Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz Rusiya futbolunun ən məşhur simalarından biridir. Aleksandr Səmədovdan danışırıq.
Aleksandr Səmədov - əslən azərbaycanlı olan rusiyalı peşəkar futbolçu, Rusiyanın əməkdar idman ustası, Rusiya çempionu (2016/17), Rusiya Super Kubokunun (2017) qalibi və Rusiya Futbol Kubokunun dördqat qalibi, 2014 və 2018 Dünya çempionatlarının, 2016 Avropa çempionatının iştirakçısı.
Rusiyada doğulan, atası azərbaycanlı olan Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasında oynamağı seçib. Verdiyi bu qərar Azərbaycanda tənqid və narazılıqla qarşılanıb. 2003-cü ildə isə Səmədov 19 yaşında millimizin Bakıda keçirilən təlim-məşq toplanışında bir dəfə iştirak edib. Bu toplanışdan sonra Səmədov bir daha millimizin toplanışlarında və oyunlarında iştirak etməyib. Ötən il futbolçu karyerasını başa vurub.
Ata azərbaycanlı, ana rus...
Aleksandr Sergeyeviç Səmədov 1984-cü il iyulun 19-da Moskvada doğulub. Futbol karyerası hələ kiçik yaşlarından başlayan Səmədov Moskva Regional Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Ata - Sergey Mixayloviç Səmədov əslən azərbaycanlıdır. Azərbaycanın Gəncə şəhərində anadan olub. 1974-cü ildə SSRİ Hərbi Dəniz Qüvvələrində üç il müddətli hərbi xidmət keçdikdən sonra yük maşının sürücüsü kimi işlədiyi Moskvaya köçüb. 2015-ci ilin dekabrında vəfat edib. Ana - Lyubov Petrovna rusdur. Aleksandr ailənin ən kiçik uşağıdır, iki bacısı və bir qardaşı var.
Aleksandr Səmədov Yuliya Səmədova ilə evlidir, üç oğlu var.
Səmədov karyerası ərzində “Spartak” (Moskva), “Lokomotiv”, “Moskva”, “Dinamo” (Moskva), “Krılya Sovetov” və “Znamya” kimi futbol klublarında oynayıb.
Rusiya millisində
Aleksandr Səmədov 2003-cü ildə Avropa çempionatının seçmə oyunlarına hazırlaşan Azərbaycan komandasının təlim-məşq toplanışında iştirak edib. Bundan sonra Səmədova tez-tez Azərbaycan millisində oynamaq təklifləri gəlsə də, həmişə bunları rədd edib. Onun sözlərinə görə, bunun səbəbləri Rusiyada legioner kimi oynamaq istəməməsi, həmçinin atasının Rusiya komandasından dəvət gözləmək tövsiyəsi idi. O, bununla gələcəkdə Dünya və Avropa çempionatlarında oynaya biləcəyini qarşısına məqsəd qoymuşdu.
Azərbaycan əsilli futbolçu Rusiya millisinin heyətində 2011-ci il oktyabrın 7-də Slovakiya ilə oyunda debüt edib. Dövrün Rusiya millisinin baş məşqçisi Dik Advokatın diqqətini cəlb edən Səmədov 2012-ci ildə Avropa çempionatına yollanan komandanın heyətində yer alıb.
Bakıdakı etiraz
2013-cü il sentyabrın 6-da Lüksemburq komandasına qarşı oyunda ilk qolunu vurub. Həmin il oktyabrın 5-də Bakıda “Baksel Arena” stadionunda Azərbaycan komandası ilə seçmə matçda Roman Şirokova kömək etdi. Həmin qarşılaşmada Azərbaycan və Rusiya milliləri arasında baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Bu matç onun üçün gərgin keçdi. Meydanda olduğu müddət ərzində Səmədov azərbaycanlı azarkeşlərin etiraz fitləri altında oynamağa məcbur oldu. Əlbəttə, bu, səbəbsiz deyildi. Sonradan məlum oldu ki, oyundan əvvəl Aleksandr Səmədov komandasının özünə inamı qaytarmaq üçün Azərbaycan millisini məğlub edəcəyini deyib. Lakin komandasının qalib gələcəyinə şübhə etməyən Səmədovun istəyi baş tutmadı, bir xalla Moskvaya qayıtmağa məcbur oldu.
Müsahibələrindən birində isə “Rusiyalısınız, yoxsa azərbaycanlı?” sualına belə cavab vermişdi: “Birmənalı şəkildə deyə bilmərəm ki, azərbaycanlıyam, yoxsa rusiyalı. Mən həm azərbaycanlıyam, həm də rusiyalıyam. Nə azərbaycanlılığımdan, nə rusiyalılığımdan imtina edə bilərəm”.
Dünya çempionatında
Rusiya komandası 2014-cü ildə Braziliyada keçirilən Dünya Kubokuna vəsiqə qazandı. Səmədov da ilk 11-likdə idi. Cənubi Koreya, Belçika və Əlcəzairlə eyni qrupda iştirak edən Rusiya qrupda üçüncü yeri tutdu və çempionatdakı iştirakını pley-offa çıxmadan başa vurdu.
2016 Avropa çempionatında iştirak etdi. Bir dəfə Uelslə oyunda meydana çıxsa da, bu qarşılaşmada rus yığması 3 cavabsız qolla məğlub olaraq, qrupda sonuncu yeri tutaraq turnirdən çıxdı.
2017-ci ilin iyun ayında Səmədov Rusiyada keçirilən Konfederasiyalar Kubokunun əsas oyunçusu idi; turnirdə hər üç oyunda iştirak etdi, meksikalılara qarşı oyunda Rusiya komandasının yeganə qolunu vurdu.
2018-ci ildə də millinin əsas oyunçusu idi. Türkiyə millisinə qarşı yoldaşlıq görüşündə (1: 1) qol vurdu. Həmin il Rusiyada keçirilən Dünya Kubokunda milli komandanın qrup mərhələsindəki hər üç oyununda - Səudiyyə Ərəbistanı, Misir, Uruqvayla matçlarda iştirak etdi. Bu matçların nəticələrinə görə, Rusiya komandası qrupda ikinci yeri tutdu və pley-offa yüksəldi. 1/8 finalda Rusiya komandası İspaniya millisini məğlub etdi, amma 1/4 finalda Xorvatiya millisinə məğlub oldu. Həmin oyundan sonra Səmədov Rusiya yığmasındakı karyerasının başa çatdığını elan etdi.
Putinin medalı
Karyerasının son dövrlərində yaşıl meydanda sərgilədiyi yüksək performanslarla Rusiya liderinin də diqqətini cəlb etməyi bacarmışdı. Aleksandr Səmədov 2018-ci il iyulun 27-də Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Yerli futbolun inkişafında və yüksək idman nailiyyətlərinə verdiyi böyük töhfəyə görə” medalı ilə təltif edilib.
2009, 2011/12, 2013/14, 2015/16 və 2018 mövsümlərində “Rusiyanın ən yaxşı oyunçusu” seçilib.