Azərbaycanda koronavirusun müalicəsində hələ ki effektiv dərman yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"İstifadə olunan antiviral dərmanlar var ki, bunlar qrip, ebola viruslarının müalicəsində istifadə olunanlardı. Hazırda patogenik müalicə üsulu var ki, müxtəlif müdaxilələr edirik.
Plazma müalicəsində koronavirusdan sağalan şəxsin qan plazmasından istifadə olunur. Bu üsuldan sars virusunun müalicəsində də istifadə olunub. İlk vaxtlar bu müalicə üsulunda sağalmış şəxslərin cəlb edilməsi ilə bağlı problemlər var idi. Lakin aparılan təbliğatlardan sonra problem aradan qalxdı. Ölkəmizdə bu müalicə üsulu ilə sağalan xəstələrin sayı çoxdur və istifadəsində heç bir problem müşahidə etməmişik. İkinci qan qrupunda vəziyyəti kritikləşmiş koronavirus xəstələrinin sayı daha çoxdur. Mart ayında çinli mütəxəssislərin apardığı tədqiqatlarda da bu belədir".