Milli Məclisinin deputatları – ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransında iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, Belarus parlamentinin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək və “Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi üçün əməkdaşlığın dərinləşdirilməsi” mövzusuna həsr edilən konfransda İpək Yoluna Dəstək Qrupuna üzv olan dövlətlərin və digər ATƏT PA ölkələrinin parlament, hökumət və özəl sektor təmsilçiləri, eləcə də beynəlxalq təşkilatların, Belarusdakı diplomatik korpusun və ATƏT regionunda həyata keçirilən beynəlxalq infrastruktur layihələrinin yüksək vəzifəli nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Konfransın yekununda Minsk Bəyannaməsi qəbul olunacaq.
İclasa sədrlik edən Azay Quliyev qrupun fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında, Tahir Mirkişili isə “İştirakçı dövlətlərin humanitar sahədə əməkdaşlığının və turist cəlbediciliyinin artırılması üçün “Bir kəmər, bir yol” təşəbbüsünün potensialından istifadə” mövzusuna həsr edilmiş paneldə çıxış edəcəklər.