14 May 2019 19:50
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com İmam Hüseyn məscidinin axundu, Vətən Naminə Xalq Hərəkatı adlı qurumun rəhbəri Hacı Əbdüllə müsahibəni təqdim edir:

- Hacı, siz Azərbaycan Kommunist Partiyasının üzvüsünüz?

- Xeyr, mən heç vaxt Kommunist Partiyasının üzvü olmamışam, nə Sovet İttifaqı dövründə, nə də müstəqillik illərində. Bu mənada sualınız maraqlı gəldi.

- 9 May Qələbə Günündə kommunistlərlə birlikdə hərəkət etdiyinizi göstərən fotolar yayılıb...

- Yox, sadəcə olaraq, mən 9 mayda şəhid olan yüz minlərlə azərbaycanlını anmaq üçün ora getmişdim. Bu zaman da kommunistlər ora gəldi. Hələ Rauf Qurbanovun başçılıq etdiyi digər kommunist qrup da bir qədər aralıda gözləyirdi. Yəni bu sırf təsadüf nəticəsində qarşılaşma olub.

- Maraqlıdır ki, siz 9 May Qələbə Günü ilə bağlı tədbirə İmam Hüseyn məscidinin axundu simasında getmişdiniz, ya necə?

- Mən Vətən Naminə Xalq Hərəkatının adından getmişdim. Buna da normal yanaşmaq lazımdır.

- Siz, heç vaxt kommunist olmamasınız, üstəlik SSRİ dağılma ərəfəsində deputat oldunuz, yəni SSRİ-nin dağılması sizə qapılar açdı. Bu halda nədən 9 May Qələbə Gününü qeyd etməyə meyl edirsiniz?

- Mən kommunist deyiləm, amma kommunist olmağı da günah saymıram. Biz ora Vətən uğrunda şəhid olanları yad etmək məqsədilə getmişdik. Kommunistlər də o zaman əraziyə gəldi. Biz onlara deyə bilmərik ki, siz bu günü qeyd etməyin, bura gəlməyin. Biz də atalarımızı, babalarımızı yad etmək üçün addım atmışıq. Bizim tədbirdə iştirakımızda qeyri-adi heç nə yoxdur. Bizim babalarımız bu müharibədə şəhid olub, itkin düşüblər. Onları yad etməmək özümüzü inkar etmək olardı. Bu baxımdan bizim borcumuz babalarımızı yad etmək, xatırlamaqdır. Kommunistlərin orada iştirak etməsi o anlama gəlmir ki, biz də kommunistik. İnsanlar ora azərbaycanlı olduğuna görə gedirlər.

- Vətən Naminə Xalq Hərəkatı ilə Kommunist Partiyası arasında ittifaq varmı?

- Xeyr, heç bir əməkdaşlıq və müttəfiqlik əlaqələrimiz yoxdur.

- Hacı, regionda, ətrafımızda gedən prosesləri izləyirsinizmi?

- Tam izləyə bilməsəm də, məlumatlıyam. Yəni ətrafımızda, qonşu ölkələrdə hansı proseslərin getdiyini bilirik.

- Məsələn, Gürcüstanda son zamanlar bizə qarşı ərazi iddiaları səsləndirilir. Buna münasibətiniz necədir?

- Azərbaycana bu da azdır. Azərbaycan Gürcüstana çox yaxınlıq edib, onlara dəfələrlə kömək edib, yardımını göstərib. Azərbaycanın əlinin duzu yoxdur. Kimə yaxşılıq, yaxınlıq edirsə, axırda ona qənim çıxır. Təbii ki, biz Gürcüstanın bu iddialarını qəbul etmirik, bunu iki dost və qonşu ölkələrin münasibətinə əlavə problem hesab edirik.

- Siz, 9 May Qələbə Gününü qeyd edəndə Ermənistan baş naziri Paşinyan Şuşaya səfər edərək bu şəhərin işğal edilməsi münasibəti ilə bayram tədbirlərində iştirak etdi, hətta "Yyallı" da oynadı...

- Bəli, bundan da xəbərim var. Allah Şuşanı verənləri öldürsün. Paşinyanı Şuşada biz oynatdıq. Əgər Şuşa bizdə olsaydı, heç bir erməni ora gəlib oynaya bilməz, buna cəsarəti çatmazdır. Odur ki, erməniləri Şuşada biz oynatdıq, daha doğrusu, Şuşanı satanlar, vətən xainləri.

- Şuşa işğal ediləndə Ayaz Mütəllibov hakimiyyətdə olmasa da, onun komandası iqtidarda idi?

- Bəli, Ayaz Mütəllibov hakimiyyətdə deyildi, qalan hamısı hakimiyyətdə idi.

- Şuşa onların dövründə işğal edildi...

- Başa düşürəm. Deyirəm ki, kimliyindən asılı olmayaraq, Şuşanın verilməsində zərrə qədər payı olan hər kəsin Allah bəlasını versin.

- İran ətrafında da halqa yenidən daralmağa başlayıb, ABŞ-ın açıq-aşkar psixoloji hücuma keçdiyi görünür. Bu durumu necə qiymətləndirirsiniz?

- İran ətrafında vəziyyətin gərgin olmasının səbəbi Amerikanın bu ölkəni dağıtmaq, parçalamaq və ram etmək istəyi durur. Amerika İrana bələd deyil. Amma bu prosesdə yəhudilər də var və onlar da ABŞ-la birgə hərəkət edir. Ancaq unutmayaq ki, İranda bizim 35 milyon soydaşımız yaşayır, biz bir millət və bir xalqıq. Biz azərbaycanlı olaraq arzu etmərik ki, Cənubi Azərbaycanda yaşayan qardaşlarımızın tükünə bir zədə dəysin. Bu mənada İran ətrafında hər hansı bir müharibəni arzu etmirəm.

- Ancaq Vaşinqton hərbi qüvvələrinin müəyyən hissəsini Bəsrə körfəzində cəmləşdirir...

- Ümid edirəm ki, müharibə olmayacaq, bu, arzuedilən də deyil. Ancaq müharibənin olması və ya olmaması da şərt deyil. Vəziyyətin özü yaxşı olmalı, gərginlik aradan qalxmalıdır. Əlbəttə, ABŞ hesab edir ki, İranı daxildən qarışdıra bilər. Sözsüz ki, hər bir dövlətdə hakimiyyət olduğu kimi müxalifət də var. İranda da müxalifət var. İndi baxır bu müxalifət kimlərdən ibarətdir, hansı qüvvələr tərəfindən dəstəklənir, məqsədi nədir. Ancaq normalda müxalifət belə hallarda hakimiyyəti, dövlətin maraqlarını qorumalı, vəziyyətdən çıxış üçün yollarını təklif etməlidir. Əlbəttə, İranda da mümkündür ki, müxalifət xarici qüvvələr tərəfindən dəstəklənə bilər. Amma inanmıram ki, onlar İranda dövlət çevrilişi edə bilsinlər. Mənim qənaətimcə, bu mümkün olası bir iş deyil.

- Türkiyədə hansı proseslər baş verir?

- Türkiyədə seçkilər keçirilib. Bələdiyyə seçkilərində xoşagəlməz oyunlar gedir, dövlət daxilində də bəzi proseslər özünü göstərir. Mən inanıram ki, Rəcəb Təyyub Ərdoğan dövlət daxilində baş verənləri nizamlaya bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər