10 İyul 2019 15:55
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Akademiyasını 2018-2019-cu tədris ilində bitirən tələbələr üçün “Məzun Günü” keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və idarə rəisləri, Akademiya rəhbərliyi, dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, bir sıra ali təhsil müəssisələrinin rektorları və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində mütərəqqi islahatlar, innovativ yeniliklər reallaşdırılır, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının beynəlxalq standartlara uyğun hazırlanması təhsilin keyfiyyət göstəricilərini yüksəldir. Birinci vitse-prezident Mehriban Əliyevanın elmə, təhsilə verdiyi dəstəyi də xüsusi vurğulayan Səfər Mehdiyev qeyd edib ki, bu gün gənclərimiz istənilən ali təhsil müəssisələrində müasir standartlara uyğun şəkildə təhsil ala bilirlər.

Komitə sədri Dövlət Gömrük Komitəsinin Akademiyasının sayca ikinci məzun gününü qeyd etməsini, məzunların ən mötəbər universitetlərdə magistr pilləsinə qəbul olunmasını yüksək qiymətləndirib və istər təhsil, istər gələcək karyeralarında vətənə, müstəqil dövlətimizə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Bu ali təhsil ocağının uğurlarından söz açan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bildirib ki, Akademiyanı 45 məzun bitirir və əksəriyyəti qəbul zamanı 600-dən çox bal toplayıb.

Akademiyanın rəisi qeyd edib ki, sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da köklü islahatlar aparılır və bu islahatların uğurla reallaşdırılmasında ixtisaslı kadrlara da ehtiyac var. Bu baxımdan da Dövlət Gömrük Komitəsinin Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir misiyanı yerinə yetirir.

Qulu Novruzov Akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxış edərək 5 il əvvəl fəaliyyətə başlamasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının qısa zaman kəsiyində ölkənin nüfuzlu təhsil ocaqlarından birinə çevrildiyini vurğulayıb, gələcəkdə yeni nailiyyətlər əldə olunacağına əminliklərini ifadə edib və məzunlara uğurlar arzulayıblar. Daha sonra məzunlara diplomlar təqdim olunub.

Akademiya birincisi olan "Hüquqşünaslıq" ixtisası üzrə məzun Böyükağa Qasımov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən təltif edilib.

“Tələbəlik illəri ərzində aktiv fəaliyyətinə görə” isə 5 məzun mükafatlandırılıb. Məzunlara rəmzi diplomlarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri İsa Həbibbəyli, millət vəkillləri-Nizami Cəfərov, Vahid Əhmədov, Elman Nəsirov, Fazil Qəzənfəroğlu, Musa Qasımlı, Qənirə Paşayeva, Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov təqdim ediblər.

Sonra “Məzun Günü” bədii hissə ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər