12 Aprel 2021 18:45
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripinə aid epizootik vəziyyəti qiymətləndirmək məqsədilə 12 aprel tarixindən növbəti epizootoloji monitorinqlərə başlayıb.

AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək. Eyni zamanda həmin müddətdə Bakı şəhərindəki, Şabran, Siyəzən, Abşeron, Sabirabad, Salyan, Neftçala, Lənkəran, Masallı və İmişli rayonlarındakı fəaliyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarıdaki ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələrin götürülməsi, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi və epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı geniş coğrafi ərazini əhatə edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.

Monitorinqlər aprelin 16-dək davam edəcək.


Müəllif: Teleqraf.com