15 İyun 2019 09:15
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovla müsahibəni təqdim edir.

- Hüseynbala müəllim, cəbhədə baş verən gərgin durumu necə xarakterizə edirsiniz?

- Mən müharibələrə qarşıyam. Müharibə bəladır, kabusdur. Bu mənada Ermənistan tərəfinin son davranışlarını əxlaqsızlıq hesab edirəm. Bildiyiniz kimi zamanında atəşkəs müqaviləsi bağlanıb. Ancaq erməni tərəfi dəfələrlə bu atəşkəsi pozub. Biz işğalçı bir dövlətdən bəhs edirik. İndi faktiki müharibə gedir, hər iki tərəfdən itkilər olur. Erməni tərəfi təxribat xarakterli addımlar atır. Ermənistan müdafiə naziri Tonoyanın “əmri şəxsən mən vermişəm” açıqlaması isə əxlaqsızlıqdır. Mən inanıram ki, biz bütün bu hərəkətlərinə görə, onlardan hayıfmıızı alacağıq. Döyüşüb sözümüzü deyəcək və torpaqlarımızı alacağıq. Buna şübhəm yoxdur.

- Nikol Paşinyan hakimiyyətə gələndə belə təəssürat yaranmışdı ki, bu demokratdır, özü müharibə nəticəsində ortaya çıxmayan siyasətçidir və danışıqlar onunla daha rahat aparıla bilər. Ancaq bunun əksi baş vermirmi?

- Məndə ilk dövrdə düşünürdüm ki, Paşinyanla rahat siyasətçi ola bilər. Amma bu adam mayın 9-da Şuşaya gedərək yallı oynayıb. Mən bu hərəkəti də əxlaqsızlıq hesab edirəm. Hesab edirəm ki, ermənilərin bu davranışları təsadüfi deyil. Onlar istəyirlər ki, aparılan danışıqları və müzakirə edilən məsələləri pozsunlar. Beləcə məsələ uzansın və Paşinyan getsin, yerinə Talayan gəlsin və beləcə vaxt uzansın.

- Bu nə zamana qədər davam edə bilər?

- Hər şeyin bir sonu var. Güman edirəm ki, son sözü bizim Ali Baş Komandan deyəcək. Azərbaycandan gənclərdən tutmuş ahıllara qədər hər kəs Ali Baş Komandanın əsgəridir və torpaqlarımız uğrunda ölüm-dirim savaşı olacaqsa, haqlı tərəf qalib gələcək. Bilirsinizmi, ermənilərin məlum ideologiyası var, onlar danışıqlarda ipə-sapa yatan deyil. İdeologiyaları ümumilikdə dünya üçün zərərli, zəhərli və işğalçılıq ideologiyasdır. Onlar məsələni uzatmaqla işğal etdiyi torpaqların sahibinə çevrilmək istəyir. Amma hər şeyin bir həddi var. Ən son variant müharibə variantıdır və bu qərarı da Ali Baş Komandan verəcək.

- Ancaq siz müharibəyə qarşı olduğunuzu deyirsiniz...

- Mən bir yazıçı kimi dünyada müharibələrə qarşıyam. Ancaq bunu ona görə demirəm ki, biz müharibə edib torpaqlarımızı almayaq. Mən ümumilikdə müharibələrə qarşıyam. Sivil, yüksək ictimai şüurun hakim olduğu cəmiyyətlərdə müharibə olmamalıdır. Bütün məsələlər sivil formada həll olunmalıdır. Müharibə olan yerdə ölümlər, itkilər olur, insan psixologiyası təsirə məruz qalır. Bu mənada müharibələri pisləyirəm, amma bu o demək deyil ki, biz sabah torpaqlarımızı işğalçıdan almaq üçün müharibə aparmamalıyıq.

- Siz başlana biləcək müharibəni necə təsəvvür edirsiniz?

- Haqq kimin tərəfindədirsə, qalib gələcək. Buna şübhə yoxdur. Bizim ordumuz güclüdür, hərbçilərimiz peşəkardır. 2019-cu ilin Azərbaycanı 1993-cü ilin Azərbaycanından çox fərqlidir. O zaman primitiv dəstələr, hərənin bir “silahlı dəstəsi” vardı. Bu gün isə Azərbaycan güclü, peşəkar və nizami orduya malikdir. Ordumuzun silahları isə ən müasir silahlardan ibarətdir. Müharibədə bizim qalib gəlməyimizə şübhəniz olmasın. Ən azından aprel döyüşlərini xatırlayın, Naxçıvan istiqamətində ordumuzun yeni ərazilər ələ keçirməsini nəzərə alın. Beynəlxalq təşkilatlar, dünya maneə olmasa biz uzağı bir həftəyə torpaqlarımızı ala bilərik. Əlbəttə, müharibə pis ssenaridir. Azərbaycan lideri, ziyalılarımız genefondun məhv olmasını istəmirik. Axı müharibə həm də itkilər deməkdir. Bu tərəfdən torpaqlarımızı alaq, o tərəfdə də igidlərimizin, gənclərimizin qanı tökülsün. Maksimum çalışmaq lazımdır ki, problemini müharibəsiz, sülh yolu ilə alaq. Ancaq bu baş tutmasa, torpaqları qanla suvarıb almaq lazımdır. Torpaq müqəddəs məsələdir, vətəndir. Hər şeyin bir həddi var. Sivil yolla torpaqları almaq mümkün olmasa, sonda müharibə olacaq. Cənab prezidentdə dəfələrlə bu haqda qəti mövqeyini ifadə edib.

- Naxçıvanda Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri keçirildi. Sizcə, bu təlimlər hansı məqsədlərə xidmət edir?

- Əvvəla, həmin təlimlər haqqında xəbərləri izlədim və çox sevindim. Birincisi, bizim ordumuzun gücü, qüdrəti, ustalığı artıb. Ordumuz Türkiyə kimi ordu ilə birgə təlimlər keçir. Nəzərə alın ki, türk ordusu dünyanın öndə gələn ordularındandır. Belə bir ordu ilə birgə təlimlərin keçirilməsi o deməkdir ki. Biz artıq öyrənmişik və öyrənməkdə davam edirik. Öyrəndiklərimizi bu təlimlərdə açıq nümayiş etdiririk.

- İran ətrafında da gərgin proseslər müşahidə edilir, ABŞ ordusu Bəsrə körfəzinə toplanıb. İran ətrafında baş verənlər haqqında nə düşünürsünüz?

- Müharibəyə aparan bütün istiqamətlər çox qorxuludur. Söhbət təkcə İrandan getmir. Azərbaycanın cənub hissəsi İranla sərhəddir, Bakıdan çıxandan 300 kilometr sonra İran sərrhəddi gəlir. İranla müharibənin bizim üçün də fəsadları ola bilər. Amma mənim daxilimdə əminlik var ki, Amerika sadəcə İrana “xox” gəlir. Nəzərə alın ki, İran-Amerika müharibəsi olsa, bu balaca müharibə olmaz. İnanmıram ki, Avropa, Amerika, dünya bunu istəsin. Hazırda söz savaşı, psixoloji müharibə gedir, bir-birinə güclərini göstərirlər. Yəni psixoloji baxımdan bir-birini əzmək istəyirlər. Ola bilsin ki, biri digərinin gəmisini, digəri bunun təyyarəsini vurar. Bu, mümkündür, amma böyük bir müharibənin olacağını düşünmürəm. Bu mənim şəxsi qənaətimdir.

- Türkiyə-Amerika münasibətlərində müşahidə olunan gərginliyi və qarşıdurmanı necə xarakterizə edirsiniz?

- Əslində burada ABŞ-ın hərəkəti düz deyil. Mən müstəqil dövlətəm və gedib istədiyim müstəqil dövlətdən silah alıram. ABŞ-da deyir ki, yox məndən al. Məncə, bu ədalətsizlikdir. Qardaş Türkiyə çox düzgün mövqedədir. Türkiyə Rusiya ilə danışıqlar aparıb, müqavilə bağlanıb. İndi necə ola bilər ki, ABŞ-ın qorxusundan Rusiya ilə əldə edilən müqavilədən imtina etsin? ABŞ-ın hərəkətləri centlmen davranışından uzaqdır. Bu məsələdə ABŞ-ın mövqeyini doğru saymıram.

- Rusiya və Ukrayna cəbhəsində müharibə başlana bilərmi?

- Viktor Hüqo deyirdi ki, insan on dəfə günah işlətməsi qorxulu deyil. Məscidə və ya kilsəyə gedərək tövbə edər və məsələ bitər. Ancaq ən böyük bəşəri cinayət ədalətsizlikdir. Mən ədalətsizliyi pisləyirəm. Bəzən deyirlər ki, III dünya müharibəsi başlaya bilər. Axı insanlar nəyi bölə bilmir? Hamı müstəqil dövlətdir, hərənin öz müstəqil silah arsenalı var, kim kimdən nə alacaqsa özü bilər. Məsələn, ABŞ deyir ki, hər şey məndə olsun, amma İranda və ya Çində olmasın. Axı niyə? Bu məsələlərin kökü ədalətsizliyə gəlib çıxır. Məncə, ədalət bərpa olmayana qədər dünya narahat olacaq. Bunun üçün insan şüurlarında inqilab olmalıdır. İnsan şüuru dağıdıcılıq psixologiyasında xilas olmalıdır. Əks halda dünyada ədalətsizlik davam edəcək. İnsanlar bir-birinə düşmən deyil, qardaş olmalı, bir-birini sevməlidir. Hesab edirəm ki, insan bir-birinə yer üzünün əşrəfi kimi baxmalıdır. Dünyanı sevgi xilas edəcək. Bir-birini sevməyən insan torpağı, təbiəti, öz ölkəsini sevə bilməz. Odur ki, dünyanı müharibə deyil, ədalət və sevgi xilas edə bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər