Teleqraf.com-un suallarını Türkiyənin Konya şəhərində yaşayan jurnalist, Səlcuq Universitetinin dosenti Rövşən Ramizoğlu cavablandırıb. Koronavirus pandemiyası ilə əlaqədar Konyadakı vəziyyət barədə danışıb, distant təhsilin xarakterik xüsusiyyətlərinə toxunub, Türkiyədəki tələbələrin durumundan söz açıb. Onunla müsahibəni təqdim edirik:
- COVID-19 infeksiyasına qarşı Türkiyənin 31 şəhərində iki günlük küçəyə çıxmaq qadağan ediləndə ciddi təşviş yaşandı. Hətta Daxili İşlər naziri Süleyman Soylu baş verənlərə görə istefa ərizəsi belə yazdı. Yaşadığınız Konyada koronavirusla mübarizə fonunda vəziyyət necədir?
- Əslində, hərbi çevrilişlər vaxtı Türkiyədə demək olar ki, həmişə küçəyə çıxmaq qadağan olunub. Amma bir xəstəliyə, pandemiyaya görə bu qadağa ilk dəfə idi ki, tətbiq olunurdu. İlk iki günlük qadağan elan olunanda bəzi insanlar təşvişə düşdü. Bunu normal qarşılayıram, istənilən adamın ilk düşüncəsi – “görəsən evdə nəyə ehtiyac var” olur. Bu düşüncə ilə çox adam gecəylə küçələrə çıxıb dükanların önündə qələbəlik yaratdı.
Halbuki 2 gün elə də uzun müddət deyil və evdə olan gündəlik qida məhsulları ilə bu günləri küçəyə çıxmadan da rahat keçirmək olardı. Bir sıra insan isə müddətin sonra daha da uzadılacağını düşünüb dükanlara axın etdi. Amma sonra göründü ki, nə müddət uzadılır, nə çörək, su almaq problem olur. Çörək satan maşınlar qadağan günlərində məhəllə-məhəllə dolaşır və çıxıb çörək almaq problem deyildi. İkinci dəfə ikigünlük küçəyə çıxmaq qadağası elan olunanda artıq hər şey normal idi. Məncə, birinci qadağanın elan olunmasının vaxtı ilə də bağlı problem vardı. Əgər heç olmasa 2 gün öncədən bu elan olunsaydı, dükanlar önündə belə qələbəlik yaşanmazdı. Konyada vəziyyətə gəlincə, Konya koronavirusun Türkiyədə ən çox yayıldığı ilk 5 şəhər içərisindədir. Amma bir məsələ var ki, Ümrədən gələn ziyarətçilər üçün Ankara və Konya olmaqla, əsas iki şəhərdə karantin yerləri – tələbə yataqxanaları ayrılmışdı.
O ziyarətçilər arasında olan xəstələrin statistikası da karantində qaldıqları şəhərlərin statistikasına əlavə olunurdu. Buna görə də Konyanın statistikası bir az “qabarmışdı”. Təbii ki, bu sahədə ən böyük problem İstanbuldadı və xəstələrin təxminən 70%-i oradadır.
- Koronavirusla necə mübarizə aparırsınız, özünüzü infeksiyadan necə qoruyursunuz?
- Mən “evdə qal” çağırışına əməl etməyi vacib sayıram. Son 1 ayda həftədə bir dəfə olmaqla cəmi 4 dəfə dükana-bazara və universitetdəki işlərimə görə evdən bayıra çıxmışam. Ailə üzvlərim isə 15 martdan bu yana bir dəfə də olsun evdən çölə çıxmayıblar. Uşaqlar hər ikisi kiçikdir, ona görə onların bayıra çıxmağı da mümkün deyil, Türkiyədə həm yaşı 65-i keçən, həm də 20 yaşı tamam olmayan vətəndaşların küçəyə çıxması qadağandır. Evdən çıxanda isə maska və əlcək taxıram.
- İran, İtaliya və İspaniyada koronavirus sürətli yayıldığı vaxtda Türkiyədə hələ yoluxma faktı qeydə alınmamışdı. Qabaqlayıcı tədbir kimi nələr görüldü? Konyada rəsmilər hansı təlimatları verir?
- Xüsusilə İranda koronavirus yayılmağa başlayanda artıq Türkiyənin bu bəladan qurtula bilməyəcəyi məlum idi. Sərhədlərin dərhal bağlanmasını, xaricə səfərlərin ləğv olunmasını vacib addım sayıram. Konyada da gün boyu xüsusi polis maşınları küçələrdə dolaşıb insanlara evdə qalmaları üçün xəbərdarlıq edirlər.
Sadəcə dükanlar, apteklər və bir də qida kimi vacib gündəlik məhsullar istehsal edən iş yerləri çalışır.
- Koronavirusla bağlı ən müxtəlif versiyalar irəli sürülür, hələ də bu virusa qeyri-ciddi yanaşanlar var. Sizin qənaətiniz necədir, bu, təhlükəli virusdur, yoxsa bioloji silah?
- Mənim şəxsi düşüncəmə görə xüsusi laboratoriyada hazırlanmış bioloji silahdır. Əgər hansısa heyvandan insana keçibsə də, belə bir keçidi təmin etmək üçün bu virusun üzərində müəyyən bioloji təcrübələrin aparıldığını düşünürəm. “Biri yarasa ətini yedi, ondan bütün dünya xəstələndi” fikri mənə inandırıcı görünmür. Yarasa əti yeyən bəlkə min ildi o əti yeyir, niyə məhz indi bu pandemiyaya çevrildi? Məncə, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Qayda-qanunlara nə qədər çox əməl etsək, bu bəladan bir o qədər tez qurtularıq.
- Niyəsə hələ də insanlar ətrafda, tanışlar arasında bu infeksiyaya yoluxan insanlar axtarır. Sizin tanıdıqlarınız arasında virus aşkarlanan şəxslər varmı?
- Bizim məhəlləmizdəki binalardan birində yaşayan bir ailədə bu virus aşkar edilmişdi. Doğrudur, ailə ilə şəxsi tanışlığım yox idi, amma onların yaşadığı bina bütünlüklə xüsusi karantinə alındı, dezinfeksiya işləri aparıldı. İş yoldaşlarımdan birinin qaynatasında və həyat yoldaşında da bu virus aşkarlanmışdı. Almaniyada yaşayan bir jurnalist dostum da bu xəstəliyi keçirdi. Şükür, indi yaxşıdır.
- Sosial şəbəkədə Xalq şairi Ramiz Rövşənin "Bir yerdə ölməyə məhkum olanlar, bir-birini sevməyə də məhkumdular" ifadəsinin sanki bəşər övladının üz-üzə qaldığı indiki situasiya ilə bağlı deyildiyini qeyd etmisiniz. Sizcə, bəşəriyyət pandemiyadan hansı nəticələr çıxaracaq?
- Məncə, bu hadisə dünyanın necə kiçik bir yer olduğunu bir daha nümayiş etdirdi. Səndən 3 min kilometr uzaqda olan bir adam xəstələnərsə, məsafələrin ortadan qalxıdığı indiki dövrdə 2 gün sonra sən də artıq o xəstəliyə yoluxa bilərsən. Əgər özünü, öz doğmalarını sevirsənsə, heç tanımadığın, səndən 3 min kilometr uzaqda yaşayan o insanın da xəstələnməməsini arzu etməlisən. Onun dini nədir, dərisinin rəngi necədir, hansı dildə danışır – bunun artıq heç bir əhəmiyyəti yoxdur. Məncə, bu hadisə müharibələrin, qətliamların, zorakılığın necə mənasız bir iş olduğunu ortaya çıxardı. Sənin raketlərin var, bombaların var, qırıcı təyyarələrin var – məzlumun başına bu raketləri və bombaları ha yağdır, nə mənası? Bir virus ortaya çıxıb, raketinə, bombana, cibindəki pul-parana baxmadan sənin də canını alacaqsa, o raketlərin, kosmosa uçurulan peyklərin, atom bombalarının istehsalı yerinə bütün var-qüvvəni, imkanlarını belə virusların, yoluxucu xəstəliklərin qarşısının alınması üçün səfərbər etmək daha yaxşı olmazmı?
- Postkoronaviris dönəmində dünyanın düzəninin dəyişəcəyini müdafiə edənlər çoxluq təşkil edir. Bu fikirləri bölüşürsünüz?
- Çox şey dəyişəcək. O dəyişikliklərlə ayaqlaşa bilən dövlətlər güclənəcək, mövcudluqlarını qoruyub saxlayacaq. Ayaqlaşa bilməyənlər çökəcək. Elmə, təhsilə sərmayə qoyan, laboratoriyalar, elm mərkəzləri, universitetlər, xəstəxanalar, zavodlar, fabriklər quran ölkələr qazanacaq. Hansısa xəstəliyin dərmanını tapıb ortaya çıxaranın dəyəri, bomba düzəldənin dəyərindən daha çox olacaq. Bundan sonrakı dünyada öldürənə deyil, yaşadana qiymət veriləcək. Bu hadisə çox şeyin yolunda getmədiyindən xəbər verdi. Bir misal çəkim, amma təbii ki, xoş niyyətlə bunu etmək istəyirəm. Məsələn, bir futbolçuya 10 milyonlarla pul verib, bir həkimi qəpik-quruşa işlətməyin nə qədər yanlış olduğunu son hadisələr göstərdi. Mənim futbolçulara qarşı heç bir qəsdi-qərəzliyim yoxdu və futbol sevə-sevə izlədiyim idman növüdür. Amma yenə də, dünyada dəyərləndirmə kriteriyalarında yanlış çox şeylər var. İnanıram ki, bu yanlışlıqlar ortadan qaldırılacaq.
- Atanız Ramiz Rövşənə, doğmalarınıza dəstək üçün məsafə mane olur? Yaxınlarınıza necə dəstək olursunuz?
- Mən artıq 8 ildir ki, Türkiyədə Səlcuq Universitetində dərs deyirəm. İlk illərdə doğmalardan uzaq düşmək bir az ağır gəlirdi. Sonra adam buna da öyrəşir. Bir də indiki texnologiya dövründə bu uzaqlıq heç hiss olunmur. Hər gün telefonda, kompüterdə görüntülü danışırıq. Təbii ki, atam-anam üçün də, Azərbaycandakı digər doğmalarım, dostlarım üçün də narahatlıq hissi keçirirəm. Hər gün pandemiyayla bağlı Azərbaycandakı statistikanı izləyirəm. Yaxşıya doğru bir irəliləyiş görəndə sevinirəm. İnşallah, həm Türkiyə, həm Azərbaycan bu bəladan ən az itkilərlə qurtulacaq. Buna mən əminəm.
- Türkiyədə kifayət qədər azərbaycanlı, o cümlədən tələbələr yaşayır. Pandemiya dövründə bir çox insan tələbələr üçün evinin qapısını açdı. Sizə yardım üçün müraciət edən oldu?
- Müraciət edənlər var, imkan daxilində hamısına yardım etməyə çalışıram. Tələbələrin vəziyyəti xüsusilə çətindi. İnanıram ki, Azərbaycan dövləti bunu nəzərə alıb onları Vətənə aparmaq üçün xüsusi tədbirlər həyata keçirəcək. Bilirsiniz ki, Türkiyədə 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onların çoxu hələ ki, buradadır. Amma hər keçən gün tələbələrin maddi imkanı tükənir, kirayə qaldıqları evlərin, yemək-içməyin pulunu ödəməkdə çətinlik çəkirlər. Əgər Türkiyədən Azərbaycan vətəndaşlarını geri gətirmək üçün təyyarələr göndəriləcəksə, tələbələrə öncəlik tanınsa çox yaxşı olar.
- Çölə çıxmamaq tələbi distant təhsili daha da aktuallaşdırdı. Səlcuq Universitetinin dosenti kimi distant təhsili necə xarakterizə edərdiniz? Əcnəbi dilin məsafədən tədrisində nə kimi çətinliklər yaşayırsınız?
- Bu sahədə də çox çətin bir mərhələni geridə qoyduq. 3 həftəyə demək olar ki, 1 ilin işini gördük. Şəxsən mən bu üç həftədə hər gün 14-16 saat sadəcə distant təhsil məsələləri ilə məşğul olmuşam. Səlcuq Universiteti distant təhsil sahəsində də öncüllük edərək qısa müddətdə böyük uğurlara imza atdı, xüsusi onlayn sistem quraraq tələbələrin və müəllimlərin dərslərinə rahat davam etməsi üçün şərait yaratdı. İndi elektron formatlarda hazırladığımız dərsləri bu sistemə yükləyib səsli-görüntülü tələbələrimizə izah edirik. Ev tapşırıqlarını sistem üzərindən veririk. Sadəcə imtahanlarla bağlı məsələləri həll etmək qalıb. Doğrudur, xarici dilin tədrisində distant təhsil müəyyən çətinliklər yaradır. Çünki dil öyrətmək üçün canlı ünsiyyət çox önəmlidir. Amma bu şəraitdə məncə, nə edə bilərdiksə, onu ən yüksək səviyyədə həyata keçirməyə nail olmuşuq. Ən əsası dərslərimiz öz axarı ilə davam edir və heç bir ləngimə yoxdur.
- Sonda insanlara nə tövsiyə edərdiniz?
- Həm Türkiyədə, həm Azərbaycanda bu pandemiyaya qeyri-ciddi yanaşan insanları görəndə bir az təəssüf hissi keçirirəm. Məncə, indiki dövrdə ən əsas məsələ ictimai məsuliyyət olmalıdır. Hər birimiz bu məsuliyyəti dərk edib, özümüzü, öz yaxınlarımızı qorumaq üçün karantin tədbirlərinə əməl etməliyik. Belə olan halda, düşünürəm ki, yaya qədər bu bəladan qurtula bilərik. Əks təqdirdə, bunun çox ciddi iqtisadi, psixoloji, mənəvi zərbələri olacaq ki, onların nəticələrini ortadan qaldırmaq üçün bizə aylar yox, illər lazım olacaq.