs Həmidovun əl işi də marağımı çəkir. O, bura oktyabr ayından gəldiyini deyir: “Birbaşa toxuculuğa gəlmişəm, çünki bu sənətə marağım var idi. Əvvəllər çətin idi, zaman keçdikcə öyrəndim. Mənim üçün uyğun sahə budur. Digər sahələrdə özümü zəif nümayiş etdirirəm. Peşədən əlavə burda dostlar da qazanıram”.
Könül Nuriyeva Sabirabaddan məhz toxuculuğu seçərək gəlib: “Təzə başlasam da çox həvəslə işləyirəm. Onu da deyim ki, toxuculuq əsəbləri də sakitləşdirir”.
Mərkəzdə montaj, qadın və kişi bərbərlik kursları da var.
Hazırda mərkəzdə boccia idman növü üzrə yarışlara hazırlıq üçün məşqlər gedir. Məşqi izlədikdən sonra Boccia İdman Federasiyasının baş katibi, Milli Paralimpiya komitəsinin Boccia üzrə baş məşqçisi, Qarabağ müharibəsi veteranı İlham Məhərrəmov bizə mərkəzdəki fəaliyyəti barədə məlumat verir.
Deyir, regionlara gedib gəncləri seçməliyik, bunun üçün bəzən vəsait çatmır. Amma gəncləri bu mərkəzdən seçmək daha rahatdır: “Gəncləri görünüşünə və səhhətinə uyğun idman növünə seçirik. Bir çox idman növləri var ki, burda onların təlim məşqlərini keçirir, uşaqları həvəsləndirək.
Mərkəzdə boccia idmanına başladığımız gündən indiyə qədər 5 dəfə çempionatımız olub, ilk çempionatda 20 gəncimiz var idisə, sonuncuda artıq 70 gəncimiz var. Milli komandamızla 2 dəfə İspaniya, bir dəfə İtaliya, İsrail, Belarusda olmuşuq. Hamısında da qalib gələrək qızıl, gümüş medallar qazanmışıq. Martın 25-də Xorvatiyaya səfərimiz var. Komanda ilə ora getməliyik ki, regional çempionatdan Avropa çempionatına lisenziya qazanaq. O mərhələləri keçib Tokioda Paralimpiya Oyununa lisenziyaları əldə etməyi planlaşdırıq”.
Qızıl medal qazanan idmançılardan biri də Bəhruz Mirzəyevdir. O, üç ildir boccia idman növü ilə məşğul olur: “İtaliyada 15 ölkə arasında qızıl medal, ondan başqa bürünc medal götürmüşəm. Bu yaxınlarda İsraildə də qızıl medal qazandım. Böyük bir yarışa hazırlaşırıq. İnanıram ki, orda da nailiyyətlərimiz olacaq”.
Gündəlik 6 saat məşq etdiyini, yorulmadığını, əksinə zövq aldığını deyir: ”Biz idmana həvəs göstərmirik, artıq idmanı bacarırıq. Sağlam insanlar var ki, heç nə bacarmırlar. Mənim əlim yuxarı qalxmır, bir stəkan su içə bilmirəm. Amma mən dövlətimin bayrağını qaldıra bilirəm. Biz bunu sevə-sevə edirik. Hədəfimiz Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək və qələbə qazanmaqdır”.
Mərkəzdəki eksponatlardan ibarət otaq insanda həm fərəh, həm də təəccüb hiss yaradır. Bir çox sərgiləri bəzəyən, yarışlarda uğur qazanan əsər və sertifikatlar məhz bu otaqdadır. Burda insan hara baxırsa əzmin və iradənin bəhrəsini görür.
Deməli, insanın edə bilməyəcəyi heç nə yoxdur, təki işləsin, istəsin, inansın və işini sevsin... Burdakı gənclər kimi.
Bizim də onlardan öyrənəcəyimiz var...