21 İyul 2020 11:08
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament Jurnalistləri Birliyinin (PJB) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın qalibi müəyyənləşib.

PJB sədrinin müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib ki, nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq müzakirələrdən sonra mükafatının ilk qalibi böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbovdur.

Komissiya sədri qeyd edib ki, Şirməmməd Hüseynov ömrünün 70 ilindən çoxunu daxili auditoriyaya xitabən araşdırmalara həsr edib, cümhuriyyət və media tarixinin qaranlıq səhifələrinə işıq salıb, insanları tarixdən agah etməyə çalışıbsa, Ramiz Abutalıbov fəaliyyəti dövründə daha çox xarici arxivlərə xitab edən böyük ziyalıdır: "Mükafata namizəd olan 15 nəfərin hər biri onu qazanmağa layiq idi. Namizədlər sırasında çox dəyərli insanların, ziyalıların adları var idi. Amma yekunda ən çox səs toplayan qalib oldu. PJB-nin gəldiyi qənaət odur ki, Ramiz Abutalıbovun bu mükafata haqqı çatır.

Qalibin adının daha erkən açıqlanması planlaşdırılsa da, Tovuz istiqamətində baş verənlər hamının diqqətini cəbhəyə yönəltdi. Mükafatın hər il Milli Mətbuat günündə təqdim olunması nəzərdə tutulurdu. Lakin Şirməmməd Hüseynovun ailə üzvlərinin istəyinə əsasən, bu məsələdə dəyişiklik edildi, bundan sonra mükafat hər il böyük ziyalımızın doğum günündə - dekabrın 17-də təqdim olunacaq. Digər tərəfdən, pandemiya ilə bağlı Ramiz Abutalıbov indi Moskvadan Bakıya gələ bilmir. Amma inanırıq ki, koronavirus dövrü arxada qalacaq və Ramiz müəllimi Bakıda ziyarət edə biləcəyik”.

Qeyd edək ki, Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib. 1980-1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. R. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib. Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub.

Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir. Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşıya xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində,"İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub. 2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən R.Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilib və "Qərib məzarlar" kitab-albomu nəşr edilib.

Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Təltifləri: 1."Fəxri Legion" ordeni (Paris,1998-ci il). 2."Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı (Bakı, 2009-cu il). 3."Puşkin" medalı (Moskva, 2010-cu il). 4."AXC-nin 100 illiyi" medalı (Bakı, 2019-cu il).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər