Düşmən güllələrinin Ali Hərbi Akademiyaya apardığı yol
Zaman-zaman biz jurnalistlər müxtəlif qurumların təşkilatçılığı ilə bölgələrə səfərlərə yollanırıq. Bu dəfə də uzaq səfərə çıxmalı olduq. Yolumuz cəbhə bölgəsinə idi… Beləliklə, Təhsil Nazirliyinin və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Bakıdan 400 km uzağa yola düşən 30-dan artıq media təmsilçisi güllə və barıt qoxulu məkana qədəm basdı. Ölüm də, cəsarət və qəhrəmanlıq da lap yaxındaydı. Əl uzatsan çatardı, əl uzatsaydıq, atəş açardılar…
Biz isə yazmağa gəlmişdik. Tovuz və Qazax rayonlarından hazırladığımız reportajın ilk cümlələri beləcə, beynimizdən sızmağa başladı. Sanki döyüş ab-havası da sözlərə qarışıb düşüncəmizdən cümlələrə hopurdu.
Üç ay evli…
İlk öncə Tovuzun Hacallı kəndinə getdik. Adına döyüş bölgəsi deyilən, cəbhə xəttinin keçdiyi ərazidə yerləşən kənddə sanki hər şey fərqli idi. Düşmənlə 17 kilometrlik sərhədi olan Hacalllı Ermənistanın Berd rayonunun Aqepar, Çinarlı və Muses kəndlərilə qonşu və həmsərhəddir. Burda müntəzəm olaraq ermənilərin atəşi altında qalan insanlar həmişə döyüşə hazırdılar…
Öncə Milli Qəhrəman Qasım Rzayevin adını daşıyan Hacallı kənd orta məktəbinə baş çəkdik. Bu məktəbin binasına sonuncu dəfə avqust ayında baş vermiş şiddətli atışmalar zamanı ziyan dəyib. İriçaplı silahlardan atılmış güllə izlərinə məktəbin divarlarında, lövhədə də rast gəlmək mümkündür.
Onu da qeyd edək ki, bu kənddə Qasım Rzayevin nə heykəli var, nə də büstü.
Qəhrəmanın qardaşı Valeh Rzayev deyir ki, atəşkəsin tez-tez pozulmasına baxmayaraq, kənd camaatı bir dəfə də olsun buraları tərk edib getmək fikrinə düşməyib: “Qardaşım 1970-ci il mayın 5-də anadan olmuşdu. Ailəmizin sonuncu uşağı, sonbeşiyi idi. 1988-ci ildə Ukraynanın Nikopol şəhərinə hərbi xidmətə getmiş, artilleriya alayında qulluq etmişdi. O, 1991-ci il fevralın 1-də könüllü Milli Orduya yazıldı. Orduya getməmişdən cəmi üç ay əvvəl ailə həyatı qurmuşdu. O, bizim yalvarışlarımıza heç bir əhəmiyyət vermədən döyüşə yollandı. Erməni kəşfiyyatının izlədiyi hərbi texnikanı idarə etməyə başladı. 1992-ci il may ayının 14-də Quş dağında həmin maşını ermənilər vurdu. Mayın 15-də vəfat etdi. Övladı da olmadı ki, ondan bir nişanə qalsın”.
Düşmənin üç kilometrliyində
Hacallı kənd orta məktəbilə erməni postları arasında isə məsafə cəmi 3 kilometrdir. Buna baxmayaraq məktəb öz fəaliyyətini davam etdirir. Hər an atışma gözlənsə də, müəllim heyəti və şagirdlər davamiyyəti pozmurlar. Xatırladaq ki, məktəbdə 455 şagird təhsil alır. Son 5 ildə məzunlardan 24-ü ali hərbi məktəb və liseylərə qəbul olub.
2013-2014-cü tədris ilində məktəbi bitirən 37 nəfərdən 9-u ali məktəbə, 3-ü kollecə daxil olub.Burada 10 və 11-ci sinif şagirdləri üçün əyani hərbi hazırlıq dərsləri keçirilir.
Atəş altında dərs
Məktəbin direktoru Mehriban Rüstəmova düşmən atəşinin əyani sübutu kimi güllələnmiş lövhəri bizə göstərdi. Direktorun sözlərinə görə, dərs vaxtı atışma olduqda uşaqları pəncərədən kənar yerə yığıb atışmanın kəsilməsini gözləyirlər: “Uşaqlar hər gün dərslərə gəlirlər. Cəbhə bölgəsi olduğu üçün hər an atışma ola bilər. Atəş səsləri eşidildikdə şagirdləri gizlin yerə yerləşdiririk. Sonra valideynlərə xəbər edirik, onlar da gəlib uşaqlarını bizdən təhvil alırlar. Valideynlər heç bir tərəddüd qarşısında qalmadan səhəri gün yenidən uşaqlarını məktəbə yollayırlar”.
Güllə səslərindən dərs alan xanım
Hərbi hazırlıq dərsində olduğumuz zaman bir qızın silahla davranması diqqətimizi çəkdi. 11-ci sinif şagirdi olan Səkinə Bayramova ermənilərə qalib gələciyimizə inandığını deyir: “Mən hərbi dərslərdə silahla, güllə ilə davranmağı diqqətlə öyrənirəm. Qız olmağıma baxmayaraq lazım gəlsə, döyüşə gedərəm. Burada demək olar ki, həftədə üç dəfə atışma olur. Amma bu, bizi qorxutmur. Biz cəbhə bölgəsinin şagirdləriyik. Həm də atəş səslərindən dərs alırıq…”
Məktəbin digər şagirdi Etibar isə deyir ki, güllə səsləri gələndə bəzən qorxuya da düşürlər: “Gözümün qabağında kimisə vurmayıblar, amma kiminsə vurulması xəbərini alırıq. Hərbi hissələrə də tez-tez gedirik. Mən özüm də ali hərbi məktəbə hazırlaşıram. Bu ixtisası qəhrəmanlarımıza və torpağımıza görə seçmişəm”.
Müharibə qorxusuna qalib gələnlər
64 yaşlı dil-ədəbiyyat müəlliməsi Səmayə Hüseynova deyir ki, qonşu kənddə yaşasa da, 43 ildir bu məktəbdə çalışır: “Bura mənə ata evim kimidir. Necə deyərlər, “isti ocağımız, dolu bucağımızdır”. 43 ilimi bu məktəbə vermişəm. Atışmalara şagirdlər də öyrəşib, hətta onlar bəzən mənə ürək-dirək verirlər ki, müəllimə, narahat olmayın…”
Baş çəkdiyimiz digər sinif otaqlarından birində 4-cü sinif şagirdlərinə ingilis dili dərsi keçilirdi. 4-cü sinif şagirdlərinə ingilis dilini tədris edən Təranə müəllimə uşaqların həvəslə bu fənni öyrəndiklərini bildirdi: “Üç ildən artıqdır Hacallı kənd orta məktəbində çalışıram. Özüm Tovuz şəhərində yaşayıram. Həftədə dörd dəfə gəlib uşaqlara dərs deyirəm. Müharibə şəraitində yaşayan bu balaca uşaqların ingilis dilini həvəslə öyrənmələri məni çox sevindirir”.
Daha sonra cəbhə bölgəsində olarkən N saylı hərbi hissəyə də baş çəkdik. Məktəb uşaqları kimi, əsgərlərimiz də yüksək döyüş əhval-ruhiyyəsində idilər. Burda bizə və məktəb uşaqlarına silahlar haqqında məlumat verildi.
Bu kənddə, bu məktəbdə gördüklərimizdən aydın oldu ki, bu insanlar müharibə qorxusuna çoxdan qalib gəliblər. Özləri demişkən, həyat davam edir. Hətta kənddə toy səsləri də eşidilirdi...
Yaralıların qurbanı olan pilot Yaşar Əhmədov
Daha sonra Qazaxın sərhədlə üç kilometrlik məsafədə yerləşən Aslanbəyli, yeddi kilometr uzaqda olan Çaylı kəndərinin məktəblərində olduq. Buradakı sakinlər də tovuzlular kimi düşmənin yaxında olmasına baxmayaraq öz güzaranlarına davam edirdilər.
Aslanbəyli kəndinin girəcyindəki qəbristanlıqda bir məzarın yanına Azərbaycan bayrağı sancılmışdı. Bu, diqqətimizi çəkdi. Yamaca qalxıb baxanda məlum oldu ki, bu, 2013-cü ilin fevralında yaralı hərbçiləri gətirmək üçün gedən, ancaq “Sədərək” Ticarət Mərkəzinin üzərinə havada partlayan təyyarədə həlak olan pilot Yaşar Əhmədovun məzarı imiş. Yaşar Əmədov 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Orta məktəbi də bu kənddə bitirib.
24 şəhid vermiş məktəb
Kənd məktəbi öz şagird, müəllim kollektivi və hətta veteran müəllimləri ilə birgə bizi gözləyirdi. Məktəbin qapısında iki veteran müəllimlə qarşılaşdıq. 87 yaşlı Mədət müəllimin sözlərinə görə, ali məktəbi bitirəndən bu məktəbdə dərs deyib: “1949-cu ildən bu yana 63 il şagirdlərə ədəbiyyat tədris etmişəm. Hazırda veteran müəlliməm, yetişdirdiyim ali savadlı şagirdlərimlə fəxr edirəm. Kənd neçə dəfə bombalanıb, amma bir adam belə doğma torpağını tərk etməyib. Bizimlə sərhəddə bir neçə erməni kəndi var. Mal-qoyun otaranda sakinləri atəşə tuturlar. Amma biz kəndi qoyub qaçmırıq. Kəndimiz Qarabağ müharibəsində 24 şəhid verib”.
Aslanbəyli məktəbində 44, Çaylı məktəbində 97 müəllim çalışır. Onların arasında Ağstafadan gəlib urada çalışan müəllimə də var. Bu məktəblərdə şagirdlər hərbi dərsləri hərbi geyimdə keçirlər.
66 yaşlı Yusif Qocayev Çaylı məktəbinin müəllimidir: “Hazırda kadr çatışmadığı üçün mən müqavilə ilə bu məktəbdə işləyirəm. 31 ilin hərbi müəllimiyəm. Məktəbimiz mütəmadi atəşə tutulsa da, hər gün şagird və müəllimlər sinif otaqlarındadırlar”.
“Mamırlar ən böyük köməkçilərimdir”
İndi də əl işlərinə heyran olduğumuz Xədicədən danışım sizə. Xədicə Qasımova 8-ci sinif şagirdidir. O, belə deyir: “4-5 yaşımdan bu işlə məşğulam. Qayalıqlarda bitən mamırlar, güllər mənim əl işlərimi düzəltməyimdə ən böyük köməkçilərimdir. “Ətraf mühitə töhfəmiz” sərgisində 3-cü yer qazanmışam. Amma özüm hüquqşünas olmaq istəyirəm. Arzum insanları müdafiə etməkdir”.
Nə güllə səsi, nə hay-küy…
Kənd məktəblərində müəllim çatışmazlığından tez-tez gileylənir, ali məktəb məzunlarənın ucqarlara getməkdən boyun qaşırdıqlarını söyləyirlər. Amma Liana Vəliyeva sərhəd kəndinə gələnlərdəndir: “1989-cu ildə Ağstafada anadan olmuşam. 2011-ci ildə ali məktəbi bitirmişəm. 2013-cü ildə müəllimlər üçün imtahanda 31 bal toplamışam. Dərs demək üçün Qazaxın Aslanbəyli kəndini seçmişəm. Şagirdlərimə coğrafiya fənnini tədris edirəm. Hər gün dərsimdə oluram. Məni nə güllə səsi, nə də hay-küy qorxudur”.
Beləcə, bizi əmin etdilər ki, buradakı insanları heç nə qorxutmur. Ən azı sakinlərin gözlərində qorxu hissi görmədik. Bizi gülərüz, sevinclə qarşılayıb, belə də yola saldılar…
İlhamə Əbülfət