Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Teleqraf.com Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir:
Sabirabad rayonundan Gülər Xankişizadə yazır:
“Hörmətli cənab Prezidentimiz, mən Sizə çox minnətdaram. Ona görə ki, bütün dünyanın çətin vəziyyətdə olduğu bir vaxtda Siz xalqımızın yanında oldunuz. Biz magistrlərin müavinətlərini, müəllimlərin və digər dövlət işçilərinin maaşlarını verdiniz. Əhaliyə bu çətin zamanda böyük dayaq oldunuz. Hazırda korrupsiya ilə bağlı gördüyünüz işlər çox təqdirəlayiqdir. Siz bizim sağlamlığımızı bizdən daha çox qoruyursunuz. Bütün bunlara görə Sizə bir daha təşəkkür edirəm”.
Bakı şəhərinin Nərimanov rayonunun sakini Şaiq İsmayılov:
“Hörmətli cənab Prezident, yaxşı anlayıram ki, hazırda dünyada və ölkəmizdə mövcud olan vəziyyətlə əlaqədar gərgin iş qrafikində çalışırsınız. Bu çətin vəziyyətdə xalqımıza göstərdiyiniz dəstəyə, etdiyiniz yardıma görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkürümü bildirirəm. Sizə işlərinizdə uğurlar arzu edirəm. Allah köməyiniz olsun. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm, hər zaman sağlam olun. Allah Sizi Azərbaycan xalqına çox görməsin!”.
Cəbrayıl rayonundan məcburi köçkün, 86 yaşlı Zərnisə Allahverdiyeva dövlətimizin başçısına minnətdarlıq edərək yazır:
“Hörmətli cənab Prezident, 86 yaşlı ana kimi Cəbrayıl rayonundan məcburi köçkünlər adından bu çətin günlərdə bizlərə və bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildirir, bütün qərarlarınızı dəstəklədiyimizi bəyan edirəm. Sizin bu günlərdəki fədakarlığınız göz önündədir və indiki ağır vəziyyətdə xalqımızı düşündüyünüz, hər bir vətəndaşa dəstək olduğunuz üçün çox sağ olun. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, tövsiyələrinizi yüksək dəyərləndiririk. Hər zaman Sizə minnətdarıq. Var olun, cənab Prezident!”.