7 Aprel 2020 15:21
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı hədəf alıb, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyasının təhlükəsinin miqyasını dərk edərək, tətbiq olunan məhdudiyyətlərə məsuliyyətlə əməl etməli, elmi fəaliyyətə, mütaliəyə, yaradıcılığa, mədəniyyətə üstünlük verərək, bu dəyərlərdən maksimum şəkildə yararlanmalıyıq.

Teleqraf.com xəbər verir ki, mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlarından səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ali təhsil ocaqlarında təhsil alan tələbələr arasında “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” adlı beynəlxalq esse müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi müxtəlif sahələr üzrə təhsil alan tələbələri Türk Dünyasının zəngin tarixini, mədəni irsini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə və bu dəyərlərin təbliğinə sövq etməkdir. Eyni zamanda, müsabiqənin hədəfi istedadlı gənclərin fikir ifadə etmək, yazmaq və anlatmaq bacarıqlarını təşviq etmək, onların potensial imkanlarının üzə çıxarılmasına şərait yaratmaqdır.

Esse sadəcə informasiya məzmunu daşımamalı, türkdilli xalqların günümüzədək yaşayan milli adət-ənənələri, mərasimləri, eləcə də Türk Dünyasının ortaq mədəni-mənəvi xüsusiyyətləri ilə bağlı müəllifin düşüncələrini əks etdirməlidir.

Müsabiqədə iştirak edəcək tələbələrin özləri barədə məlumat (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edilməlidir. Esse üç səhifədən az olmamalı, ana dili və ingilis dilində 15 may 2020-ci il tarixinədək [email protected] elektron poçtuna göndərilməlidir. Seçilmiş esselər xüsusi hazırlanan kitabda dərc ediləcək.

Qaliblər diplom və mükafatlarla təltif olunacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər