“Koronavirusu təyin etmək üçün tibbi peşəkar nüanslar var. Buna görə də metropoliten əməkdaşlarında koronavirus olub-olmasının cavabı TƏBİB-in və ya Operativ Qərargahın səlahiyyətidir”.
Bunu Teleqraf.com-a açıqlamasında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metropoliten metodik göstəricilər alıb və buna uyğun fəaliyyət göstərir: “Həm sərnişinlər, həm də əməkdaşlar bu göstəricilərə əməl edir. Bizim vəzifəmiz təcili tibbi yardım çağırmaqdır. Qalan halların qiymətləndirilməsi həm səlahiyyət, həm peşəkar yanaşma, həm də düzgünlük baxımından TƏBİB-in və Operativ Qərargahın işidir”.
Gün ərzində çağırılan təcili tibbi yardımların sayına gəlincə, metropoliten rəsmisi istər sərnişin, istərsə də əməkdaşlarla bağlı çağırılan təcili tibbi yardımların statistikasının aparılmadığını deyib.
Bəxtiyar Məmmədov ötən gün metropolitenin hərəkət xidmətinin rəisi Etibar İsayevin dünyasını dəyişməsi məsələsinə də toxunub: “Bununla bağlı həqiqətə uyğun olmayan məlumatlar yazdılar. Amma mərhumun ölüm səbəbi koronavirus deyil. Hesab edirəm ki, bu cür məsələlər şəxsidir”.