29 Sentyabr 2014 20:08
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sığınacaq istəyənlərin çoxu Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyanı seçib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2014-cü ildə sığınacaq müraciətləri ilə bağlı tendensiyalara dair yarım illik hesabatını açıqlayıb. Təşkilatın İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən daxil olan hesabatda 2014-cü ilin birinci yarısında inkişaf etmiş sənaye ölkələrində qaçqın statusu almaq üçün müraciət edən insanların sayının artdığı bildirilir.

Ümumi tendensiyalara görə, inkişaf etmiş sənaye ölkələrində qaçqın statusu almaq üçün müraciət edən insanların sayı 2014-cü ilin birinci yarısında artıb ki, bunun da səbəbi Suriya və İraqdakı müharibələr, habelə Əfqanıstan, Eritreya və digər yerlərdəki münaqişələr və qeyri-sabit vəziyyətdir. Bu dövrdə bu ölkələrdə sığınacaq üçün 330.700 nəfər müraciət edib ki, bu da ötən ilə nisbətən 24 faiz artım deməkdir. Tarixi göstəricilərə əsasən, hər ilin ikinci yarısında sığınacaq axtaranların sayının daha da artdığını nəzərə alsaq, 2014-cü ildə sığınacaq üçün 700.000-dək müraciətin olacağını gözləmək olar ki, bu da inkişaf etmiş sənaye ölkələrində bütövlükdə 20 il ərzində ən yüksək rəqəmdir və 1990-cı illərdə keçmiş Yuqoslaviyadakı münaqişədən bəri görünməmiş səviyyədir. Müraciətlərin üçdə ikisindən çoxu təkcə altı ölkəyə – Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya təqdim edilib. Sığınacaq axtaran insanların əsas mənşə ölkəsi Suriyadır, onların sayı iki dəfədən çox artıb. Bu il yüz minlərlə insanın yenicə köçkün düşdüyü İraqdan olan sığınacaq axtaranlardan 21.300 müraciət daxil olub, onun ardınca isə Əfqanıstan və Eritreya gəlir.

Avropada və Avropa İttifaqındakı (Aİ) tendensiyalar da diqqətçəkəndir. Belə ki, Avropanın 38 ölkəsi ilə bağlı hesabata nəzər salanda sığınacaq üçün 264.000 müraciət qeydə alındığını görmək olar. Bu isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 24 faizlik artım, 2013-cü ilin ikinci yarımilliyi ilə müqayisədə 2 faizlik azalma deməkdir. İnkişaf etmiş sənaye ölkələrində sığınacaq üçün təqdim edilmiş bütün müraciətlərin 80 faizi Avropanın payına düşür. Aİ üzvü olan 28 ölkədə sığınacaq üçün 216.300 müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 23 faizlik artım deməkdir. Aİ-də sığınacaq üçün ən çox müraciətlər almış beş ölkə Almaniya, Fransa, İsveç, İtaliya və Birləşmiş Krallıq olub. Aİ-də sığınacaq üçün müraciət edənlərin çoxu isə Suriya, Eritreya, Əfqanıstan, Serbiya, Kosovo və Pakistan vətəndaşlarıdır.

Avropanın regionlarına görə isə yarımillik ərzində sığınacaq üçün təqdim edilmiş müraciətlərin sayında ən çox artım Cənubi Avropa ölkələrində baş verib. Bu ölkələr 2014-cü ilin birinci yarısında sığınacaq üçün 60.800 müraciət qəbul ediblər ki, bu da 2013-cü ilin birinci altı ayı ilə müqayisədə 73 faizlik artım deməkdir. Bu artım əsasən İtaliya və Türkiyədə beynəlxalq müdafiə üçün müraciət etmiş şəxslərin sayındakı artımla əlaqədardır. Mərkəzi Avropa Avropanın yeganə regionudur ki, burada sığınacaq üçün müraciətlərdə azalma baş verib. Azalma xüsusən Macarıstanda və Polşada olub. Skandinaviya sığınacaq axtaranların əsas təyinat yeri olaraq qalıb. Burada 38.900 yeni müraclət təqdim edilib ki, bu da bir il öncəki eyni dövrə nisbətən 36 faiz çoxdur, amma 2013-cü ilin ikinci yarısındakı saya nisbətən 19 faiz azdır.

Avropada sığınacaq üçün ən çox müraciət almış ölkələr üzrə ilk yerdə Almaniya gəlir. İnkişaf etmiş 44 sənaye ölkəsi arasında 1-ci yerdə olan Almaniyaya 2014-cü ilin birinci yarısında sığınacaq üçün 65.700 yeni müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövründə qeydə alınmış 43.300 müraciətlə müqayisədə 52 faizlik artım deməkdir. Fransaya olunan müraciətlərdə 4 faiz azalma olub ki, Serbiya, Rusiya və Albaniyadan olanların sığınacaq üçün müraciətlərin sayının azalması ilə bağlıdır. Suriyadan olanların müraciətlərinin sayı iki dəfədən çox artıb.

İnkişaf etmiş 44 sənaye ölkəsi arasında 4-cü yerdə olan İsveçə sığınacaq üçün 28.500 yeni müraciət təqdim edilib ki, bu da 2013-cü ilin birinci yarımilliyi ilə müqayisədə 51faiz artım deməkdir. Türkiyə sığınacaq üçün ən çox müraciət qəbul etmiş 5-ci ölkədir. Bura əsasən İraqdan olan vətəndaşlar müraciət edib.

İtaliyaya olunan müraciətlər artmaqda davam edərək 24.500 müraciətə çatıb ki, bu da təxminən bütövlükdə ötən il ərzində təqdim edilmiş müraciətlərin ümumi sayına bərabərdir. İtaliyanın ardınca Birləşmiş Krallıq, İsveçrə və Avstriya gəlir.

Ən çox müraciətlərin daxil olduğu mənşə ölkələrinə isə Suriya başçılıq edir. Daha sonra sıralamada İraq, Əfqanıstan, Eritreya yer alıb. Qeyd edək ki, sığınacaq axtaranların sayı inkişaf etmiş 44 sənaye ölkələri qrupu arasında indiyədək görünməmiş həddə çatıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər