Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması və ölkə əhalisinin sağlamlığının qorunması ilə bağlı atdığı addımlara görə Prezident İlham Əliyevin ünvanına vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Teleqraf.com Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Gədəbəy rayonu, Çalburun kəndindən Quliyev Əhməd Leysan oğlu yazır: " Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Hazırda bir çox ölkələri öz ağuşuna alan pandemiya Azərbaycandan da yan keçmədi. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. İnanırıq ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itki ilə çıxacaq.
Belə çətin zamanda hər bir vətəndaş özünü dövlətin, Prezidentin himayəsində hiss etdi. Bunun bariz nümunəsi kimi, bu ay imzaladığınız fərman və sərəncamları xüsusi qeyd etmək lazımdır. Yaşı 65-dən yuxarı 176 məhbusun əfv edilməsi Sizin necə humanist Prezident olduğunuzu göstərir. İşsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər.
Cənab Prezident, bütün bunlara görə ailəmiz adından Sizə təşəkkür edirəm. Biz gənclər Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik".
Bakıdan Əfəndiyev Sabir İsmayıl oğlu yazır: " Möhtərəm cənab Prezident. Mən pensiyaçı babayam, yeddi nəvəm vardır, onlardan ikisi qardaş Türkiyədə təhsil alır. Onların atası, yəni oğlum Azərbaycan Ordusunun zabitidir.
Ölkəmiz və dünyamız üçün bu çətin koronaviruslu günlərdə nəvələrim Türkiyədən xəbər verdilər ki, dövlətimiz onların hər birinə maddi yardım etmişdir. Bu xoş xəbərdən çox sevindim, fərəhləndim və böyük qürur hissi keçirdim, ürəyim dağa döndü. Allah da Sizi sevindirsin.
Hörmətli Prezident, əlli iki ildən artıq əmək stajım vardır. Bütün həyatım boyu elimə, obama, millətimə, xalqıma, doğma yurduma, Vətənimə bağlı olmuşam, onunla birlikdə addımlamışam, ölkəmin ictimai-siyasi həyatında daim fəal olmağa çalışmışam.
Xoşbəxtlikdən taleyim elə gətirmişdir ki, gənclik-tələbəlik illərim də daxil olmaqla, demək olar ki, bütövlükdə təhsil və əmək fəaliyyətim ulu öndərimiz Heydər Əliyevin Sovetlər İttifaqında və müstəqil Azərbaycanda rəhbər vəzifələrdə olduğu dövrlərə təsadüf edib. Mən onu həmişə böyük maraqla izləmişəm, dinləmişəm, daim ondan öyrənmişəm, daim ona inanmışam və yaxşı bilirəm ki, Siz hansı ictimai-siyasi məktəbin yetirməsisiniz. Odur ki, prezident seçkilərində birmənalı olaraq Sizi dəstəkləmişəm və bir seçici olaraq Sizə səs vermişəm. Həmişə əmin olmuşam və bu gün bir daha təsdiqləndi ki, öz seçimimdə yanılmamışam. Siz, doğrudan da, ölkəmizin hər bir vətəndaşının qayğısına qalan layiqli Prezidentimizsiniz, Ali Baş Komandanımızsınız.
Nəticələr göz qabağındadır. Biz yaxşı görürük ki, “mənəm-mənəm” deyən lider ölkələr dünyanı çulğamış koronavirus sınağında hansı vəziyyətdədirlər. Yalnız Sizin uzaqgörənlik, yüksək təşkilatçılıq, hər bir məsələyə ciddi yanaşmaq bacarığınız, eləcə də bizim sevimli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımıza ana qayğıkeşliyi sayəsində Azərbaycanımız ağır bəlalara düçar olmamışdır. Bunları görməyənlər nadandırlar.
Əziz və hörmətli Prezidentimiz, biz ailəlikcə Sizinlə fəxr edirik. Sizə ailənizlə birlikdə uzun və sağlam ömür, cansağlığı, ailə xoşbəxtliyi, ölkə rəhbəri kimi bütün fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər və uğurlar diləyirik.
Qazax rayonundan təqaüdçü Yusifov Yusif Əhməd oğlu Prezident İlham Əliyevə məktubunda bildirir ki, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər: "Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində görülən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb.
Yerlərdə əhalinin sosial müdafiəsinə yönəlmiş planlar layiqincə icra olunur, nəticədə hər bir ailə dövlətin sosial qayğısını öz üzərində hiss edir. Qazax rayonunda aidiyyəti qurumlar koronavirusa qarşı mübarizəyə səfərbər edilib, imkanı olan şəxslər aztəminatlı ailələrə yardım göstərirlər.
Rayonumuzun ağsaqqalları, ziyalıları adından Sizə, nəcib işləri ilə xalqın sevimlisinə çevrilmiş Mehriban xanıma minnətdarlığımızı bildirir, Siz başda olmaqla ailənizə cansağlığı, qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində fəaliyyətinizdə uğurlar arzu edirəm".
Bakıdan Güldanə Babaşova yazır: "Əziz və hörmətli Prezidentimiz.
Əvvəla Sizə və ailə üzvlərinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz əlillərə və kimsəsizlərə heç vaxt dəstəyinizi və qayğınızı əsirgəmirsiniz. Dövlətimizin başçısı olaraq xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərinizə görə Sizə dərin ehtiram bəsləyirik. Bu xalqa Sizin kimi Vətənini sevən igid oğul bəxş etdiyi üçün Allah atanıza və ananıza qəni-qəni rəhmət eləsin.
Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik. Sağlamlığımızın qorunması istiqamətində gördükləri misilsiz işlərə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edirəm.
Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün Azərbaycan xalqının bu çətin günlərdə bir olmasına, həmrəylik göstərməsinə mühüm töhfə verdi. İnanırıq ki, bu çağırışınızla bir gün doğma Qarabağımızı işğaldan azad edəcəyik".
Göyçaydan Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov və rayon sakini Sahil Hüseynovun məktubunda deyilir: "Dünyanı cənginə alan koronovirus pandemiyası ilə bağlı təxirəsalınmaz, qabaqlayıcı tədbirlərə, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, sağlamlığının qorunmasına, eləcə də, bu çətin dövrdə vətəndaşlarımızın sosial müdafiəsinə və biznes mühitinə dəyən ziyanın aradan qaldırılmasına göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Bu günlərdə ölkədə vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr heç nəyə nail olmayacaqlar. Biz Prezidentimizin ətrafında sıx birləşir, onun çağırışlarına və səsinə səs veririk".
Ağdam rayonu, İkinci Alıbəyli qəsəbəsindən Gülarə Əzimova və Qədir Cəfərovun ölkə başçısına ünvanladıqları məktubda bildirilir ki, bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox sevindirir:
"COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində Sizin tapşırıqlarınızın, çağırışlarınızın xalqımızın sağlamlığı naminə olduğunu hamımız bilir və bunu yüksək qiymətləndiririk.
Cənab Prezident, xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz Sizə olan inamımızı daha da gücləndirdi. Bununla yanaşı, dövlətimizin çətin vəziyyətlə üz-üzə qaldığı bir dönəmdə bizim kimi aztəminatlı ailələrə göstərdiyiniz maddi yardıma görə də Sizə minnətdarlığımızı bildiririk. Uca Allah Sizi və ailənizi qorusun".
Şamaxı rayonu, Çarhan kəndindən Rzayev Emin Səxavət oğlu yazır: "Möhtərəm cənab Prezident.
Ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Hələ ölkəmizdə COVID-19 inveksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanmışdı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
Mən bir şagird olaraq həmişə Sizin işlərinizi bəyənmişəm. Siz yaşlı insanlara daim xüsusi diqqət göstərmisiniz. Bu dövrdə biz bunu daha aydın görürük.
Siz bütün tədbirlərdə Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin adını ucaldırsınız. Sizin sayənizdə bayrağımız ən uca zirvələrdə, mötəbər yerlərdə dalğalanır. Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi qeyrətli, mərd oğlu, müdrik Prezidenti vardır.
Biz xalq olaraq həmişə Sizinləyik".