10 İyun 2020 18:06
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Teleqraf.com Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir.

Cəlilabad rayonunun Kazımabad kəndindən Allahşükür Cabbarov, Rəsul Əliyev, Samir Qəribov, Kamran Məmmədov, Qoşqar Babayev, Mürsəl Muradov və Arif Əliyev yazırlar: “Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev torpaqları kəndlilərə qaytardıqdan sonra güzəranımız yaxşılaşmağa başladı. Min bir əziyyətlə olsa da, əkin-biçinlə məşğul olaraq ailəmizi dolandırır, gələcəyə daha böyük ümidlə baxırdıq. İndi ölkəmizin imkanları genişləndiyindən və dövlət dəstəyi gücləndirildiyindən torpağa meyillilik də artıb. Əkdiyimiz sahələrə görə Sizin göstərişiniz əsasında güzəştli gübrələrin və subsidiyanın ödənilməsi bizi sevindirir. Bu il pandemiyanın və karantin rejiminin olması biz kəndliləri narahat edirdi. Bizi narahat edən əsas məsələ əkdiyimiz kartofu xarici bazara çıxarmaq idi. Sizin qayğınız nəticəsində heç bir problemlə üzləşmədik. Çox sağ olun ki, Rusiya-Azərbaycan sərhədlərindən keçən çoxsaylı yük maşınlarının buraxılmasını təmin etdiniz. Bu maşınlar vasitəsilə kartofumuzu xarici bazarlara çıxararaq, itkisiz və heç bir əngəl olmadan məhsulumuzu satdıq, gəlir əldə etdik. Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident. Allah Sizi qorusun!”.

Bakının Xəzər rayonundan Xalidə Məmmədova: “Hörmətli cənab Prezident, mən Sizin fəaliyyətinizi çox böyük maraqla və qürurla izləyirəm. Bir vətəndaşın normal yaşaması və cəmiyyətdə özünü ifadə etməsi üçün nə lazımdırsa, onu da edirsiniz. Xüsusilə qeyd etmək yerinə düşər ki, ölkəmizdə sabitliyi qoruyub saxlayırsınız. Bunun əhəmiyyəti çox böyükdür. Sizin düzgün siyasətiniz nəticəsində biz pandemiya dövründə bir çox ölkələr kimi, tənəzzülə uğramadıq. Siz işsizlərə, pensiyaçılara, əlillərə, veteranlara və digərlərinə kömək göstərdiniz, maddi və ərzaq yardımları etdiniz. Sizin göstərişlərinizə uyğun olaraq, banklar vətəndaşlara kreditlərin ödənilməsində möhlət verdi. Bütün bunlara görə Sizə böyük təşəkkür düşür, cənab Prezident. Allah Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət qismət eləsin!”.

Tərtər rayonundan Rafiq Səfərov, Məhərrəm Rəhimov, Kəmalə Quliyeva, Elşən Səfərov və Nabat İbrahimova yazırlar: “Çox hörmətli cənab Prezident, Tərtər rayonunun A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından Sizə böyük təşəkkürümüzü bildiririk. Uzun illər məktəbimiz yararsız vəziyyətdə idi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsilini davam etdirirdi. Sizin Tərtərə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da yaxınlaşdırdı. Biz gördük ki, Siz hər zaman xalqımızın yanındasınız. İstər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi dövrlərdə, istərsə də hazırkı koronavirus bəlası ilə mübarizə zamanı Siz tərtərliləri heç vaxt diqqətdən kənarda qoymamısınız. Qədirbilən tərtərlilər bunun dəyərini çox gözəl bilir və hər zaman təqdir edir. Əziz Prezidentimiz, Ulu Tanrıdan Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayırıq”.

Bakı şəhərinin sakini Əli Quliyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”. Bu sözlərin sahibi, Möhtərəm Prezident, bütün dünyanı öz ağuşuna alan, ciddi itkilərə səbəb olan COVID-19 pandemiyasından xalqımızı qoruduğunuz, bizdən yardım əlinizi heç çəkmədiyiniz üçün Sizə xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Sizin kimi müdrik siyasi xadim rəhbərlik edir. Xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atmağınız çox təqdirəlayiqdir. Rəhbərliyinizlə ölkəmizdə COVID-19 pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident! Allah Sizi qorusun!”.

Ağcabədi rayonundan Nabat Yusifova: “Möhtərəm cənab Prezident, mən Ağcabədi rayonunda yaşayıram, təqaüdçüyəm. Uzun illər tibb sahəsində çalışmışam. Tibb işçisi kimi deyə bilərəm ki, COVID-19 pandemiyasının dünyanı cənginə alması məni çox narahat edirdi. Hər gün televiziya ekranlarından dünyadakı insan tələfatını gördükcə bu narahatlıq daha da artırdı. Lakin Sizin uzaqgörənliyiniz, məqamında tədbirlər görməyiniz xalqımızı kütləvi tələfatdan xilas etdi, insanların qəlbindəki həyəcanı sakitləşdirdi. Hər zaman, hər şəraitdə güvəndiyimiz rəhbərimizə bu məqamda da güvənə bildik. Amma bəzi insanlarımız lap çox arxayınlaşdılar. Dövlətin həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə səthi yanaşan həmin insanlara isə Siz bir daha nümunə oldunuz. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz zamanı tibbi maskadan istifadə etməyiniz, görüş zamanı ara məsafəsi saxlamağınız bir daha Sizin böyüklüyünüzü, hər zaman xalqın yanında olduğunuzu və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini sübut etdi. Tanrı Sizi, ailənizi və xalqımızı qorusun!”.

Şirvan şəhərindən Nərgiz Mehdiyeva: “Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən və hamını qorxu altında saxlayan koronavirus pandemiyasına qarşı Sizin rəhbərliyiniz altında aparılan mübarizə əlbəttə ki, bizi sevindirməyə bilməz. Məhz Sizin həyata keçirdiyiniz operativ tədbirlərin hesabınadır ki, ölkəmiz virusla mübarizəni arxada qoymaqdadır və bəzi yumşalma tədbirləri görülməkdədir. Əgər vaxtında Sizin tərəfinizdən lazımi tədbirlər görülməsəydi, biz də digər ölkələr kimi, pandemiyanın acı nəticələri ilə barışmalı olacaqdıq. Biz şirvanlılar qürur hissi keçiririk ki, Sizin kimi rəhbərlərimiz var. Ölkəmizdə elə bir sahə yoxdur ki, Sizin və Mehriban xanımın diqqətindən kənarda qalsın. Bütün bunlar isə gərgin əmək tələb edir. Buna görə, cənab Prezident, ilk növbədə, Sizə və elimizin, obamızın, millətimizin dəyərli xanımı Mehriban xanıma cansağlığı, xalqımızın gələcəyi naminə həyata keçirdiyiniz gərgin, məsuliyyətli və şərəfli işlərinizdə sonsuz uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, xalqımız daim Sizi dəstəkləyir və Sizin arxanızdadır. Allah Sizi və ailənizi qorusun!”.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən tələbə Cəmilə Abbaszadə: “Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi, gələcəyin həkimi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Cənab Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Biz gənclər Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik. Ulu Tanrı Sizi qorusun, bütün işlərinizə Sizə yardımçı olsun!”.

Bakının Xətai rayonundan Aliyə İmamquliyeva: “Hörmətli cənab Prezident, mən koronavirus pandemiyasının ölkədə geniş yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, həmçinin tibbi maskanın taxılmaması üçün cərimələrin tətbiqinə görə Sizə minnətdarlıq edirəm. Hər bir vətəndaş bilir ki, tətbiq edilən qadağalar bizim sağlamlığımızın qorunması üçündür. Sizin tapşırıqlarınızı həyata keçirən polis, həkim və müəllimlərimizə də xüsusi təşəkkürlərimizi çatdırır, onlara “Çox sağ olun!" deyirik. Mən və ailəm Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir, Sizə olan sevgimizi bildiririk. Var olun, cənab Prezident!”.

Cəlilabad rayonunun Üçtəpə kəndindən Dövlət Rzayev, Barat Bağırov, Rahim Nağıyev, Cavanşir Səlimov və Zakir Rzayev yazırlar: “Hörmətli cənab Prezident, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına mənfi təsirini göstərməkdədir. Artıq pandemiyanın cəmiyyətin həyatına təsiri göz önündədir. Məhz Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alınır, həmçinin pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün proqramlar qəbul olunur. Sizin aqrar sahəyə diqqətiniz ölkəmizi mümkün çətinliklərdən qorumaq əzminizin göstəricisidir. Pandemiya dövründə sahibkarların, fermerlərin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün göstərdiyiniz dəstək və kömək bizim heç bir halda tək olmadığımızın, Sizin diqqətinizlə əhatə olunduğumuzun sübutudur. Bu dəstək və köməyə görə Sizə minnətdarlığımızı bildiririk. Sizin qarşıya qoduğunuz vəzifələr kənd təsərrüfatının inkişafına xidmət edir. Biz də öz zəhmətimizlə, yetişdirdiyimiz keyfiyyətli məhsullarla bu vəzifələrin icrasına kömək etməyə hazırıq”.

Qəbələ rayonunun Vəndam qəsəbəsindən Sadəddin Zülfüqarov: “Çox hörmətli cənab Prezident, Sizin ölkəmizə rəhbərliyiniz dövründə çox müsbət dəyişikliklərin şahidi oluruq. Regionlara olan böyük diqqət və qayğınız sayəsində şəhər və rayonlar, kənd və qəsəbələr öz libasını dəyişmiş, füsunkar görkəm almışdır. Bu işlər sayəsində yerli əhalinin rifahı yaxşılaşmaqla yanaşı, ölkəmizə gələn turistlərin sayı da son illər ərzində artmışdır. Axı belə gözəllikləri kim görmək istəməz?! Azərbaycanda apardığınız abadlıq-quruculuq işlərindən Qəbələ rayonunun Vəndam qəsəbəsinə də pay düşmüşdür. Belə ki, qəsəbəmizdə "Rüsyan" adlanan yaşayış sahəsində 200-dən artıq yaşayış evi vardır. Qış aylarında yolun palçıqlı, yay aylarında isə tozlu olması sakinləri narahat edirdi. Sizin göstərişiniz əsasında yola asfalt örtüyü çəkildi. Əziz Prezidentimiz, bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin apardığınız daxili və xarici siyasəti bəyənirik. Biz həmişə Sizinləyik”.

Bakının Xəzər rayonundan Həzərxan Əbilov: “Hörmətli cənab Prezident, Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan artıq 17 ildir ki, öz gələcəyini inamla qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində böyük uğurlar qazanır. Bu gün Azərbaycan öz sabitliyini və inkişafını təmin edən ölkədir. Bu sabitlik, bu inkişaf koronavirus pandemiyasının öhdəsindən gəlməyə də kömək etdi. Cənab Prezident, COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin verdiyiniz səmərəli qərarlarınız sayəsində ölkəmiz bu virusdan ən az zərər görən dövlətlər sırasındadır. Uğurlu sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və rifahının qorunması yüksək səviyyədə həyata keçirilir. Aztəminatlı ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi istiqamətində atdığınız addımlar, bu ağır günlərdə təhsil sisteminin yeniləşməsi, xüsusilə məktəb tikintisinin davam etdirilməsi, müəllimlərin sosial qayğılarının diqqət mərkəzində saxlanılması xalqımız tərəfindən rəğbətlə qarşılanır. Möhtərəm cənab Prezident, sadaladıqlarım amillər Sizin Azərbaycan vətəndaşlarına olan qayğı və sevginizin parlaq təzahürüdür. Bütün bunlara görə rayonumuzun müəllimləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Tanrı bütün işlərinizdə yardımçınız olsun. Biz Sizinlə güclüyük!”.

Gəncə şəhərindən Yelena Əlişanova, Pərvin Mustafayeva, Pərvanə Pirqulu, Elşən Əmirli və Mətləb Əliyev: “Hörmətli cənab Prezident, yaşadığımız Şahlar Hüseynov 13a ünvanındakı binada 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş vermişdi. Yararsız vəziyyətə düşən həmin tikilinin yerində Sizin göstərişinizlə yeni bina inşa edildi. Artıq işlər yekunlaşıb və yeni binada sakinlərin rahatlığı üçün bütün imkanlar yaradılıb. Biz əvvəlkindən daha geniş və daha müasir təmirli mənzillərə köçürüldük. Bununla yanaşı, binamızda istilik sistemi quraşdırılıb və digər zəruri işlər görülüb. Cənab Prezident, müasir tələblərə cavab verən binada mənzillə təmin olunduğumuza görə Sizə dərin təşəkkür edirik. Hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Bir daha minnətdarlığımızı bildirərək, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Mingəçevir şəhərindən Əjdər İbrahimov: “Möhtərəm cənab Prezident, “Azərbaycan” İES-in yenidən qurulması ilə əlaqədar verdiyiniz tapşırığa əsasən müəssisə əsaslı təmir edilib. Bu, biz energetiklər üçün böyük sevincdir. Bu gün “Azərbaycan” İES-in gecə görüntüləri şəhərimizin gözəlliyinə yeni rəng qatıb. Bu gözəlliklər Azərbaycanımızın inkişafı deməkdir və gələcəyə ümidimizdir. Görülən bütün bu işlər Sizin tapşırığınızla həyata keçirilir. Ona görə də Sizə minnətdarıq. Ulu Tanrı köməyiniz olsun!”.

Ağdaş rayonundan Xəyal İsayev: “Zati-aliləri cənab Prezident, Sizin gərgin fəaliyyətiniz nəticəsində daxili və xarici siyasətdə əldə edilən uğurlarınız danılmazdır. Bunu son zamanlar ölkədə aparılan uğurlu kadr islahatları, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində və bütün dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı əvvəlcədən görülən qabaqlayıcı tədbirlər bir daha əyani şəkildə göstərir. Atalar demişkən, “Görünən dağa nə bələdçi”. Sizin gördüyünüz işlər göz qabağındadır. Bütün bu işlərin xüsusi bir istedadın və zəhmətin bəhrəsi olduğunu deyə bilərik. Lakin çox təəssüf ki, bütün bu zəhməti və gərgin fəaliyyəti yüksək qiymətləndirmək əvəzinə, bəzi nankorlar və xarici qüvvələrin təsiri altına düşmüş nadanlar sosial şəbəkələrdə əks mövqe yaratmağa çalışmaqdadırlar. Ancaq elin gözü tərəzidir. Xalq artıq kimin kim olduğunu yaxşı dərk edir və hər şeyi ədalətli şəkildə qiymətləndirə bilir. Odur ki, Sizin bu danılmaz fəaliyyətiniz biz din xadimləri tərəfindən də yaxşı qarşılanır və yüksək qiymətləndirilir. Biz hər zaman Prezidentimizin, dövlətimizin arxasındayıq”.

Şabran rayonundan İlhamə Şahpələngova: “Hörmətli cənab Prezident, koronavirusun yayıldığı ölkələrin sayı və cəmiyyətə təsiri bütün dünya ictimaiyyətini bu pandemiya ilə mübarizə üçün ayağa qaldırıb. Azərbaycanda da Sizin rəhbərliyinizlə virusun yayılmasının qarşısının alınması istiqamətində lazımi tədbirlər həyata keçirilir. Bu ağır günlərdə xalqımıza arxa və dayaq olduğunuza, vətəndaşların üzləşdiyi çətinliklərdə onlara kömək göstərdiyinizə görə Sizə minnətdarıq. Sizin qayğınız, doğma münasibətiniz bu çətin günlərdə bizdə böyük inam yaratdı. Əminik ki, xalqımız Sizin ətrafınızda daha sıx birləşərək, bu sınaqdan da üzüağ çıxacaqdır. Çox sağ olun. Allah Sizi qorusun!”.

Zərdab rayonunun Şahhüseynli kəndindən Eyyub Eyyubov: “Möhtərəm cənab Prezident, Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasətiniz nəticəsində ölkəmiz hər gün daha da inkişaf edir. Hazırda bəşəriyyətə yayılmış COVID-19 virusunun dünya iqtisadiyyatına güclü təsir etməsinə baxmayaraq, Sizin diqqət və qayğınız nəticəsində ölkəmizin iqtisadiyyatı dayanıqlı olduğunu göstərdi. Buna görə Zərdab rayonunun Şahhüseynli kəndinin dindarları adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin hərtərəfli siyasətinizi hər zaman dəstəkləyirik. Cənab Prezident, son zamanlar sosial şəbəkələrdə bəzi şəxslərin dövlətimizin əleyhinə səsləndirdiyi ifadələri qəbuledilməz hesab edirik. İnanırıq ki, qısa zamanda bu kimi xoşagəlməz halların qarşısı alınacaqdır. Allah-Təala Sizi və ailənizi qorusun!”.

Quba rayonundan Abdul Paşayev: “Zati-aliləri, cənab Prezident, bu gün Azərbaycan vətəndaşları Sizi özlərinə ən etibarlı dost, qayğıkeş ailə üzvü bilirlər. Fikrimcə bu, çox ədalətli yanaşmadır. Çünki Sizin işlərinizin bəhərini, səmərəsini Azərbaycanın hər bir ailəsində müşahidə etmək mümkündür. Bütün bunları görənlər Sizə xoş ürək sözlərini ifadə edir, təşəkkür məktubları ünvanlayır, görməyənlər isə gərək problemi başqa yerdə axtarsınlar, bəzi nadanlar kimi, xarici sifarişlər əsasında təşkil edilən qarayaxma kampaniyalarının iştirakçısına çevrilməsinlər. Cənab Prezident, qeyd etmək istəyirəm ki, mən özüm əliləm və dövlətimizin qayğısını hər zaman hiss edirəm. Bir müddət bundan əvvəl qəzalı evimin təmiri ilə əlaqədar etdiyim müraciətim nəzərə alındı və lazımi işlər görüldü. Bundan əlavə, bu yaxınlarda çətin pandemiya dövründə iki ayı əhatə edən birdəfəlik yardım almışam. Bunlar olmasaydı, indi həyatım necə olardı?! Düşünürəm ki, qayğı görən mənim kimi insanlar çoxdur və hər birinin alqışı, duası Sizinlədir, əziz Prezidentim. Ömrünüz uzun, yolunuz hər zaman açıq və işıqlı olsun!”.

Kəlbəcər rayonundan məcburi köçkün Heydər Cəfərov: “Möhtərəm cənab Prezident, Siz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların problemlərinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verirsiniz. Bu diqqət və qayğı xalqımız tərəfindən məmnunluqla qarşılanır. Şəhid ailələrinin, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Sizin həyata keçirdiyiniz siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə imzaladığınız fərman və sərəncamlar çox sayda ailəyə böyük sevinc bəxş edib, vətəndaşlarımız tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib. Şəhid ailəsi kimi biz də bu diqqət və qayğıdan kənarda qalmamışıq. Şəhid ailələrinə verilən 11 min manat məbləğində birdəfəlik müavinətlə təmin olunmağımız dövlətimizin bizə göstərdiyi davamlı dəstəyin daha bir bariz göstəricisidir. Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır. Bu münasibətə, apardığınız uğurlu işlərə görə ailəmiz adından Sizə təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun!”.

Bakı şəhərinin sakini, Əməkdar artist Yasəf Eyvazov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi səmimiyyətlə salamlayır, Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda Siz uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlayaraq, epidemiyanın sürətlə yayılmasının qarşısını aldınız və vətəndaşların təhlükəsizliyini bütün işlərdən üstün tutdunuz. Sizin mədəniyyətimizə, musiqimizə, milli-mənəvi dəyərlərimizə olan diqqət və qayğınızı da yüksək qiymətləndirir, ürəkdən alqışlayıram. Bu problemlər arasında biz musiqiçiləri və incəsənət xadimlərini də yaddan çıxarmayıb əməyimizi yüksək dəyərləndirdiyiniz və mükafatlandırdığınıza, şəxsən məni Prezident mükafatına layiq gördüyünüzə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident! Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər