COVID-19 pandemiyası dünyanı cənginə alandan Azərbaycan da bu bəlaya qarşı sərt mübarizə tədbirlərinə başlayıb.
Əhalinin sağlamlığı, təhlükəsizliyi üçün ciddi profilaktik addımlar atılıb. Yoluxmanın qarşısını almaq üçün bütün kütləvi tədbirlər ləğv edilib. İdman, konsert sarayları, muzeylər bağlanıb. Sosial məsafənin gözlənilməsi məqsədilə iş yerləri müəyyən dövr üçün qapalı saxlanılıb. Bir çox hallarda effektivliyi artırmaq üçün insanların küçəyə çıxması belə yasaqlanıb. Dövlət özünün iqtisadi yükündən çəkinməyərək zəruri sosial paketləri tətbiq etməklə mövcüd reallığa uyğun qərarlar verib. Atılan addımlar zaman etibarı ilə də öz nəticəsini verib.
Azərbaycan bütün bəşəriyyəti bürümüş bu bəlaya qarşı tək ölkə daxilində özünütəcrid, müdafiə tədbirləri ilə kifayətlənməyib. Ölkəmiz dünyanı cənginə alan bu bəla ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk dövlətlərdən biri olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, Dünya güclərini həmrəyliyə çağırıb. Azərbaycan COVID-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə ayırıb. Bütün iqtisadi riskləri gözə alan Azərbaycan bəşəriyyət, insanlıq üçün nümunə olub. Ölkəmiz bu ağır dönəmdə 30-dan artıq dövlətə humanitar yardım göstərib. Hətta Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Bu da o məqsədlə edilib ki, COVAX təşəbbüsünə qoşulan ölkələrin koronavirusa qarşı vaksin əldə etmək üçün daha çox şansları var. Hələ yay aylarında - vaksinin üfüqdə görünmədiyi vaxtlarda ÜST-nin elmi işçisi Sumya Svaminatan COVAX-ın təşəbbüsünün vaksin hazır olduqdan sonra onun daha tez və bərabər şəkildə əlçatan olmasına təminat verilməsinə yönəldiyini söyləmişdi. Sonra nə oldu? Hətta çağırışlar edildi ki, dövlətlər COVAX təşəbbüsünə nə qədər çox qoşulsalar, sxem bir o qədər çox uğurla işləyəcək.
Gözlənilən o idi ki, ÜST-nin, Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın (GAVI) və epidemiyalara hazırlığın təmin edilməsi sahəsində innovasiyalar üçün koalisiyanın (CEPI) birgə başladığı təşəbbüsə qoşulsunlar. 100-ə yaxın dövlət də bu təşəbbüsə “hə” demişdi. Təşəbbüsün də məqsədi 2021-ci ilin sonunda azı 2 milyard doza miqdarında effektiv və bəyənilmiş vaksinin bölüşdürülməsi idi. Sonra nə oldu?
Aylar öncə Azərbaycan COVAX-a qoşulanda bildirilmişdi ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin müəyyən qədər vaxt keçib. COVAX-dan səs yoxdur. Azərbaycana da razılaşdırılmış qaydada vaksin təqdim edilməyib. Son günlər isə COVAX məlumat verib ki, vəd ediləndən daha az sayda vaksin verə biləcək. Bunun da vaxtı məlum deyil.
Çox maraqlıdır ki, COVAX tərəfindən qonşu Gürcüstana ilk partiya vaksin çatdırılıb. Bu zaman ortaya haqlı olaraq suallar çıxır. Azərbaycana qarşı ədalətsiz yanaşma nədən xəbər verir?
COVAX üzərinə götürdüyü öhdəliklərə niyə əməl etmir?
Nədənsə, bu suallara indiyədək dolğun cavab verilməyib. COVAX isə müxtəlif bəhanələrə əl ataraq riyakar mövqe tutur. Bu cür yanaşma qeyri-ciddidir. Nəticədə COVAX-a olan etibarı heçə endirir. Pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım göstərən Azərbaycana qarşı ikili standartlara yol verilməsi birmənalı şəkildə qəbuledilməzdir.