Türkiyədə iyun ayında peyvənd tədarükü və yerli peyvəndin tətbiqi ilə vaksin bolluğunun yaranacağı gözlənilir.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, razılaşmaya görə, Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin 50 milyon dozası altı ay ərzində Türkiyəyə çatdırılacaq.
İlk təslimatın may ayında ediləcəyi bildirilir. İyunun sonuna qədər 40 yaşdan yuxarı şəxslər vaksinasiya olunacaq. Avqust ayında vaksinasiya proqramının 18 yaşdan aşağı olması planlaşdırılır.
Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca “BioNTech” peyvəndinin iki dozası arasındakı müddətin 6-8 həftəyə qədər uzadılacağını açıqlayandan sonra vaksinlərin təsirinin azalacağına dair narahatlıqlar gündəmə gəlmişdi. Nazir həmçinin qarşıdakı iki ayda peyvənd təminatının çətin olacağını da bildirmişdi.
Ancaq müddətin uzadılması toxunulmazlıq və ya peyvəndlərin sonrakı qorunması baxımından problem yaratmır. “BioNTech” peyvəndi ilk dozadan sonra 70 faizdən çox qoruma təmin edir. İngiltərədən alınan məlumatlar peyvəndin ilk dozasından 4-5 həftə sonra qorunmanın 80 faizə qədər artdığını göstərir. Müddətin uzadılması ilə daha çox insana ilk doz peyvəndin verilməsi planlaşdırılır. Bu, xüsusilə mutasiyaların təsirli olduğu bu günlərdə çox sayda insanı sürətlə qorumaq məqsədi daşıyır. Beləliklə, Türkiyədə tam qapanma prosesi zamanı da vaksinasiyanın sürəti azalmayacaq.
Qeyd edək ki, mütəxəssislər peyvənd tədarükü ilə bağlı problemlərin qarşısını almaq üçün iki doz arasında vaxtı uzatmağı tövsiyə edirdilər. İngiltərə, Kanada və Almaniya da daxil olmaqla bəzi ölkələrdə 28 gün əvəzinə 45 günə və ya 3 aya qədər vaxt uzadılıb.