Oda Teatrı “Azərsu” ASC-ni məhkəməyə verməyə hazırlaşır. Bu barədə Teleqraf.com-a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib.
Onun sözlərinə görə “Azərsu” ASC-nin işçiləri aprelin 5-i yeni “Sicide” tamaşasının prmyerası günü teatrın suyunu kəsib, aktyorlarla kobud rəftar ediblər: “Prmyeraya hazırlıq gedərkən “Azərsu” işçiləri qanunsuz formada teatra daxil oldular və kobud formada suyu kəsəcəklərini bildirdilər. Onların bizimlə təhqiramiz formada danışmaları ilə bağlı lent yazılarımız da var. Biz onları məhkəməyə təqdim edəcəyik.
Eyni zamanda suyu kəsərkən teatrın məkanına ziyan vurdular, hər tərəfi su basdı. Teatra dəyən ziyanı biz öz hesabımıza düzəltdik. Qaynar xəttə dəfələrlə məlumat verməyimizə baxmayaraq heç bir tədbir görülmürdü. Hətta mən “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb bu qanunsuzluqla bağlı onlara məlumat verdim. Onlar bunun qarşısının alınacağını dedilər və göstəriş verdilər. Buna baxmayaraq “Azərsu” ASC-nin qəza xidmətlərinin əməkdaşları əraziyə gəldilər və “bunu nəzarətçilər edibsə bizim düzəltməyə ixtiyarımız yoxdur” deyib getdilər”.
Teatrdan verilən məlumata görə, “Azərsu”ASC əməkdaşları sayğacın dəyişdirilməsi və yeni sayğacla əvəz olunması ilə bağlı teatra gəliblər. Lakin mübahisə zamanı suyu kəsəcəklərini bildiriblər.
Qeyd edək ki, dünən prmyerası olan “Suicide” tamaşası bu gün saat 19:00-da təkrar nümayiş olunacaq. Tamaşa Peter Turrininin “Axır ki, qurtardı” əsəri əsasında hazırlanıb. Monotamaşanın rejissoru İmam Həsənov, ifaçısı Elmin Bədəlovdur.