Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar həyata keçirilir.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, agentliyin inzibati binasında, həmçinin tabeliyində olan bütün MMC-lərin inzibati binalarında, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, dəhlizlərdə, pilləkənlərdə və foyelərdə xüsusi dərmanlanma işləri həyata keçirilir.
Girişlərdə hərarət ölçmə qurğularının istifadəsi ilə inzibati binalara bütün daxil olanların hərarəti yoxlanılır, sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserləri quraşdırılıb.
Bundan əlavə, agentliyin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır. Bunun üçün maarifləndirici video çarxlar nümayiş etdirilir, giriş və çıxışlarda məlumat xarakterli elanlar vurulub.