Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai-siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, elm, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Budəfəki təqdimatımız tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin qızı Könül Atakişiyeva (Hüseynova) haqqındadır.
O Könül Atakişiyeva ki, son günlər qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin ayaqda durmağı bacaran həyat yoldaşı və mətin bir xanım olaraq medianın gündəmindədir.
10 Noyabr 1953-cü il tarixində dünyaya gələn Qabil Hüseynli uzun illərdi ki, Azərbaycan mediasında politoloji təhlillər, şərhlərlə çıxış edir. O, siyasətə gələnə qədər elmlə məşğul olub. Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının müdiri vəzifəsində işləyib.
1988-ci ildə Dağlıq Qarabağda separatizm hərəkatı yüksələndə və meydan hərəkatı başlayanda xalqa qoşularaq, milli azadlıq hərəkatında iştirak edib. Meydan hadisələrinin sıravi iştirakçısı olan Q.Hüseynli sonra siyasətə qoşulub. O dövrün ilk kütləvi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə üzv olub. AXC Məclisinə seçilərək, orada Qaçqınlar Komissiyasının sədri olub. Bundan sonra aktiv siyasi fəaliyyəti başlayıb.
Q.Hüseynli Fəzail Ağamalı ilə birlikdə ideyası ona məxsus olan Ana Vətən Partiyasının qurulması üçün təşkilat komitəsi yaradıb. Bu partiyanın yaradılması prosesində iştirak edən Q.Hüseynli sonra kənara çəkilib. O, 1992-ci ildə AXC-nin dağılması nəticəsində yaranan ilk siyasi partiyaya Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına daxil olub. AMİP-in Siyasi Şurasına üzv seçilib.
O zamanlar Q.Hüseynli həm də Azərbaycan Televiziyasında siyasi verilişin aparıcısı idi.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldiyində AMİP-də təmsil olunmuş bir sıra şəxslərə - Elçin Əfəndiyev, Babək Hüseynoğlu, Gündüz Cəlilov, Rəsul Quliyev, Əli Əhmədov, Novruz Məmmədov və digərlərinə iqtidarda müxtəlif vəzifələr verilib. O cümlədən də Qabil Hüseynli Prezident Aparatında dövlət müşaviri vəzifəsinə təyin edilib.
Heydər Əliyevlə şəxsi münasibətləri dövlət müşaviri təyin olunmağında önəmli rol oynayan Q.Hüseynli bu vəzifədə uzun müddət qala bilməyib. Belə ki, o, 1995-ci ilin mart hadisələrindən sonra istefaya getmək haqqında ərizə yazıb.
Dövlət müşaviri postundan gedəndən sonra bir müddət Türkiyədə yaşayıb. Həmin dövrdə o, “Azadlıq” radiosunun Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərib.
Q.Hüseynli 1999-cu ildə Müsavat Partiyasının sıralarına qəbul olunub. 2011-ci ildə isə Müsavat sıralarından istefa verib.
Q.Hüseynli hazırda Azərbaycan Texniki Universitetdə fəlsəfə kafedrasında professor vəzifəsində çalışır.
Qabil Hüseynlinin bir qız, bir oğlan övladı var. Onun həm qızı, həm də oğlu musiqiçidir.
Könül Atakişiyeva (Hüseynova) Bakı şəhərində anadan olub. Musiqiyə lap kiçik yaşlarından həvəs göstərən Könül xanım 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub.
1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsində professor Y.Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil ocağının bakalavr, 2004-cü ildə isə magistr pillələrini bitirib. 2008-ci ilin may ayında “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
K.Atakişiyeva 2004-cü ildən Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent vəzifəsində çalışır.
2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.
K.Atakişiyeva təhsildəki uğurlarına görə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Fəxri fərmanı” ilə təltif olunub. O, həmçinin 22 ç.v. həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "R.Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin, 18 elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş Elmi məqalələr müsabiqəsində diploma layiq görülüb. Onun “Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2008-ci ildə Kitab Nominasiyası üzrə “Humay” Milli Mükafatına layiq görülüb. Fərhad Bədəlbəyli yaradıcılığının bütün sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir.
Könül Atakişiyeva R.Şumanın “Şairin məhəbbəti” vokal silsiləsi (2013) və R.Leonkovallonun "Məzhəkəçilər" operası (2015) layihələrini tələbələri ilə birlikdə uğurla təqdim edib.
Könül xanım hazırda Bakı Musiqi Akademiyasında fortopiano kafedrasında dərs deyir, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Könül Atakişiyevanın mərhum pilot Rəşad Atakişiyevlə evlilikdən iki oğul övladı var: biri 3, digərinin 7 yaşındadır.
Könül Atakişiyevanın əri, polkovnik-leytenant Rəşad Atakişiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Avqustun 20-də isə pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılıb. Mərhumun cənazəsi avqustun 21-də II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Rəşadın hərbidən ehtiyata buraxılmasına 3 il qalmışdı, amma əcəl imkan vermədi…