Son zamanlar boşanmaların sayı sürətlə artır. Boşanma prosesi heç də hər zaman sakitliklə ötüşmür. Tərəflər arasında bir çox problemlər və mübahisələr yaranır. Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri də aliment məsələsidir. Bəs uşaqların saxlanılması üçün aliment hansı məbləğdə alınmalıdır? Bu məbləğ artırıla və ya azaldıla bilərmi?
Bakı Hüquq Mərkəzinin hüquqşünası İsrafil Əlili Teleqraf.com-a bildirib ki, Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar:
“Bu vəzifədən irəli gələrək Ailə məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir”.
Hüquqşünasın dediyinə görə, Ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan məbləğn miqdarı da qeyd olunub: “Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısında tutulur”.
İ.Əlili deyib ki, məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Belə ki, şəxs alimentin miqdarının dəyişdirilməsini tələb edə bilər. Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.
Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.
“Məsələn, vətəndaş yeni nikaha daxil olubsa və bu nikahdan övladı varsa, onda nikah haqqında şəhadətnaməni və həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini və ya təsdiqlənmiş surətini əlavə etməlidir və ya əmək haqqında azalma olmuşdursa, iş yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək lazımdır. Yaxud, işdən çıxıbsa və heç bir yerdə işləmirsə, onda işdən çıxarılma barədə Əmrin, əmək kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini və ya surətini məhkəməyə vermək lazımdır.” – deyə hüquqşünas vurğulayıb.
Hacı Zeynalov