28 Avqust 2019 13:59
2 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim teatrda işlədiyi 6 il müddətində Şəbnəm Cəbrayılovaya həssas yanaşmışam. Kimsəsiz olduğunu, yaxın qohumlarının da ondan imtina etdiyini biləndə ona valideyn qayğısı göstərmişəm. Maddi və mənəvi baxımdan ona yardım etmişəm. Hazırda isə körpəsini itirməsi səbəbi ilə bizi məhkəmə verir. Məsələnin qanuni çərçivədə həllinə biz də tərəfdarıq”.

Bu sözləri Teleqraf.com-a İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev aktrisa Şəbnəm Cəbrayılovanın hamiləliyinin pozulmasında onu günahkar bilməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Direktorun sözlərinə görə, Şəbnəm Cəbrayılova bundan əvvəl bir neçə dəfə öz xahişi ilə işdən çıxmasıyla bağlı ərizə yazıb:

“Depressiyaya düşməsini əsas gətirərək bundan əvvəl bir neçə dəfə işdən çıxmaqla bağlı ərizə yazıb, ərizəni imzalamğımı xahiş edib. Mənsə işdən çıxmaması üçün onunla həmişə danışıqlar aparmışam”.

İftixar Piriyev aktrisanın hamilə olduğunu işdən çıxarıldıqdan sonra bildiyini vurğulayıb: “O, hamiləliyinə dair teatra heç bir sənəd təqdim etməyib. Bilsəydik onu qastrollara məcburi göndərməzdik”.

Teatr direktoru Şəbnəm Cəbrayılovanın İrəvan Dövlət Dram Teatrından çıxmasına da aydınlıq gətirib:

“Mən dövlət statuslu teatrın direktoruyam. Qanundan kənar heç nə edə bilmərəm. Onunku yalnız xaos yaratmaqdır.

Şəbnəm Cəbrayılova sonuncu dəfə qeyri-qanuni olaraq 15 gün işə gəlməyib. Sonradan aldığımız məlumata görə, başqa yerdə animator kimi fəaliyyət göstərib. Amma qanuni olaraq onu qastrollara göndərəndə bundan narazılıq edir. Bu səbəbdən o, işdən azad olundu.

Biz hüquqi çərçivədə iş görmüşük. Onun digər yalanlarına isə münasibət bildirmək istəmirəm. Məhkəmədə hər şey aydın olacaq”.


Müəllif: İmamət İsmayılova