8 İyun 2021 11:50
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün bunlar, mənə qarşı olan qarayaxmalar “5-ci kolon”un və trol şəbəkəsinin işidir. Milli adamam, ölkəmə sədaqətlə xidmət edirəm. Azərbaycan-Türkiyə münasibətlərinə töhvə verirəm. Amma görünür bu, bir çoxlarının xoşuna gəlmir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ramil Həsən Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın qızını qaçırması ilə bağlı iddiaya münasibət bildirərkən deyib.

Deputat səslənən ittihamları özünə qarşı qaragüruhun, “5-ci kolon”un və trolların işi adlandırıb:

“Bu, mənə qarşı bir plandır. Milli adam olanda, Azərbaycanın müstəqil siyasət yürütməsini təbliğ edəndə görünür ona təzyiqlər edilməlidir. Türkiyə-Azərbaycan münasibətlərinin, strateji əməkdaşlığının güclənməsini istəməyən qüvvələr bu səbəbdən də məni "vurmağa" çalışırlar. İddiların hamısı hoqqabazlıqdır. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm və yenidən də müraciət edəcəyəm”.

Qeyd edək ki, iş adamı övladını görməsi ilə bağlı məhkəmə qərarları olsa da, deputat Ramil Həsəni buna mane olmaqda ittiham edir.

Mediada yayılan xəbərlərə görə, qızının arxasınca üçüncü dəfədir Azərbaycana gələn Almari Vael Süleyman yeganə istəyinin övladına qovuşmaq olduğunu deyib. Onun sözlərinə görə, ötən ilin sentyabrından bu yana qızını görə bilmir.

Valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nəsimi rayon məhkəməsində qaldırılan iddia ərizəsi təmin olunduqdan sonra iş adamı icra nümayəndələri, hüquqlarını müdafiə edən vəkillər – Muxtar Mustafayev və Ənvər Əmirəliyevlə birgə övladının yaşadığı ünvana yollanıb. İş adamı keçmiş xanımı Yekaterinanın yaşadığı ünvanı dəqiqləşdirib gəlib və mənzilin qapısını onların üzünə millət vəkili Ramil Həsən açıb.

Süleymanın vəkili Ənvər Əmirəliyev qeyd edib ki, deputat məhkəmə qərarına birbaşa hörmətsizlik edir: "Ramil Həsən “mən parlamentin üzvüyəm, iki günə Nəsimi rayon məhkəməsinin qərarını ləğv etdirərəm” deyir. Bu adam göz görə-görə, çəkinmədən vəzifə səlahiyyətlərini aşır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər