11 Yanvar 2020 09:05
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir:

- Konqres ABŞ Prezidenti Trampa onun xəbəri olmadan NATO-dan çıxmaq, nüvə silahından istifadə etməklə bağlı blok qoymuşdu. İndi isə prezidentə Konqresin xəbəri olmadan İrana qarşı əməliyyata başlamaq məhdudiyyəti tətbiq edib. Sizcə, bu nə ilə bağlıdır?

- Birinci səbəb impiçmentin ola bilməsidir. Çünki Konqresdə hazırda impiçment prosesi gedir.

İkincisi, Tramp ABŞ-ın ənənəvi siyasi xəttindən kənara çıxır və bu o qədər də müsbət qarşılanmır.

Üçüncüsü və ən əsası odur ki, adətən, dava edən adam çalışır ki, biri ilə dava eləsin. Əgər sənin düşmənlərin bir neçədirsə, sən onların hamısı ilə eyni zamanda dava etmirsən. Çünki eyni anda bir neçə rəqiblə mübarizə aparmaq çətindir. Odur ki, sən rəqiblərini təkləyib bir-bir haqq-hesab çürüdürsən. Tramp isə bütün dünya ilə dava edir. Məsələn, İranla dava edir. Avropa Birliyi ilə konflikti var. Az qala NATO-nu dağıdacaqdı. Çinlə ticarət müharibəsi aparır. Türkiyə ilə münasibətlər göz önündədir. Kanadaya polad ixracına problem yaratdı. Şimali Koreya ilə oyun oynayır. Ümumən dünya ilə qarşıdurmadadır. Ondan əvvəl Obama birinci prezidentlik dövründə Rusiya ilə yaxınlıq etdi, sonra anladı ki, Moskvanın ipinin üstünə odun yığmaq mürəkkəb məsələdir. Odur ki, sanksiyalara keçdi. O zaman daha ağıllı siyasət yürüdülürdü.

- Nəyi nəzərdə tutursunuz?

- Məsələn, Obama o zaman Rusiya ilə mübarizəyə başladı və İran üzərindən sanksiyaları götürdü, nüvə silahı ilə bağlı müqaviləni həyata keçirməyə başladı. Nəticədə İran nefti dünya bazarına çıxan kimi qiymət ucuzlaşdı və bu da Rusiyanın vəziyyətini pisləşdirdi.

Xatırlayırsınızsa, Reyqan SSRİ-nin belini neftin qiyməti ilə qırdı. Çünki o zaman neftin bir bareli 20 dollar idi. Reyqan ərəb ölkələrinə səfər etdi və razılığa gəldikdən sonra qiymətlər gurultu ilə 8 dollara düşdü. Neftin qəfildən 12 dollar ucuzlaşması SSRİ-nin belini qırdı. Təbii ki, kompleks məsələlər var idi. Kosmik hava gücləri, kosmosdan hava zərbələri endirmək proqramları var idi. ABŞ bu proqrama 1 sent belə xərcləmədi, amma SSRİ-dəki qoca generallar buna uydu və SSRİ-nin olub-qalan pulunu da buna sərf etdilər.

Amma Tramp dünya ilə savaşır və onun bu hərəkəti ilə ABŞ-ı hürküdür. Düşünürlər ki, birdən nüvə silahı tətbiq edər. İranla müharibəyə girişər. Qasım Süleymanini öldürəndən sonra neftin qiyməti 4 gün yüksəldi. Bu kimin xeyrinə idi? Təbii ki, Rusiyanın.

Eyni zamanda Konqresdə respublikaçı və demokratlar arasında daxili siyasi mübarizə də gedir. Bu səbəbdən də Trampın əl-ayağını yığırlar. Bu adam ölkəni Tvitter vasitəsilə idarə edir. Bu da ənənəvi siyasət yürüdən ölkə üçün qeyri-ciddi və təhlükəli gəlir. Ola bilsin, bizim bilmədiyimiz məqamlar da var.

- ABŞ-İran qarşıdurması nə ilə bitəcək?

- Burada müəyyən məqamlar var və bu məqamların arxasında böyük pullar durur. Fikrimcə, burada siyasətdən daha çox böyük pullar rol oynayır. Məsələn, sanksiyalardan sonra İran öz neftini rəsmi qaydada dünya bazarlarına çıxarıb sata bilmir. Amma Çinə arxa qapıdan sata bilir. Qasim Süleymani bu yaxınlarda İraq neftinin 800 milyard dollar həcmində Çin tərəfindən alınmasına dair müqavilə imzalanmasına nail olmuşdu. Hər halda belə rəqəmlər səslənir. Yəni İraq neftinin Çinə satılması ideyasının arxasında Qasım Süleymani dururdu. Bildiyiniz kimi, bir rəsmi bazarlarda satış var, bir də beynəlxalq korporasiyalar və onların səhnə arxasında gördüyü işlər var. Qasım Süleymani bu işlərə mane olurdu. Bu səbəbdən də onu aradan götürdülər. Yəni burada tək Tramp məsələsi yoxdur. Ümumi korporativ maraqlar var.

- Yəni müharibə olmayacaq?

- Yox, müharibə ehtimalı yoxdur. Çünki bu gərginliyi 1979-cu ildən bu yana müşahidə edirik. Gərginlik gah səngiyir, gah qızışır. Sanki həm də idarə olunan gərginlikdir və heç vaxt nəzarətdən çıxmır. Mən belə düşünürəm. Əgər məsələ birbaşa toqquşmadan gedirsə, bu az ehtimal olunur. Rusiya və Qərbin ekspertləri qeyd edirlər ki, birbaşa toqquşma baş versə, bu qlobal şəkil almayacaq. Başqa sözlə nə Çin, nə də Rusiya İranın arxasında durub ABŞ-la müharibə aparmayacaq. Bu baxımdan ABŞ-ın İrana müdaxilə etmək niyyətini ciddiləşdirsə, İraqdakı prosesə oxşar hadisələr baş verəcək. Hər halda zamanında İraq ordusu İran ordusundan güclü hesab olunurdu. Amma İranın da nəyisə var. Yəni ABŞ-la təkbətək qalacaq. Xəritəyə baxanda açır görünür ki, İran dörd tərəfdən Qərb ölkələrinin silahlı qüvvələri ilə əhatə olunub. Təkcə ABŞ deyil, İngiltərə və digərləri var. Bir şey olarsa, bu ölkələr birlikdə hərəkət edəcək.

- İran və Amerika qarşıdurması kimin xeyrinə, kimin ziyanınadır?

- İraq artıq ziyan çəkib. İraqda normal hökumət yoxdur, faktiki ölkənin bütün ərazisini idarə edə bilmir. Şimali İraqda kürd muxtariyyəti var və onlar öz bildiklərini edirlər. Silahlı qüvvələri var, ayrıca Vaşinqtonla münasibətləri mövcuddur, silah və neft alıb satırlar. Suriyada mərkəzi hökumət deyilən bir sistem artıq qalmayıb. Yalandan Hafiz Əsədin oğlu orada oturub və rusların hesabına nəsə etmək istəyir. Liviyada faktiki qırğın gedir. Yənu bu coğrafiyada qarşıdurma egdir, bulanıq su axır, balıq tutmaq istəyənlər də ətrafda fırlanır. İranın da bu ölkələr sırasına qoşulması ola və ya olmaya bilər. Əslində bu Qərb dövətləri üçün o qədər də maraqlı deyil. İran zəifləsə təbii ki, bundan ABŞ-la birlikdə Rusiya da xoşhal olar. Eləcə də ərəb ölkələri sevinər. Çünki İranla ərəb ölkələri arasında məzhəb rəqabəti var. ABŞ olmasa da, onlar məzhəbə görə bir-birlərini didirlər. Bir sözlə, bu hadisələr nə İranın, nə də adını qeyd etdiyim ölkələrin nəfinə işləmir.


Müəllif: Cavad

Oxşar xəbərlər