Hazırda koronavirusa yoluxanlar arasında məktəbyaşlı uşaqların sayının üstünlük təşkil etdiyini demək olmaz.
Bunu Teleqraf.com-a TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
A.Qurbanov əlavə edib ki, hazırda yoluxma mənbələrinin daha çox haralarda olduğunu söyləmək çətindir:
“Məktəblər açıldıqdan sonra sözsüz ki, insanlar arasında sıxlıq, təmas çoxalıb. Amma həm valideynlər, həm də müəllimləri məktəbyaşlı uşaqlara, xüsusilə kiçik yaşlılara başa salmalıdırlar ki, virusdan necə qorunmaq olar. Çünki bu yaşda uşaqlar o qədər də sözə baxmırlar. Amma belə uşaqları daimi olaraq, nəzarətdə saxlamaq lazımdır ki, onlar ən azından infeksiya mənbəyinə çevrilməsinlər”.
Təhsil eksperti Elçin Süleymanov Trend-ə açıqlamasında hazırda təhsil müəssisələrində yoluxma sayının ümümi yoluxmanın olduqca az hissəsini təşkil etdiyini söyləyib.
O bildirib ki, COVİD-19-a yoluxma hallarının olmaması üçün tədris müəssisələrində karantin qaydalarına və sanitar gigiyenik şərtlərə riayət edilməsinə diqqət artırılmalıdır.
Ekspertin sözlərinə, məktəblərdə yoluxma statistikası artarsa, qabaqlayıcı tədbirlər görülməlidir.
Qeyd edək ki, ümumilikdə ölkədə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Təhsil naziri Emin Əmrullayevin sentyabrın 30-da verdiyi məlumata görə, həmin vaxtadək 310 şagirddə koronavirus aşkarlanıb. Bu şagirdlərdən biri məktəbdə, qalanları ev daxilində yoluxub.
Nazir hazırda şagirdlər arasında əsas yoluxma mənbəyinin məktəb deyil, ev olduğunu söyləyib.