Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər.
Nazirliyin İctimai Əlaqələr Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantların andiçmə mərasimi keçirilib.
Akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirak etdikləri təntənəli mərasimdə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Kursantları və onların valideynlərini bu əlamətdar hadisə münasibətilə təbrik edən Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev bildirib ki, bu gün kursantlar Vətənə sədaqət andı içərək ölkəmizin və xalqımızın müdafiəçiləri sırasına qoşulacaqlar: “Seçdiyiniz peşə müqəddəs peşədir, Vətəni qorumaq, onu müdafiə etmək peşəsidir. Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz bir dəfə hərbi and içirik və həyatımızın sonuna kimi andımıza sadiq olmalıyıq, çünki bu, Vətənə, xalqa, ana torpağa, müstəqil Azərbaycan dövlətinə sədaqət andıdır, şərəf, namus və vicdan məsələsidir. Bu, şüurlu vətəndaş andıdır”.
O, qeyd edib ki, hərbi andı qəbul edən hərbi qulluqçu vəzifəsinə şüurlu münasibət bəsləməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, doğma torpağını, xalqını, dövlətini sonsuz bir məhəbbətlə sevməli, lazım gələrsə bu yolda canından belə keçməyə hazır olmalıdır. Eyni zamanda, hərbi qulluqçu mövcud qanunları bilməli, hərbi nizamnamələrin tələblərini dəqiq və şüurlu surətdə yerinə yetirməli, komandirlərin və rəislərin əmrlərini sözsüz və vaxtında icra etməlidir, peşə vərdişlərini daim təkmilləşdirməlidir.
İ.Allahverdiyev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev MTN-in əməkdaşları ilə görüşlərinin birində deyib: “Nizam-intizam Milli Təhlükəsizlik Nazirliyinin işinin əsasını təşkil edən amillərdən biridir. Siz hərbi qulluqçusunuz. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Milli Təhlükəsizlik Nazirliyinin hər bir işçisi bilməlidir ki, nizamnamə, Konstitusiya hər birimiz üçün rəhbər və istiqamətverici sənədlərdir”.
General-mayor qeyd edib ki, mərasimdə iştirak edən hər bir gənc xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı olmaqdan qürur və şərəf duymalı, bu ada layiq olmalıdır. Əməliyyat işçisi olmaq, təhlükəsizlik orqanlarında qulluq etmək olduqca məsuliyyətli və şərəfli işdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatının 25 ilini məhz bu orqanlarda xidmətə həsr etmiş, leytenant rütbəsindən general rütbəsinə kimi yüksəlmiş, bu orqanlarda öz peşəkarlıq məktəbini yaratmışdır. Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevi özlərinin əbədi və fəxri rəhbəri hesab edirlər.
MTN-in Heydər Əliyev adına Akademiyasının yaradılması və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan natiq ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb.
O, bildirib ki, Akademiyanın şəxsi heyəti ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi tədbirlərə, əhalinin bütün təbəqələrinin, o cümlədən məxfi xidmət işçilərinin rifahının yaxşılaşdırılmasına və bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin inkişafı üçün görülmüş böyük işlərə görə ulu öndər və onun işinin layiqli davamçısı, möhtərəm Prezidentimizə ürəkdən minnətdardır.
Tədbirdə qeyd edilib ki, bu gün milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun təşəbbüsü, rəhbərliyi və nəzarəti altında Akademiyanın inkişafı üçün böyük işlər görülür. E.Mahmudovun rəhbərliyi ilə milli təhlükəsizlik orqanları təhlükəsizliyin təmini, cinayətkarlıqla, onun ağır və transmilli növləri ilə mübarizədə böyük uğurlara imza atırlar. Gənc kursantlarımız da Akademiyanı bitirdikdən sonra bu fəaliyyətdə birbaşa iştirak edəcək və müstəqilliyin, dövlətçiliyin, milli maraqların qorunmasına öz töhfələrini verəcəklər.
Akademiyaya rəhbərlik edən, ulu öndərimizlə çiyin-çiyinə təhlükəsizlik orqanlarında uzun müddət qulluq etmiş general-leytenant Ziya Yusif-zadənin zəngin təcrübəsi, idarəçilik qabiliyyəti sayəsində Akademiya respublikamizin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib. Professor-müəllim heyəti uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş bilikli və təcrübəli zabitlər hesabına komplektləşdirilib.
Akademiyada kursantların istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, kompüter və linqofon kabinetləri, kriminalistika laboratoriyası, yay və qış idman kompleksləri, zəngin kitabxanalar ən yüksək standartlara cavab verir.
Çıxış edən gənc kursantlar onlara ulu öndər Heydər Əliyevin adını daşıyan bu Akademiyada təhsil almaq imkanı yaradıldığı üçün MTN-in rəhbərliyinə minnətdarlığını bildirib, özünün və yoldaşlarının adından təlim-tədris və fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz veriblər.
Təntənəli mərasimdə valideynlər də çıxış edərək övladlarının Akademiyanın kursantları cərgəsinə qoşulmalarından böyük qürur duyduqlarını, yaradılmış nümunəvi şəraitə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında mətin addımlarla tribuna önündən keçiblər.
Sonra təhsil müəssisəsinin akt zalında Akademiyanın bir qrup rəhbər heyəti valideynlərlə görüşüb, kursantlar üçün yüksək səviyyədə yaradılmış təlim-tədris və məişət şəraitindən danışıb, verilən sualları cavablandırıblar.