20 Aprel 2019 15:36
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Motsart” sözünün yazılış qaydası ilə bağlı hələlik mübahisələr var. Ümumiyyətlə, “Gertsen”, “Hertsen” və s. tipli sözlər dilimizə rus dili vasitəsilə keçib. Yəni, birbaşa olaraq alman, ingilis və fransız dillərindən deyil, rus dili vasitəsilə keçib. Rus dili vasitəsilə alınan sözlərin tələffüz edildiyi kimi yazılması daha uğurludur”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, deputat Nizami Cəfərov Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarını şərh edərkən deyib:

“Biz bu ənənəni pozmadan rus dili vasitəsilə alınan sözləri necə tələffüz ediriksə, o cür də yazaq. Amma hələ ki, bundan uğurlu variant yoxdur. Təbii ki, yeni variantlar olacaq. Çünki dil inkişaf etdikcə təkmilləşir”.

Professorun sözlərinə görə, Azərbaycan dilinin Orfoqrafiya Normalarının əsasında yeni Orfoqrafiya lüğəti tərtib olunacaq: “Azərbaycan dilinin Orfoqrafiya Normaları geniş müzakirələrdən sonra öz təsdiqini tapıb. Müzakirələr zamanı dəqiqləşdirmələr aparılıb. Biz orfoqrafik normaların təsdiqini çoxdan gözləyirdik. Çünki bunun əsasında normal orfoqrafiya lüğəti tərtib olunacaq”.

N.Cəfərov w hərfi ilə başlayan bəzi sözlərin Azərbaycan dilində “v” hərfi ilə yazılmasına da (veb-sayt, Vilyam, vörd və s.) münasibət bildirib: ”Dilimizdə bəzi yeni alınma sözlər mövcuddur. Dilimizin də əsas prinsipi fonetik prinsipdir. Həmin alınma sözləri necə tələffüz ediriksə, orfoqrafik qaydalara əsasən, elə də yazmalıyıq.

Biz alınma sözlərin orijinalda olduğu kimi yazmağın əleyhinəyik. Çünki bunun da çoxlu problemləri meydana çıxır. Hər halda sözün tələffüz olunduğu kimi, yəni dilin mənimsənildiyi kimi yazılışı daha doğrudur. Azərbaycan dilində də ənənəvi olaraq bu prinsip gözlənilir”. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər