Polis əməkdaşları tərəfindən paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinidən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakinləri, 38 yaşlı N.Rzayevə və 36 yaşlı T.Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139.1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.