3 Noyabr 2014 19:55
572

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yeni bir formatda “Universitet qrantı” müsabiqəsini elan edib. Müsabiqə ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla elan olunub.

Fondun keçirdiyi qrant müsabiqələrində Azərbaycan Milli Elmlər Akademiyasından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından, elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər (fiziki şəxslər) bərabər əsaslarla və şəffaflıq şəraitində iştirak edirlər. Bu qurumları təmsil edən alim və mütəxəssislərdən təşkil edilmiş müvəqqəti yaradıcı kollektivlərin təqdim etdikləri qrant layihələrinə isə müsabiqələr zamanı üstünlük verilir.

Təhsil müəssisələri Elmin İnkişafı Fondunun qrant müsabiqələrində kifayət qədər fəal iştirak edir. 2010-2014-cü illərdə Fond tərəfindən təşkil edilərək keçirilmiş 17 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 315 qalib qrant layihəsinin 94-nün (bu, ümumi sayın 29.84 %-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 14.22%-ni təşkil edir) rəhbərləri 19 təhsil müəssisəsini (14 universitet, 4 təhsil akademiyası və 1 lisey olmaqla) təmsil edir. Adıçəkilən 315 layihə üzrə rəhbər və icraçıların ümumi sayının 21.5%-i ali təhsil qurumlarına aiddir.

Elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, bir sıra ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması nəzərdə tutulub.

Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin cəmi həcmi 910 000 (doqquz yüz on min) manat nəzərdə tutulub.

Təhsil Nazirliyi müsab
iqənin keçirilməsinə təşkilati dəstək göstərəcək.

Müsabiqə üzrə ekspertizanın nəticələri əsas götürülməklə, ilk növbədə aşağıdakı ali təhsil müəssisələrindən təqdim olunmuş layihələr maliyyələşdiriləcək:

Azərbaycan Dövlət Neft Akademiyası;
Azərbaycan Tibb Universiteti;
Azərbaycan Dövlət Aqrar Universiteti;
Azərbaycan Dövlət İqtisad Universiteti;
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

Yuxarıda adıçəkilən ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya texniki/elmi ekspertiza mərhələsindən keçmədikdə, digər ali təhsil müəssisələrindən müsabiqəyə daxil olmuş layihələrin müsabiqənin ümumi büdcəsi və şərtləri daxilində maliyyələşdirilməsi də nəzərdə tutulur. Müsabiqədə iştirak üçün müvafiq ali təhsil müəssisəsinin rəhbərliyinin təqdimatı tələb olunur.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu noyabrın 3-dən dekabrın 3-ü saat 17.00-a qədər qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır.

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının (ali təhsil müəssisələrində səyyar seminarlar daxil olmaqla) keçirilməsi nəzərdə tutulub.


Müəllif: