Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı çərçivəsində Abşeron rayonunun Qobu qəsəbəsində də müasir tələblərə cavab verən 10 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazilrikdən Teleqraf.com-a verilən məlumata görə, yeni fərdi yaşayış evləri ilə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, xüsusilə ildən-ilə genişlənən mənzillə təminat proqramından razılıqlarını ifadə ediblər. Onlar yeni fərdi yaşayış evləri təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Mənzillərin sənədlərini və açarlarını təqdim edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, həmin kateqoriyalardan olan 934 nəfərin 2019-cu ildə mənzillə və fərdi evlə təminatı nəzərdə tutulub. Onlardan artıq 386 nəfərinə yeni tikilmiş yaşayış binalarından alınmış mənzil və fərdi ev təqdim olunub, qalanları da bu ilin sonunadək mənzillə təmin olunacaq.
Şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nazirlik tərəfindən indiyədək 7040 mənzil və fərdi yaşayış evi verilib.