2015-ci il aprelin 14-ü və nəhayət bu gün, həmin gün, həmin ay, amma fərqli ildir...5 il oldu. 10 aylıq evliliyimizin indi danışan vaxtlarıdır. Müharibə şəraitində yaşamağımıza, Elvinin hərbçi olmasına rəğmən ailə qurarkən heç vaxt düşünməzdim ki, bir gün “Şəhid xanımı, şəhidin həyat yoldaşı” adını alacağam. İlk evlilik ildönümümüzü ailə içində deyil, məzar başında, adına açılmış ehsan süfrəsi ilə qeyd edəcəyəm. Heç vaxt bilməzdim...
Teleqraf.com xəbər verir ki, bu sözləri Aprel şəhidi Baş leytenant Elvin Namazovun həyat yoldaşı Nuranə Novruzova bildirib.
Onun sözlərinə görə, müharibə yalnız insan itkisinə səbəb olmur, həm də yaşayan insanların gələcək həyatını, arzularını, xoşbəxtliyini əlindən alır: "Yaşımın ən gözəl vaxtlarında çox ağır hadisələr yaşadım. Heç bir insana müharibənin qurbanına çevrilməsini arzulamaram".
Qeyd edək ki, Baş leytenant Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.