Təbrizin “Səhənd” stadionunda bu şəhərin “Traxtur” və Tehranın “İstiqlal” komandaları arasında keçirilən görüşdə tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin və digər milli-mədəni fəalların azadlığa buraxılması tələb olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı saytlar məlumat yayıb.
Məlumata görə, stadiona toplaşan 100 mindən çox soydaşımız oyun boyu dəfələrlə milli şüarlar səsləndiriblər. İran televiziyası canlı yayımda “Azərbaycan var olsun – Lisani azad olsun” şüarının eşidilməməsi üçün dəfələrlə komanda tərəfdarlarının səsini kəsib.
Oyun zamanı ingilis dilində “Azərbaycanın siyasi məhbuslarını azad edin” sözü yazılmış yazılı parça da nümayiş etdirilib.
“Traxtur” tərəfdarlarından bəziləri azərbaycanlı siyasi məhbusların şəkillərini nümayiş etdirərək onların azadlığa buraxılmasını istəyiblər. Azarkeşlər stadionu tərk edərkən “Siyasi məhbuslar, gərək azad olunsun” şüarı da səsləndirib.
Həmçinin, “Öz dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və qadınların stadiona buraxılmasını tələb edən “Azərbaycan qızları, göylərin ulduzları” şüarı da dilə gətirilib.