1952-ci ilin yanvar ayında Türkiyədə “Aras” adlı aylıq ədəbi, siyasi, türkçü dərgi çap olunub. Jurnalın sahibi Turan Atasever, yazı işləri müdiri isə Abbas Gökçə olub. Jurnalın ilk sayının qapağında bozqurd və ay-ulduz təsviri verilib, çap məqsədi belə izah edilib: ““Aras” bir ideal uğrunda yorulmadan mücadilə etmək qayəsi ilə çıxır; “Aras” hər cür ticari və maddi mənfəətlərdən uzaq, sadəcə inandığı böyük mübarizənin gerçəkləşməsinə xidmət edəcəkdir; Bu mübarizə zəmininə görə rəng dəyişdirən buqələmunların deyil, Ağrı dağı qədər məğrur, Araz çayı qədər təvazökar qartalların mübarizəsidir...”
Jurnalı çap edənlərin Qars, Iğdır azərbaycanlıları olmaları səbəbindən türklük davası daxilində Azərbaycanın istiqlaliyyət mübarizəsinə xüsusi yer verilib. Bu baxımdan jurnalın ilk sayında Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 26 avqust 1951-ci ildə “Amerikanın səsi” radiosu vasitəsilə xalqa xitabı dərc edilib.
Jurnalın ikinci sayı Şərq fatehi adlandırılan Kazım Qarabəkir paşaya həsr edilib. Bu sayda Azərbaycan Cümhuriyyəti parlamentinin üzvü, mühacir siyasətçi Məhəmmədsadıq Aranın “İran türklərinə qarşı edilən zülmlər” məqaləsi yer alıb. Bu sayda “Çox ağrılı bir itkimiz” adı ilə mühacir şair Almas İldırımın vəfat xəbəri və onun “Gölcük” şeiri verilib.
Jurnalın üçüncü sayında Məhəmmədsadıq Aranın “İran türklərinə qarşı edilən zülmlər” məqaləsinin ikinci hissəsi, Mirzəbala Məhəmmədzadənin “Bir vəhşətin ildönümü” məqalələri yer alıb, Almas İldırımın vəfatı ilə bağlı həyat hekayəsi dərc edilib. Bu sayda şeir səhifəsində Əhməd Qaracanın Rəsulzadəyə ithaf etdiyi “Vətəni özləyirəm”, Kərim Yaycılının Almas İldırıma həsr etdiyi əsəri çap olunub. Jurnalın 4-cü sayında yenə Almas İldırıma həsr olunmuş bir şeir dərc edilib.
5-ci sayda Məhəmmədsadıq Aranın “27 aprel 1920” başlıqlı bolşevik işğalı ilə bağlı məqaləsi verilib. Cəmi 6 say çıxan “Aras”ın sonuncu sayında M.Rəsulzadənin “Azərbaycanın sömürülməsi” adlı məqaləsi, M.Aranın işğalla bağlı yazısının davamı çap olunub.
Mühacir şair A.İldırımın vəfatı münasibətilə dərc edilən şeirləri türkcəmizə uyğunlaşdıraraq təqdim edirik:
***
Fazlıoğlu Camal Oğuz Öcal
Ağlayırıq
Azərbaycanın milli şairi Almas İldırımın əziz ruhuna
Düşdü 14 yanvarda bağrımıza bir atəş,
Ağlasın dərdli Xəzər, ağlasın dustaq qardaş.
Bir yığın torpaq indi Malatyada İldırım
Ağlasın gözəl Qafqaz, ağlasın nazlı Krım!
Ey atəş ölkəsinin atəşli gənc ozanı!
Əfv et, nolur, ardından sənə ağı yazanı!
Vaxtsız ölümünə bax necə tutuyor yas
“Çınaralt”ı,”Gökbörü”, “Özləyiş”, “Orkun”, “Aras”!
Sağalmaz bir yaraydı bağrında Azərbaycan,
Yaşdır hələ gözlərdə: “A dağlar”, “Qara dastan”!
Hür ailə, hür həyat, hür insanlıq uğruna
Savaşdın qırmızılarla baxmadan qəlb ağrına!
“Dönək qardaş”, “Moskva”, “Müqəddəs ixtilal”ı
Yazarkən gəzdirirdin Altaylarda hilalı
“Boğulmayan bir səs”din, bükülməyən bir bilək,
Necə vurdu yerlərə səni zalım kor fələk!
Türklüyün fəryadını ürpərərək dinlərdin
Füzuli kimi yanar, Sabir kimi inlərdin!
Sipər edib sinəni Sibirya yellərinə
Söylədirdin ruhunu qopuzun tellərinə!
Çəkdiyin iztirablar artırmışdı gücünü
Müstərih ol, mütləq ki alacağıq öcünü
Qopacaqdır tez çağda özlədiyin ixtilal
Haqqıdır haqqa tapan millətimin istiqlal!
Söyləyirik çox şeylər aşiqə, eşqə dair
Fəqət sənə sözümüz yoxdur, ey milli şair!
Hüzurunda diz çöküb qaralar bağlayırıq,
Buraxdığın boşluğa baxaraq ağlayırıq!
(Şeirdə birinci bənddə şairin vəfat etdiyi Malatya şəhərinə işarədir. İkinci bəndin sonunda A.İldırımın əməkdaşlıq etdiyi jurnalların adlarıdır. Üçüncü, dördüncü bəndlərdə dırnaqda olanlar A.İldırımın şeirlərinin adlarıdır. Altıncı bəndin sonuncu misrası Mehmed Akifindir).
***
Kərim Yaycılı
Almas İldırımın ardından
Yanar könül yanar, onun ardından,
Almas kimi mənim şairim getdi,
İllərlə ayırıb Ana yurdundan,
Qürbət yedi onu, qürbət əritdi...
Gözlərdə son qalan bir damla yaşla
Hicrana susamış könüllər yaslı
Dolaşdıq qürbəti bu arxadaşla
Almas getdi, Almas, ağla Araslı!
Dallarda bülbüllər məndən də yanıq
Düşmənlər gülərkən bu yasımıza
Gölcükün suları bu gün bulanıq
Ağla, Gölcük, ağla, Almasımıza!
Almaqla bizlərdən belə igidi
Sönərmi qəlblərdə yurdun həsrəti?
Gözündə Bakının dumanı qaldı
Almas getdi, fəqət imanı qaldı.
(Iğdırlı şair Kərim Yaycılı Azərbaycan istiqlal mübarizəsinin ədəbiyyatda tərənnüm edən şəxs olub. Üçüncü bənddə A.İldırımın “Gölcüklə hasbihal”şeirinə işarədir)