31 Oktyabr 2014 15:20
5 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihə davam edir. Gənclər Fondundan redaksiyamıza verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhəri Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib. Layihənin məqsədi gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılmasıdır.

AMEA-nın elmi müəssisələrinin, sözügedən məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən görüşdə məktəbin direktoru Fuad Babayev layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür layihələrin reallaşdırılmasını informasiya cəmiyyətinin tələblərinə uyğun sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsi üçün əhəmiyyətli hesab edir.

Layihənin rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Şahzadə Mədətova layihənin məqsədi haqqında məlumat verib. Onun sözlərinə görə, İnternetdə Azərbaycanın informasiya resurslarının zənginləşdirilməsi və bu qlobal virtual mühitdə, o cümlədən sosial şəbəkələrdə milli maraqlarımızın qorunmasında gənclərimizin də üzərinə mühüm vəzifə düşür.

Geniş məruzə ilə çıxış edən AMEA Aşqarlar Kimyası İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Əfsun Sucayev İnternetin, sosial şəbəkələrin üstünlüklərindən, faydalarından, həmçinin neqativ təsirlərindən və təhlükələrindən danışıb.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun sektor müdiri Rahil Nəcəf sosial şəbəklərdə informasiya təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, zərərli ideyaların yayılması kimi problemlərin mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, yeniyetmə və gənclər bu cür problemlərdən, təhlükələrdən xəbərdar olmalı, onlardan qorunmağı bacarmalı, lazım gələrsə, buna qarşı mübarizə aparmlıdır. Həmçinin məktəblilərin internetin zərərli təsirlərindən qorunmasında müəllimlərin və valideynlərin üzərinə düşən vəzifələrdən danışıb.

Digər gənc alimlər çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər.
Tədbir zamanı layihə iştirakçıları tərəfindən müəllim və şagirdləri maraqlandıran müxtəlif suallara cavab verilib.

Görüşün sonunda çıxış edən F.Babayev orta məktəblərin hər birinin sosial şəbəkələrdə bloq və qruplarının yaradılmasının vacib olduğunu qeyd edib. O deyib ki, həmin bloq və qruplarda məktəb, onun nailiyyətləri, müəllimləri, şagirdləri və məzunları haqqında məlumatlar yerləşdirilməsi zəruridir.
Qeyd edək ki, oktyabr ayından start verilmiş layihə bir ay müddətində davam edəcək.


Müəllif:

Oxşar xəbərlər