22 İyul 2020 20:28
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılov milli mətbuatın 145 illik yubileyi münasibətilə AZƏRTAC-a müsahibə verib.

Teleqraf.com müsahibəni təqdim edir.

–Əhməd müəllim, Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. Yubileylə bağlı KİVDF hansı işlərin görülməsini planlaşdırır və görür?

-Suala görə təşəkkür edir və müsahibənin əvvəlində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Bildiyiniz kimi, müharibə təkcə cəbhədə, qoşunların təmas xəttində deyil, həmçinin informasiya məkanında da davam etməkdədir. Bu gün cəbhədə böyük şücaət göstərən hərbçilərimizlə yanaşı, informasiya müharibəsində qələmlərinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirən kütləvi informasiya vasitələrinin nümayəndələrinə dərin təşəkkürümü bildirir və hər birini milli mətbuatımızın 145 illik yubileyi münasibətilə təbrik edirəm.

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamına uyğun olaraq tədbirlər koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi qaydalar nəzərə alınmaqla reallaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən iyul ayı ərzində milli mətbuatın 145 illik yubileyi ilə bağlı “Əkinçi”dən başlayaraq bu günümüzədək çap olunan qəzetlərin onlayn sərgisi və Həsən bəy Zərdabinin Zərdab rayonundakı xatirə muzeyinə virtual səyahət təşkil olunur. Sərgi və virtual səyahət KİVDF-nin rəsmi saytı vasitəsilə reallaşır. Bundan əlavə, ötən ayın 23-də fond tərəfindən milli mətbuatın 145 illiyi münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdi. Müsabiqə qaliblərinin adları elə bu əlamətdar gündə məlum oldu. İlk dəfə idi ki, televiziya və radio əməkdaşlarına da müsabiqədə iştirak etmək imkanı yaradılmışdır və onlar da fəal iştirakçı oldular, qaliblər sırasına yüksələ bildilər. Fürsətdən istifadə edərək, qalib jurnalistləri təbrik edir, müsabiqəyə göstərdikləri böyük maraq üçün təşəkkürümü bildirirəm.

Qeyd etmək istəyirəm ki, qarşıdakı günlərdə jurnalistlər üçün əcnəbi ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək, bununla da qələm sahiblərinin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində daha bir addım atılmış olacaq. Eyni zamanda, vurğulayım ki, sahəvi jurnalistikanın inkişafına nail olunması istiqamətində işlər həyata keçiriləcək. Hazırda bununla bağlı təhlillər aparılır və ümid edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət nəticəyə nail olacağıq.

Sualınızla bağlı daha bir məqamı qeyd edə bilərəm. 145 illik yubileyə həsr olunmuş, milli mətbuatın inkişaf yolundan bəhs edən sənədli film və videoçarx hazırlanıb. Rəsmi sosial şəbəkə hesablarımız və eyni zamanda, televiziya kanallarında bu gündən etibarən videoçarxımız yayımlanmaqdadır, filmimiz də bu günə töhfə olaraq nümayiş etdiriləcəkdir.

“Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı xüsusi yubiley jurnalının nəşr edilməsi də nəzərdə tutulan işlər sırasındadır. Bundan əlavə, qəzet redaktorları üçün dünyada çap mediası sahəsində tendensiyalar və idarəetmə mövzularında xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması da fondun gündəliyində duran məsələlərdəndir. Qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir. Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək. Sevindirici haldır ki, artıq bir sıra redaksiyalar fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə qeyd edim ki, dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır.

Vurğulamaq istədiyim daha bir məqam da ondan ibarətdir ki, hazırda onlayn media ilə fondun əməkdaşlıq imkanları təhlil edilməkdədir. Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük.

-Tarix baxımından 145 il az müddət deyil. Milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salsaq hansı məqamları qeyd etmək olar?

-Əminliklə söyləyə bilərik ki, Azərbaycan mətbuatı ötən dövr ərzində zəngin və şərəfli yol keçib. XIX əsrin sonlarında Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız həmin dövrdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan dönmədi. Belə bir şərəfli missiyanın həyata keçirilməsində “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”dən başlayan ənənələrə sadiq qalaraq öz mənəvi vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Milli mətbuatımız yarandığı gündən Azərbaycan xalqının ictimai-siyasi həyatında böyük rol oynamağa başladı. Bu, özünü ən çox xalqımızın maarifləndirilməsində, milli şüurun formalaşması və inkişafında, azadlıq arzularının gerçəkləşməsində göstərdi.

XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən məlumat və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə senzuranın, mətbuatın üzərindən dövlət nəzarətinin aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.

Ümummilli Liderin 2000-ci il 27 mart tarixli Fərmanı ilə ölkəmizdə milli mətbuatın yubileyinin dövlət səviyyəsində qeyd olunması ənənəsinin əsası qoyuldu.

Bu gün müstəqil, güclü, müasir dövrün çağırışlarına cavab verməyi bacaran KİV-lərin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetləri sırasına daxildir. Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə maliyyə yardımının ayrılması, milli mətbuatımızın yaranması gününün təntənəli şəkildə qeyd olunması, öz fəaliyyəti ilə fərqlənən jurnalistlərə fəxri ad və medalların verilməsi, KİV nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlətin medianın inkişafı məsələlərinə diqqət və qayğısının əyani təzahürüdür.

-Əhməd müəllim, qəzetlərə maliyyə yardımının ayrılmasını qeyd etdiniz. 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsinə dair fondun elan etdiyi müsabiqədə bir sıra müsbət dəyişikliklər müşahidə etdik. İstərdik bu barədə məlumat verəsiniz.

-Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün iyun ayının 16-da müsabiqə elan etdi. Bundan əvvəlki qaydalara əsasən müsabiqə elan olunduğu günədək son 3 il ərzində müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və birdəfəlik tirajı 2500-3000 nüsxədən az olmayan qəzetlər müsabiqəyə buraxılırdısa, cari qaydalarda bu rəqəmlərdə nəzərəçarpacaq dəyişikliklər yer aldı. Belə ki, yeni qaydalara əsasən müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunan və 2000 nüsxəlik birdəfəlik tirajı, 1500 nüsxəlik abunə və satışı olan qəzetlər də artıq müsabiqədə iştirak hüququ qazandılar. Müntəzəm nəşrlə bağlı tələbin 3 ildən 1 ilə endirilməsi, birdəfəlik tiraj və yayımın azaldılması, üstəgəl qəzetlərin birdəfəlik tirajı və yayımına dair tələblərin avqust ayı ərzində 50 faizədək azaldıla bilməsi hüququnun tanınması redaksiyalar üçün yeni imkanlar deməkdir. Müsabiqə yazılarını peşəkar ekspertlər qrupu yoxlayıb və qiymətləndirib. Mövzu seçimində biz qəzetlərə Konsepsiyada əksini tapmış 19 sahə çərçivəsində sərbəstlik vermişdik ki, hansı mövzuya istəyirlərsə, müraciət edə bilsinlər.

Təklif edilən mövzulardan biri də “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” idi. Sevindirici haldır ki, bu mövzuda azərbaycandilli qəzetlərlə yanaşı, rusdilli və ingilisdilli qəzetlər də adlarını qaliblər sırasına yazdıra bildilər. Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, son maliyyələşmə dövrü ilə müqayisədə 1 yox, 2 rusdilli qəzetə maliyyə vəsaiti ayrılıb.

Beləliklə, qaydalara uyğun olaraq “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxıldı və 18 qəzet qeyd olunan sahələr üzrə qalib elan olundu.

- Sizin fikrinizcə, bu gün mediamız qarşısında duran vəzifələri yerinə yetirə bilirmi?

- Qeyd edim ki, media hər zaman ictimai rəyin formalaşmasında mühüm rol oynayıb və bu gün də bu, belədir. Düşünürəm ki, KİV nümayəndələri yeni, dəqiq informasiya axtarışında hər zaman həvəsli olmalı, müasir trendləri izləməli, onları tətbiq etməli, beynəlxalq informasiya məkanında öz mövqelərini gücləndirməli, lakin bununla yanaşı, dövlətimizin maraqlarını daim nəzərə almalı və müdafiə etməlidirlər.

Xalqımızın dəyərli ziyalıları, mütəfəkkirləri milli şüurun və mədəniyyətin formalaşmasına, inkişafına məhz mətbuat vasitəsilə güclü təkan veriblər. Bu gün ölkəmizdə televiziya, radio, informasiya agentliyi, xəbər portalı, qəzet və jurnallarda fəaliyyət göstərən minlərlə jurnalist hər gün ölkə ictimaiyyətinin maarifləndirilməsi istiqamətində yorulmadan, böyük həvəslə çalışır.

Azərbaycan Prezidentinin bugünkü sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının və dövlətimizin jurnalist əməyinə, ümumilikdə mediaya verdiyi yüksək qiymətin bariz nümunəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər