29 Sentyabr 2020 15:25
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır.

Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

Teleqraf.com xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. Saatlı şəhərindən Əhədova Sevinc Ağamalı qızı məktubunda qeyd edib: “Hörmətli cənab Prezident! Siz zamanın sınağından ləyaqətlə çıxmış bir Lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz də xalqın önündə olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin və ordumuzun layiqli cavablarını alıblar. Cənab Prezident, inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik. Qadın olmağıma baxmayaraq, bu yolda Sizin əmrinizi gözləyirəm”.

Xətai rayonundan Hasanova Aysel Taryel qızı məktubunda Ali Baş komandana güvəndiyini və arxalandığını vurğulayıb: “Cənab Prezident! Hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizə güvənir, Sizə inanıram. Sizin siyasətinizi, ölkəmizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün qəbul etdiyiniz qərarları dəstəkləyirəm. İnşallah, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq! Sizə güvənir, sizə arxalanırıq! Allah sizə və Vətənimizə kömək olsun”.

Binəqədi rayonundan Babayeva Xuraman Hüseyn qızı, Məmmədova Esmira Əlişirin qızı, İsayeva Maya İkram qızı, Nağıyev Namiq Fərhad oğlu məktubunda qeyd edib: “Hörmətli cənab Prezident! Biz Sizinlə, ordumuzun şanlı qələbə əzmi ilə qürur duyuruq. İşğalçı düşmənə qarşı apardığınız düzgün siyasəti dəstəkləyir, Sizin arxanızda olduğumuzu bildiririk. Sizin rəhbərliyinizlə ordumuz uğurlu əməliyyatlarla xalqımızı sevindirdi. Bir neçə kəndin azad olunması xəbəri yeni qələbələrin carçısıdır. Sizin kimi Prezidentlə fəxr edirik. Qələbə bizimlədir.

Yevlax şəhərindən Osman Xəlilov bildirib ki, Vətənimizin uğrunda döyüşməyə hər an hazırdır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Bir məcburi köçkün olaraq özümə borc bilirəm ki, Sizə təşəkkürümü və minnətdarlığımı bildirəm. Azərbaycanın bütün vətəndaşları kimi, mən də hər zaman Sizin apardığınız siyasətə inanıb Sizi dəstəkləmişəm. Sizin indi də Qarabağın azad oluması uğrunda göstərdiyiniz əzmi və mübarizliyi görüb susmaq mümkün deyil. Mən inanıram ki, işğal altındakı bütün torpaqlarımız yaxın vaxtlarda Sizin rəhbərliyinizlə azad ediləcək və biz məcburi köçkünlər öz doğma yurdlarımıza qayıdacağıq. Bir məcburi köçkün gənc kimi əminəm ki, o gün uzaqda deyil. Biz gənclər Sizi sevirik, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Vətənimizin uğrunda döyüşməyə hər an hazırıq, hörmətli cənab Prezident. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, onların qanı yerdə qalmayacaqdır. Allah Sizi və əsgərlərimizi qorusun”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər