Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.
Medal Dövlət Sərhəd Xidmətinin rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib.
Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Şəhid Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb./Report/