Ənənəvi tədris ili başa çata da, bu ildən etibarən orta təhsil müəssisələrində "Yay məktəb"ləri təşkil olunub. Dərslərin tərtibatı ilə tanış olmaq üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən orta məktəblərə yollandıq.
İlk dayanacağımız Vətən müharibəsi dövründə 5 şəhid verən 9 nömrəli tam orta məktəb oldu. Məktəbə daxil olar-olmaz dekorasiyalar diqqətimizi çəkdi. Bir tərəfdə şagirdlər xalça üzərində əyləşib müzakirə aparır, bir tərəfdə parta arxasında əyləşən balacalar dərs oxuyur, bir tərəfdə isə idman dərsləri keçirilirdi.
"Yay məktəbi"nin rolu haqqında danışan Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə deyir ki, dərslərə maraq gözləniləndən çoxdur. Onun sözlərinə görə, birinci il olmasına baxmayaraq, Sumqayıt üzrə "Yay məktəbi"nə 5 min 500 şagird cəlb olunub: "Şagirdlərin hər fəsildə öyrənmə vərdişlərini və istirahətini nəzərə alsaq, fikirləşdik ki, bu layihə uğurlu olacaq. Hansı məktəblərdə, hansı bölgələrdə yay məktəbi daha yaxşı təşkil olunacağını müəyyənləşdirmək üçün Sumqayıt şəhər təhsil şöbəsi olaraq yay məktəbinə daha yaradıcı yanaşan məktəblərin müsabiqəsini təşkil etdik".
Arzu Alızadənin sözlərinə görə, "Yay məktəbi"nin təşkilində məqsəd Vətən müharibəsi dövründəki fasilənin boşluqlarını aradan qaldırmaqdır: "Valideynlər arasında müəyyən narazılıqlar olsa da, düşünürəm ki, onlar bu şəraiti gördükdən sonra növbəti illərdə "Yay məktəb"lərinə maraq artacaq. Nəzərə alaq ki, pandemiya qaydalarına uyğun olaraq "Yay məktəbi"ni açıq havada təşkil eləmək imkanı var.
Burada sinfin bütün şagirdləri iştirak etmir, pandemiya davranışlarına riayət etmək daha asandır. Məktəbin təşkil olunması bir daha bizə müəllim və şagird münasibətlərinin yenidən sıx qurulmasına şərait yaratdı".
"4b" sinfinin şagirdləri "Azərbaycan" mahnısını ifa edərək dərs arası fasiləyə rəng qatdılar. Bizimlə təəssüratlarını bölüşən balacalar bu dərslərin ənənəvi dərslərdən daha maraqlı olduğunu dedilər: "Yay məktəbində həm əylənirik, həm dərs oxuyuruq. Burda dərslər daha maraqlı olur, açıq havada keçilir. Bu gün həm mahnı oxuyacağıq, həm də rəsm çəkəcəyik".
Sinif rəhbərləri Aytəkin Səlimova söhbətə qoşularaq şagirdlərin uğurlarından danışdı: "4b" sinfinin şagirdləri bu il keçirilən "Xarıbülbül" festivalında ikinci yerə layiq görülüblər və diplomla təltif olunublar. Şagirdlərimizin həm də gözəl əl işləri var. Hazırda dərslərə 10 şagird qoşulub. Daha çox şagirdimiz qoşulmaq istəsə də, əksəriyyət yay fəsli olduğu üçün rayonlara üz tutub".
Aytəkin müəllimə onu da əlavə etdi ki, yay məktəbində şagirdlərin qiymətləndirilməsi ənənəvi qaydada aparılmır: "Burada qiymətləndirmə fərqlidir, daha çox həvəsləndiririk, mükafatlandırırıq. Eyni zamanda, yarışlar keçirir, əyləncəli oyunlar təşkil edirik".
Şagirdlərin diqqətini çəkmək üçün məktəbin həyətində onların maraq dairəsinə uyğun olaraq ixtisaslar üzrə stendlər hazırlanıb. Burada riyaziyyat, kimya, peşə sahələrinin təsvirini aydın görmək olur. Həkim masasında əyləşən birinci sinif şagirdi Nuray Müslümova həmsöhbətimiz oldu. Gələcəyin həkimi olacaq Nuray "Yay məktəbi"ni çox bəyəndiyini deyir: "Dərslər xoşuma gəlir. Burada sinif yoldaşlarımla görüşür, oyunlar oynayıram. Hər gün dərslərə qoşulacam”.
Şagirdlərlə söhbətimiz zamanı Nigar Muradzadənin aktivliyi isə gözümüzdən qaçmadı. Bu balaca qız idman dərsi ilə yanaşı, müəllimlərin sual-cavabında da aktiv iştirak edirdi:
“Məktəbi çox sevirəm. Müəllimlər bizə əyləncəli yarışlar təşkil edir, bilik verirlər. Məktəbdən olimpiadalara gedirik, medalımız, sertifikatlarımız var. 5-ci sinifdə oxuyuram. Öz arzumla yay məktəbinə gəldim. Yayda evdə qalmaqdansa, məktəbə gəlmək, yeniliklər öyrənmək daha yaxşıdır”.
Məktəbdə dərslər davam etsə də, balaca fidanlarla sağollaşıb Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbə yollandıq.
Deyə bilərəm ki, “Yay məktəbi”ndə dərslər uşaqların arzuladığı formada təşkil edilib. Dərsin gedişatını izləmək üçün “6ç” sinfinin qonağı olduq. Şagirdlər növbə ilə rəngli toplar seçir, toplar arasından çıxan suallara cavab verirdilər. Qiymətləndirmə zamanı isə onlara müxtəlif döş nişanları, yaxud da kiçik mükafatlar verilir.
Sinfin şagirdləri bizimlə söhbətdə yay məktəbinin təşkilindən məmnun olduqlarını dilə gətirdilər: "Pandemiya dönəmində bir müddət dərslərimiz distant oldu, internetimiz zəif idi, onlayn dərslərə qoşula bilməmişdik. Həmin dönəmdə başa düşmədiklərimizi indi yay məktəbində öyrənirik, biliklərimizi daha da təkmilləşdiririk. Məktəbin həyətində də əyləncəli oyunlar təşkil edilir. Çox sevinirik ki, biz yay məktəbinə qoşulmuşuq".
Məktəbdə dərslər iki növbəli sistemlə təşkil olunur. Birinci növbə 8:00-12:00 arasında, ikinci növbə isə 13:00-17:00 arasında dərslərdə iştirak edir.
Məktəbin müəllimi Zibeydə Əliyeva deyir ki, dərslərə qoşulan şagirdlərin sayı gözlədiyindən çox olub: “Pandemiya və vətən müharibəsi səbəbilə dərslərimizdə xeyli fasilələr oldu. Boşluğun aradan qaldırılmasında “Yay məktəbi”nin rolu əvəzsizdir. Bəzi şagirdlər bizə qoşula bilmədi, valideynlər narazılıq edərək rayonlara üz tutdular. Buna baxmayaraq, yenə də xeyli şagird bizimlədir”.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Yay məktəbi” çərçivəsində şagirdlərə keçirilən ustad dərslərdə 31-ci Beynəlxalq Biologiya Olimpiadasının qalibi Mətin Muradlı və “Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd də iştirak etdi.
Mətin Muradlı şagirdlərlə görüşdə olimpiadalara hazırlıq prosesindən danışdı, uğurun sirrini onlarla bölüşdü. Toğrul Səməd isə maliyyə savadlılığından söz açdı, məktəbdən sonra müstəqil həyata atılan addımların düzgün ölçülməsi ilə bağlı təcrübələrini paylaşdı.
Seminarda iştirak edən şagirdlər böyük həvəslə gələcəkdə onlar kimi olmaq istəklərini dilə gətirdilər.
Xatırladaq ki, “Yay məktəbi”ndə I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil olunur və iyunun 30-dək davam edəcək.