Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 27-28-də təşkil olunacaq tədbirlər çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin təbliği, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə proqramlar təqdim ediləcək.
Mədəniyyət günləri çərçivəsində “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı olacaq.
Həmçinin Heydər Əliyev Fondu, Azərbaycanın Yunanıstandakı səfirliyi və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti keçiriləcək.
Artıq Afina ölkəmizi tərənnüm edən banerlərlə bəzədilib, eləcə də şəhər küçələrindəki monitorlarda müxtəlif video çarxlar nümayiş etdirilir.
Xatırladaq ki, Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın təbliği məqsədi ilə bu günədək Rusiya, Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdə bir sıra tədbirlər, müxtəlif layihələr həyata keçirib.