Son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun azalması müşahidə edilir.
Teleqraf.com-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib ki, bu ilin may və iyun aylarında ölkə ərazisinə düşən yağıntıların miqdarının normadan az olması, iyun ayının əvvəlində anomal istilərin müşahidə olunması ilə əlaqədar Kür çayında, həmçinin Kür çayına tökülən çaylarda sululuq azalıb.
Bunun nəticəsində may ayının 15-dən başlayaraq 31-dək Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsi 108 sm azalıb. Eyni zamanda Kür çayının Mingəçevir su anbarından aşağıda, Yevlax məntəqəsində suyun səviyyəsi 47, Zərdabda 127, Surrada 165, Şirvanda 190, Salyanda 154, Araz çayının Novruzlu məntəqəsində isə 122 sm azalma müşahidə olunub.
İyun ayında Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsinin azalması davam etsə də, Mingəçevir su anbarından buraxılan suyun miqdarının bir qədər artırılması ilə əlaqədar aşağı axımda suyun səviyyəsinin tərəddüdü müşahidə edilib.
A.Verdiyev qeyd edib ki, ümumiyyətlə çoxillik müşahidələrə görə, Kür çayının aşağı axımında yay dövründə hava şəraitinin yağmursuz və isti keçməsi, eyni zamanda suya olan tələbatla əlaqədar ayrı-ayrı illərdə səviyyənin azalması müşahidə edilib. Builki azalma isə ötən illərlə müqayisədə bir qədər çox olsa da, buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb:
"Suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da mövcud vəziyyətə təsir göstərir. Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadə olunması mənzərəsinin şahidi oluruq.
Kürün suyu azalır. Bu da su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir. Belə ki, Kürün suyunun səviyyəsinin azalması, onun axarının sürətinin azalmasına gətirib çıxarır ki, bu da öz növbəsində xüsusilə şimai-şərq küləyi gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur".