27 Noyabr 2019 13:08
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər il Azərbaycanda təhsil sisteminə təxminən 70 min vətəndaş daxil olur. Ancaq onlardan təxminən 50 mini təhsilini davam etdirmir və sözsüz ki, əmək bazarında da özünə layiqli iş tapa bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov deyib.

Onun sözlərinə görə, burada da layiqli iş tapa bilməyənlər xaricdə iş tapa biləcəklərini düşünürlər: “Belə olduqda da onlar hansısa yolla xaricə gedirlər. Həmin ölkələr isə xüsusi müqavilələr əsasında bu şəxsləri kvalifikasiyasız olduğu üçün geri qaytarır. Belə halların olmaması üçün gənclərin təhsillərini davam etdirməyi təşviq etməliyik. Hazırda iqtisadi fəal əhalinin yalnız 33 faizinin kvalifikasiyası var. Kvalifikasiyasız işçi qüvvəsi heç kimə lazım deyil. Bəzi insanlar kvalifikasiyası olmadığına görə əmək bazarına daxil ola bilmir".

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda hər il yetkinlik yaşına çatan 140-150 min gəncin təqribən 20 mini nə əmək bazarına daxil olur, nə də təhsilini davam etdirir: "Əfsus ki, bunların əsas hissəsini qızlar təşkil edir. Təəssüf ki, Azərbaycanın bəzi bölgələrində qızları tez ərə verir, ya da ailə qurmağa hazırlayırlar. Böyük nəticələr əldə etməyimizə baxmayaraq, hələ hər bir Azərbaycan vətəndaşı üçün layiqli iş yeri yarada bilməmişik. Vacib məsələ odur ki, hökumət mövcud problemləri həll edir, bununla bağlı strategiyası var".

Nazirlik rəsmisi qeyd edib ki, ölkədə doğulanların sayı ölənlərin sayından demək olar ki, 3 dəfə artıqdır: "Sözsüz ki, bu, bizi sevindirir. Ancaq bu məsələ həm də hökumət qarşısında böyük çağırışlar qoyur. Doğulan, əmək qabiliyyəti yaşına çatan insanların layiqli işlə təmin edilməsi vacib çağırışlardan biridir. Son illər ərzində Azərbaycanda hər il 140-150, bəzən isə 160 minə qədər uşaq doğulur. Onların 96-97 faizi əmək qabiliyyətli yaşa çatır. 15 yaşdan sonra onlar ya təhsillərini davam etdirirlər, ya da əmək bazarına daxil olurlar. İqtisadiyyatımız o qədər güclü olmalıdır ki, bu insanların hər biri üçün layiqli iş yeri yarana bilsin. Eyni zamanda pensiya yaşının qaldırılması ilə qərarların verilməsi də bizi bəzi çağırışlarla üzləşirdi. Hər il pensiya yaşı çatdığı üçün əmək bazarını tərk edən yaşlı vətəndaşların sayı təqribən 20 min nəfər azalır. Digər tərəfdən də yaşlı vətəndaşlarımızın əmək bazarından çıxma sürəti azalıb. Vacib problemlərdən biri odur ki, gənclərimizin təhsilə həvəsi artsa da, hələ də kifayət qədər gəncimiz orta məktəbi bitirdikdən təhsilini davam etdirmir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər