30 İyul 2019 09:16
2 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun dünyaya gəlişi müharibə illərinə təsadüf etdiyindən ölkədə böhran, qıtlıq, müharibə hələ səngiməmişdi. 13 yanvar 1994-cü ildə Seyfəddin ataya xoş xəbər vermişdilər: “Oğlun dünyaya gəldi!”

Həzimə ana da sevincindən yerə-göyə sığmırdı. Körpəni qucağına almışdı, doyunca oxşamışdı, toxunmuşdu ona. Axı, qucağındakı bu balaca dünya onu analıq sevincini yaşatmışdı. Ailəsinin fəxri olması üçün isə adını Fəxrəddin qoymuşdular. Bəlkə ata-ananın ürəyinə nəsə dammışdı. Amma ağla gəlməzdi ki, bu körpə nəinki öz ailəsinin, bütün Azərbaycanın fəxr ünvanına çevriləcək.

Bu yazıda sizə 2016-cı il aprel döyüşləri zamanı həlak olmuş şəhid Fəxrəddin Qurbanlı haqqında söhbət açacağıq.

Ailənin yaşadığı məhəlləyə daxil olduqda bizi şəhidin portreti qarşılayır. Sanki bu portret şəhidin evini axtaranlara yolu istiqamətləndirirdi. Gəlib Azərbaycan bayrağı asılmış darvazaya çatırıq. Qapını Seyfəddin ata açır. Həzimə anayla bizi qarşıladıqdan sonra söhbətə başlayırıq.

Həyatın dadı balamla getdi

Həzimə ana deyir ki, Fəxrəddinin ölüm xəbərini alandan onun üçün həyat donub. Şənliklərə gedə bilməyən ana üzərindən 3 il keçməsinə baxmayaraq, bu hadisəni dünən olmuş kimi yaşayır: “Balamı itirəndən sonra nə yeyib, nə içdiyimi bilmirəm. Həyatın dadı balamla getdi. Onsuz 3 ilim necə keçdi, xəbərsiz kimiyəm. Üzümə azca gülüş qonanda da mənə qəribə gəlir. Balamsız gülməyi özümə yaraşdırmıram. Qəfil kədər çökür çöhrəmə.

Bilirəm, mənim gülməyimi, sevinməyimi istəyir. Amma mən bacarmıram. Tez özümü ələ alıram. Sanki Fəxrəddindən utanıram”.

Söhbətə Seyfəddin Qurbanlı qarışır. Ata deyir ki, Fəxrəddin çox səmimi, zarafatcıl, şən, dostcul, yardımsevər idi: “Azərbaycan Universitetinin Sosial iş fakültəsində təhsil almışdı. İxtisasla əlaqədar ictimai işlərdə fəal idi. Tələbə olmamışdan əvvəl də köməkləşmək onun sanki şüarı idi. Onun üçün fərqi yox idi, qarşısındakı tanıdığı, yoxsa tanımadığı insandır. Onun üçün insanlıq anlayışı öndə idi.

Gec gələndə soruşurduq ki, Fəxrəddin hardaydın? Cavab verirdi, yolda bir yaşlı anaya çantasını aparmağa kömək edirdim. Fəxrəddin belə idi”.

“Kaş yaxşı uşaq olmazdı”

“Allah onu qüsursuz yaratmışdı. Görünüşü, danışığı, bir sözlə, daxili və xarici o qədər təmiz, o qədər gözəl idi ki... Nə vaxtsa üzümə qayıtsaydı, bircə dəfə ağır kəlmə desəydi, bəlkə də onun ölümünə bu qədər təəssüflənməzdim. Hər dəfə qəmlənəndə dediyi acı söz yadıma düşüb ürəyim sərinləyərdi. Kaş ki, elə olaydı. Kaş ki, xüsusiyyəti ağır olaydı” -deyib qəhərlənir ana.

Onlar danışır, mən dinləyirəm. Düzünü desəm, məni də kədər boğur, özümü ələ alıram. İkimiz də eyni təvəllüddəyik, o, canını, gəncliyini vətən üçün qurban vermiş şəhid gənc, mən isə ondan yazan bir jurnalistəm...

Düşünürəm ki, bəlkə elə gəncliyi bu cür yaşamaq, ruhunu bu cür yüksəltmək lazımdır. Düşünürəm və mən də utanıram...

Ata deyir ki, Fəxrəddin hərbi xidmətdə ikən telefonla danışanda oğlunun ondan ən çox istədiyi kitab olub: ”Kitab oxumağı çox sevərdi. Elə olub, qapımıza əllərində kitab tanımadığımız uşaqlar gəlib, Fəxrəddini soruşublar. Fəxrəddin əlində işi olsa da, imtahanlara hazırlaşsa da onları qapıdan boş qaytarmırdı. Onlara qaranlıq qalan sualların cavablarını izah edirdi. Hamıya kömək etməyi sevirdi. Elə bil bununla rahatlıq tapırdı. Kiməsə yardım etmək onu sevindirirdi. Həyatdakı amalı bu idi sanki”.

Fəxrəddinin feysbuk hesabına göz gəzdirirəm.Səhifəsində siyahıda öz adı da olan tələbələrin davamiyyət cədvəli, imtahan nəticələri, Azərbaycanın torpaq itkisinə məruz qaldığına dair video və foto-şəkillər var. Məsələlərə hikmətamiz yanaşması da qeyri-adiliyindən xəbər verir.

Onun həm sevincli, həm də kədərli statuslarına göz gəzdirirəm. Bu status Fəxrəddinin ürək yandıran son sözləri kimi yadda qalıb:

“Və budur kiçik,amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam. Amma bu da müvəqqətidir – 5 ay. Məzuniyyətdə olduğum vaxt hiss elədim ki, 23 illik həyatım boş yerə getməyib. Sağ olsun dostlar, tanışlar “xüsusilə” deməyə ehtiyac yoxdur. Çünki mənim dostlarımın hamısı xüsusidir. Bəzi insanları görə bilmədim. Nəisə, özünüzə yaxşı baxın. Gedib də gəlməmək, gəlib də görməmək var. Getdik. İstiqamət Tər-Tər Marquşavan... Doğma Qarabağ”.

Əmisi Dilcan Qurbanlı: “Elə bil ölümünü hiss eləmişdi. Düzdü, bizimlə əlaqə saxlayanda danışanda hər şey qaydasındadır, narahat olmayın deyirdi.

Həzimə Qurbanlı: ”Mənə zəng etməyi qadağan eləmişdi. Həmişə onunla danışanda sualları ard-arda yağdırırdı ki, biz imkan tapıb ondan vəziyyəti haqda çox söz soruşmayaq. Zəng edəndə mən birinci qrup, atası ikinci qrup əlil olduğumuz üçün ən çox səhhətimizlə maraqlanırdı. Sonuncu dəfə zəng edəndə hirsləndi dedi ki, daha zəng vurmayın, bizi növbəyə aparırlar. Sən demə, döyüş bölgəsinə aparırlarmış”.

Valideynlər bildirdi ki, Fəxrəddin əsgərliyini çəkib qutardıqdan sonra orduda qalmağı da planlaşdırırmış. Ali təhsili bitirəndə ona magistrdə davam etmək məsləhət veriblər. O isə qulaq asmayıb: “Torpaqlar işğal altındadır. Gecikmək olmaz”.

Anasının üçüncü uşağı

Ana bizə dibçəkdəki gülü göstərir: “Mən o gülə o qədər qulluq edirdim ki, Fəxrəddin həmişə zarafata salırdı. ”Bu mamanın üçüncü uşağıdır” deyirdi. İndi o gül mənə Fəxrəddini xatırladan nəsnələrdir”.

Həzimə xanım deyir ki, şəhidin adının küçəyə verilməsi üçün müraciət etmədikləri ünvan qalmayıb: ”Bundan ötrü bizdən şəhid olmuş adamın azı iki medala sahib olmasını istəyirlər. Beş günlük döyüşdə bir adam necə 2 medal ala bilər? Binəqədiyə təyin olunmuş yeni icra başçısı bizimlə ümumiyyətlə maraqlanmır. Görürsünüz ki, evimiz darısqaldı. İcra başçısına bu barədə müraciət etsək də, yalnız bir cavab eşidirik: Gözləyin”. Biz də gözləyirik...”

Söhbəti bitirib şəhidə həsr olunan guşəylə tanış oluruq. Fəxrəddinin bütün paltarları, əşyaları, portretləri bizimlə danışır. Şəhidin atası onları bir-bir təqdim edir: işlətdiyi telefon, qələm kolleksiyası, saatları, komputeri, hətta oyuncağı.

Yatağının üzərinə sərilmiş üçrəngli bayraq onu əbədiləşdirir.

Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra Ali Baş Komandanın əmri ilə "İgidliyə görə" üçüncü dərəcəli medal ilə əltif edilib.

Azərbaycan Universiteti isə onun adına təqaüd təsis edib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər